Qanunvericilik › Toxumçuluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Toxumçuluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. altsistem – toxumçuluq obyektləri və subyektləri barədə məlumatların toplanılmasını, təhlilini, hesabatlılığını, habelə toxum əməliyyatçılarının qeydiyyatını, bu Qanunun 1.1.16-cı maddəsində nəzərdə tutulmuş Reyestrdən çıxarışın verilməsini və toxumun sertifikatlaşdırılmasını elektron qaydada təmin edən proqram təminatı və texnoloji avadanlıqların məcmusu olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin struktur hissəsi;

1.1.2. bitki materialının xətti – müəyyən xüsusiyyətlərə (məhsuldarlıq, xəstəliyə davamlılıq, ölçü və s.) görə seçilmiş və ayrılmış bitki nümunəsinin ardıcıl nəsli;

1.1.3. dövlət toxumçuluq qurumu – toxumçuluq haqqında normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən, toxumçuluq sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və həmin siyasətin, habelə toxumçuluq sahəsində əlaqələndirməni təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

1.1.4. elit toxum – seleksiyaçı və ya onun səlahiyyət verdiyi şəxsin nəzarəti altında orijinal toxumun çoxaldılmasından alınmış sertifikatlaşdırılmış toxum;

1.1.5. əsas (baza) ting – əsas (baza) əkin materiallarından əldə olunan cavan bitki;

1.1.6. hibrid – genetik cəhətdən fərqli valideyn formalarının nəzarət olunan çarpazlaşdırılması nəticəsində alınmış bitki və ya onun çoxaltma materialı;

1.1.7. “in vitro” – bərpa, çoxaldılma, toxuma kulturası üzrə tədqiqatların sınaq şüşəsində təcrübə qoyulmaqla aparılması;

1.1.8. kənd təsərrüfatı bitkiləri – qida məhsulları, sənaye üçün xammal, yem, dərman, bəzək (dekorativ), bioenerji (biokütlə), kommersiya məqsədilə becərilən (yetişdirilən), istehsal edilən bitkilər;

1.1.9. laboratoriya ekspertizası ‒ toxumun hansı bitki növünə, cinsinə və sortuna aid olduğunu müəyyən edən, həmçinin toxumun əslini, mənşəyini və sorttəmizliyini təsdiqləyən elmi-laborator müayinə üsulu;

1.1.10. laboratoriya müayinəsi – müayinələrin aparılması vasitəsilə toxumun sortluq təmizliyinin və müəyyən sorta mənsub olmasının təyin edilməsi;

1.1.11. meşə bitkiləri – meşə təsərrüfatında istifadə edilən ağac, kol və ot bitkiləri;

1.1.12. orijinal ting – orijinal əkin materiallarından əldə olunan cavan bitki;

1.1.13. orijinal toxum – bu Qanunun 1.1.16-cı maddəsində nəzərdə tutulmuş Reyestrə daxil edilmiş sortun seleksiyaçı və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən dövlət toxumçuluq qurumunun nəzarəti altında istehsal edilən sertifikatlaşdırılmış toxumu;

1.1.14. qrunt nəzarəti – bitkilərin və toxumların konkret sorta məxsusluğunun (sortun əsilliyinin) müəyyən edilməsi üçün xüsusi sahələrdə toxumun səpilməsi və sonradan bitkilərin sortluq təmizliyinin müqayisəli təyini;

1.1.15. risk – toxum əməliyyatçılarının fəaliyyəti nəticəsində fiziki və hüquqi şəxslərin qanuni mənafelərinə, dövlətin əmlak mənafelərinə zərərin vurulma ehtimalı;

1.1.16. seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatı (bundan sonra – Reyestr) – seleksiya nailiyyətləri (sortlar və hibridlər, cinslər), qeydiyyata alınmış toxum əməliyyatçıları, seleksiya nailiyyətlərindən istifadə ilə əlaqədar bağlanmış müqavilələr və toxumluq əkinlər barədə məlumatların (qeydlərin) məcmusu;

1.1.17. seleksiyaçı – seleksiya nailiyyətini yaradan, onu aşkar edib təkmilləşdirən şəxs, onunla seleksiya işinin aparılması məqsədilə xidməti və ya əmək müqaviləsi bağlayan, patent sahibi olan, yaxud patent sahibinin işini yerinə yetirməyə səlahiyyət verilmiş şəxs, o cümlədən onların hüquqi varisi;

1.1.18. sertifikatlı ting – sertifikatlı əkin materialından əldə edilən cavan bitki;

1.1.19. sertifikatlı toxum – elit toxumun ardıcıl çoxaldılmasından alınmış C1, C2 və s. kateqoriyalı sertifikatlaşdırılmış toxum, o cümlədən sertifikatlaşdırılmış birinci nəsil hibridlər;

1.1.20. sort – eyni genotip (bitkinin xromosomlarında yerləşən bütün genlərin cəmi) və fenotiplərin (bitkinin xarici əlamətlərinin cəmi) əlamətlərini səciyyələndirən, həmin botaniki taksona (bitkinin sistematik ölçü vahidi) aid digər bitki qruplarından ən azı bir əlamətlə fərqlənən oxşar bitkilər qrupu;

1.1.21. sortdəyişmə – bitki sortlarının yeni, daha məhsuldar və keyfiyyətli sortlarla əvəz olunması;

1.1.22. sortluq və səpin keyfiyyətləri – toxumun sorta məxsus genetik təmizliyi və səpinə yararlılığının kompleks göstəriciləri;

1.1.23. sorttəmizliyi – kənd təsərrüfatı bitkilərinin əsas sortunun gövdələrinin sayının ümumi gövdələrinin sayına nisbəti;

1.1.24. sorttəzələmə – sorttəmizliyi və bioloji keyfiyyəti pisləşmiş toxumların həmin sortun yüksək reproduksiyalı və keyfiyyətli toxumları ilə əvəz edilməsi;

1.1.25. sortun rayonlaşdırılması – sortun müxtəlif torpaq-iqlim şəraitlərində yetişdirilərək onun bioloji davamlılığına və təsərrüfat faydalılıq xüsusiyyətlərinə uyğun coğrafi ərazilərin müəyyənləşdirilməsi prosesi;

1.1.26. standart ting – standart əkin materialından əldə edilən cavan bitki;

1.1.27. tarla müfəttişi – tarla nəzarətini həyata keçirmək hüququ olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mütəxəssisi;

1.1.28. tarla nəzarəti – toxumluq əkin sahələrində növbəli əkin sisteminə əməl olunmasının, əkinlərin sorttəmizliyinin, bitkilərin sort tipikliyinin, xəstəliyə yoluxmasının, ziyanvericilər tərəfindən zədələnməsinin və alaqlanma dərəcəsinin sahədə yoxlanılması, habelə məhsuldarlığın proqnozlaşdırılması və təyini;

1.1.29. ting – bağların, meşələrin, yaşıllıqların salınması və dekorativ məqsədlər üçün istifadə edilən öz kökü üstə bitən, o cümlədən calaq edilmiş cavan bitki;

1.1.30. toxum – bitki sortlarının təkrar istehsalı məqsədilə istifadə edilən bitkilərin generativ və vegetativ orqanları (toxum, spor, çilik, ting, soğanaq, kök yumruları, mitselli və s. daxil olmaqla);

1.1.31. toxum əməliyyatçısı − Reyestrə daxil edilən sortun toxum istehsalı, emalı, tədarükü, saxlanması, ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı ilə məşğul olan və Reyestrdə qeydiyyata alınmış fiziki və ya hüquqi şəxs;

1.1.32. toxumun keyfiyyətinə nəzarət – tarla nəzarəti, qrunt nəzarəti, laboratoriya müayinəsi və ekspertizası ilə toxumun sortluq və səpin keyfiyyətlərini müəyyən etmək, onun toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə cavab verməsini təmin etmək məqsədilə həyata keçirilən fəaliyyət;

1.1.33. toxum müfəttişi – toxumçuluq sahəsində dövlət nəzarətini bilavasitə həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı;

1.1.34. toxum partiyası – mənşəyinə, sortluq və səpin keyfiyyətlərinə görə eyni (homogen) olan toxum kütləsi;

1.1.35. toxumçuluğa dövlət nəzarəti – kənd təsərrüfatı və meşə bitkilərinin toxumçuluğu sahəsində fəaliyyət göstərən fiziki və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər tərəfindən normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarət;

1.1.36. toxumçuluq – kənd təsərrüfatı və meşə bitkilərinin toxumlarının çoxaldılması məqsədilə həyata keçirilən toxumların istehsalı, emalı, tədarükü, saxlanması, ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı, toxumun keyfiyyətinə nəzarətə dair elmi, aqrotexniki və təşkilati tədbirlər sistemi;

1.1.37. toxumun sertifikatlaşdırılması – Reyestrə daxil edilən sortun toxum partiyasının sortluq və səpin keyfiyyətlərinin, habelə toxumçuluq sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yoxlanılması və yazılı, o cümlədən elektron formada təsdiqi.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver