Qanunvericilik › Toxumçuluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Toxumçuluğun maliyyələşdirilməsi

Toxumçuluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Toxumçuluq dövlət büdcəsinin vəsaiti, toxumçuluq sahəsində həyata keçirilən tədbirlərə və göstərilən xidmətlərə görə hüquqi və fiziki şəxslər tərəfindən ödənilən vəsait, ianələr, qrantlar, cəlb edilən investisiyalar və qanunda nəzərdə tutulmuş digər maliyyə mənbələri hesabına maliyyələşdirilə bilər.

10.2. Toxumçuluq sahəsində aşağıdakı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir:

10.2.1. bu Qanuna, sahibkarlara münasibətdə həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toxumçuluq sahəsində yoxlama tədbirlərinin həyata keçirilməsi;

10.2.2. dövlət toxum ehtiyatı fondlarının yaradılması və saxlanılması;

10.2.3. toxumçuluq sahəsində dövlət sifarişi ilə elmi tədqiqat işlərinin aparılması, mütəxəssislərin hazırlanması və əlavə təhsili;

10.2.4. məqsədli dövlət və regional proqramların icrası çərçivəsində toxumçuluq sahəsində tədbirlərin görülməsi.

10.3. Toxumçuluq sahəsində aşağıdakı tədbirlər və xidmətlər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdirilir:

10.3.1. sertifikatlaşdırma məqsədilə toxumluq əkinlərdə tarla nəzarətinin aparılması;

10.3.2. toxumların sortluq və səpin keyfiyyətlərinin laboratoriya müayinəsi;

10.3.3. toxumların sorta uyğunluğunun (identifikasiyasının) laboratoriya ekspertizası;

10.3.4. toxumların sortluq və səpin keyfiyyətlərinin laboratoriya müayinəsi və ekspertizası məqsədilə toxum partiyalarından nümunələrin götürülməsi;

10.3.5. toxumların genetik modifikasiya olunmasının və ya müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmasının müəyyən edilməsi üçün molekulyar-bioloji ekspertizası;

10.3.6. toxum əməliyyatçılarının qeydiyyatı ilə bağlı Reyestrdən çıxarışın və onun dublikatının verilməsi;

10.3.7. toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatın verilməsi;

10.3.8. təyinatı üzrə istifadəyə yararsız, o cümlədən genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış bitki toxumlarının götürülməsi, daşınması, saxlanması, ekspertizası, zərərsizləşdirilməsi və ya məhv edilməsi.

10.4. Toxum əməliyyatçılarının qeydiyyatı ilə bağlı Reyestrdən çıxarışın və onun dublikatının, habelə toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğlərdə dövlət rüsumu tutulur.

10.5. Bu Qanunun 10.3.1-ci, 10.3.3-cü, 10.3.5-ci və 10.3.8-ci maddələrində nəzərdə tutulmuş, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş sınaq laboratoriyalarında həyata keçirildiyi halda bu Qanunun 10.3.2-ci və 10.3.4-cü maddələrində nəzərdə tutulmuş tədbirlərə və xidmətlərə görə xidmət haqlarının məbləğləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver