Qanunvericilik › Toxumçuluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Toxum əməliyyatçılarının qeydiyyata alınması

Toxumçuluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Toxum əməliyyatçılarının Reyestrdə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən altsistem vasitəsilə aparılır.

13.2. Toxum əməliyyatçılarının Reyestrdə qeydiyyata alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

13.3. Toxum istehsalı ilə məşğul olan toxum əməliyyatçısı 10 (on) ildən bir, digər toxum əməliyyatçıları isə 3 (üç) ildən bir bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qeydiyyatdan keçirlər.

13.4. Toxum əməliyyatçılarına onların bu Qanunun 13.2-ci maddəsinə uyğun olaraq qeydiyyata alınmalarına dair Reyestrdən yazılı, o cümlədən elektron çıxarış verilir.

13.5. Toxum əməliyyatçılarının Reyestrdə qeydiyyata alınmaları üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1 – 18.2.4-cü maddələrində qeyd edilən sənədlər, habelə aşağıdakı əlavə sənədlər və şərtlər tələb edilir:

13.5.1. toxum istehsalçıları tərəfindən:

13.5.1.1. toxumçuluq üzrə mütəxəssislərin təhsili haqqında dövlət sənədi;

13.5.1.2. əkin sahələri barədə məlumat və onlar üzərində mülkiyyət hüququnu və ya azı 5 (beş) il müddətinə istifadə və ya icarə hüququnu təsdiq edən sənədlər;

13.5.1.3. toxumçuluq sahəsində normativ hüquqi aktlarda müəyyən edilmiş tələblərə uyğun olan anbar və saxlanc yerləri barədə məlumat və onlar üzərində mülkiyyət hüququnu və ya azı 3 (üç) il müddətinə istifadə və ya icarə hüququnu təsdiq edən sənədlər;

13.5.1.4. toxum istehsalı üçün kənd təsərrüfatı texnikaları və toxum emalı avadanlıqları barədə məlumat və onlar üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər (dövlət qeydiyyat şəhadətnaməsi, mülkiyyət və ya digər əşya hüquqlarını təsdiq edən sənədlər);

13.5.2. orijinal və elit toxum istehsalı üzrə:

13.5.2.1. seleksiyaçının nəzarəti altında toxum istehsalının aparılması (fərdi qaydada toxumçuluqla məşğul olan seleksiyaçı istisna olmaqla);

13.5.2.2. azı bir nəfər seleksiyaçı və ali təhsilli aqronomun əmək müqaviləsi əsasında fəaliyyət göstərməsi;

13.5.3. sertifikatlı toxum istehsalı üzrə ali təhsilli azı 1 (bir) aqronomla bağlanılmış əmək müqavilə barədə məlumat;

13.5.4. toxum satıcılarının maddi-texniki bazasına dair tələblər:

13.5.4.1. toxum istehsalçıları ilə müqavilə;

13.5.4.2. toxumun satışı üçün mülkiyyətində və ya qanuni istifadəsində olan satış məntəqəsinin mövcudluğu;

13.5.4.3. toxumun saxlanılması üçün mülkiyyətində və ya qanuni istifadəsində olan müvafiq normativ hüquqi aktların tələblərinə uyğun anbarın mövcudluğu;

13.5.5. “in vitro” üsulu ilə orijinal və əsas (baza) ting istehsalçılarından bu Qanunun 13.5.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən əlavə toxumçuluq sahəsində normativ hüquqi aktlarda müəyyən edilmiş tələblərə uyğun olan laboratoriyaları barədə məlumat və onlar üzərində mülkiyyət hüququnu və ya azı 5 (beş) il müddətinə istifadə və ya icarə hüququnu təsdiq edən sənəd.

13.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 13.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilməli olan sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsinin mümkün olmadığı hallarda, onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Həmin sənədlər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32.4-cü maddəsinə uyğun olaraq yazılı, o cümlədən elektron sənəd formasında təqdim edilə bilər.

13.7. Toxum əməliyyatçıları bu Qanunun 13.3-cü maddəsində qeyd edilən müddət ərzində toxum istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı ilə bağlı fəaliyyətin bu maddə ilə müəyyən olunmuş tələblərə uyğunluğunu təmin etməlidir.

13.8. Reyestrdə qeydiyyata alınmamış toxum əməliyyatçılarının toxumçuluq sahəsində fəaliyyət göstərməsi qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver