22.1. Azərbaycan Respublikasında rayonlaşdırılmış, Reyestrdə qeydiyyata alınmış bitki sortlarının və hibridlərin sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatı olan toxumları ticarət dövriyyəsinə daxil edilir.
22.2. Toxumların ticarət dövriyyəsi mühafizə olunan sortun patent sahibi ilə bağlanmış və normativ hüquqi aktlara uyğun olaraq qeydiyyata alınmış lisenziya müqaviləsi əsasında həyata keçirilir.
22.3. Aşağıdakı toxumların ticarət dövriyyəsinə daxil edilməsinə yol verilmir:
22.3.1. rayonlaşdırılmamış sortların toxumları;
22.3.2. Reyestrdə qeydiyyata alınmamış sortların və hibridlərin toxumları;
22.3.3. sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatı (idxal və ixrac əməliyyatları zamanı idxal olunan ölkələr tərəfindən tələb edildiyi halda həmçinin fitosanitar sertifikatı) olmayan və ya sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatının müddəti qurtarmış toxumlar;
22.3.4. qablaşdırılmamış və etiketləşdirilməmiş toxumlar;
22.3.5. genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış toxumlar.
22.4. Toxum qablarının (konteynerlər, bağlamalar və s.) üzərində, etiketlərdə və ya müşayiətedici sənədlərdə bitki sortunun adı, mənşəyi və toxumun keyfiyyəti barədə yanlış məlumat göstərilməsi, həmçinin toxum partiyası barədə qeyri-dəqiq reklamın yayılması qadağandır.
22.5. Ticarət dövriyyəsinə daxil olan bitki sortlarının və hibridlərin sınağının aparılması “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.
22.6. Aid olduğu bitki sortu və ya hibridi Reyestrdə qeydiyyata alınmış (bu Qanunun 22.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatları olan, habelə bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan texniki normativ hüquqi aktların tələblərinə uyğun olan toxumlar idxal və ixrac oluna bilər.
22.7. Bu Qanunun 22.14-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, toxumun (toxum partiyasının) aşağıdakı göstəricilərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akkreditasiya olunmuş laboratoriyalarında ekspertizası keçirildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun idxal olunmasına icazə verilir:
22.7.1. toxumların sortluq və səpin keyfiyyətləri;
22.7.2. toxumların genetik modifikasiya olunmaması və ya müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmaması.
22.8. Reyestrdə qeydiyyata alınmamış bitki sortlarının toxumları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla yalnız aşağıdakı hallarda idxal oluna bilər:
22.8.1. seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirilməsi məqsədilə;
22.8.2. beynəlxalq müqavilə əsasında istehsal edilərək Azərbaycan Respublikasından kənara ixrac edilməsi məqsədilə.
22.9. Reyestrdə qeydiyyata alınmayan bitki sortlarının toxumlarının seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirilməsi, beynəlxalq müqavilə əsasında istehsal edilərək Azərbaycan Respublikasından kənara ixrac edilməsi məqsədilə idxalı üçün ərizə bu Qanunun 19.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
22.9.1. fitosanitar sertifikat;
22.9.2. sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikat;
22.9.3. bitki sortunun genetik modifikasiya olunmaması və ya müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmaması barədə sənəd;
22.9.4. sərgi məqsədilə gətirilən nümunənin geri qaytarılacağına dair zəmanət (öhdəlik) məktubu;
22.9.5. hüquqi və fiziki şəxslər, habelə ailə kəndli təsərrüfatları tərəfindən öz əkinlərində təsərrüfat sınaqlarının aparılması məqsədilə idxal edildiyi halda torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiqlənmiş surəti (elektron üsulla təqdim olunan sənədlər istisna olmaqla).
22.10. Bu Qanunun 22.9-cu maddəsində qeyd olunan sənədlər Azərbaycan dilində təqdim edilir. Digər dillərdə təqdim olunmuş sənədlər Azərbaycan dilinə tərcümə olunur və notariat qaydasında təsdiq edilir.
22.11. Sərgilərdə nümayiş etdirilməsi, hüquqi və fiziki şəxslər tərəfindən öz əkinlərində təsərrüfat sınaqlarının aparılması məqsədilə idxal olunan toxumların miqdarını (kütləsini) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
22.12. Gen mühəndisliyi əsasında alınmış toxumların (genetik dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş orqanizmlərin) Azərbaycan Respublikasına idxalına yalnız “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsində nəzərdə tutulmuş qaydada yol verilir.
22.13. Toxumların qablaşdırılmadan, etiketləşdirilmədən və fitosanitar sertifikatları olmadan idxal və ixracına yol verilmir.
22.14. Beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, toxumların idxal və ixrac edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir.
22.15. Bu maddənin tələbləri toxumların Azərbaycan Respublikasının ərazisindən açılmadan, bölünmədən, digər yüklərlə qarışdırılmadan və yenidən qablaşdırılmadan başqa ölkələrə tranzit daşınması zamanı tətbiq edilmir.
22.16. Toxumların ixrac (təkrar ixrac) əməliyyatları zamanı fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı ilə müşayiət olunması “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.