Qanunvericilik › Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14-8

Maddə 14-8. Təsdiqedici sənədin, güzəştin və birdəfəlik ödənişin tətbiqinin xüsusiyyətləri

Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Utilizasiyaya verilən hər nəqliyyat vasitəsinə görə utilizatorlar tərəfindən yalnız bir təsdiqedici sənəd verilir və güzəştin tətbiqi satın alınacaq yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin kateqoriyası üzrə məhdudlaşdırılmır.

Təsdiqedici sənəd verildiyi gündən 3 (üç) il müddətində qüvvədə olmaqla, yalnız bir dəfə istifadə üçün nəzərdə tutulur. Təsdiqedici sənəd adsızdır və başqa şəxs tərəfindən də istifadə edilə bilər.

Utilizasiyaya verilən müxtəlif nəqliyyat vasitələrinə görə verilmiş, qüvvədə olan və istifadə edilməmiş təsdiqedici sənədlər əsasında əldə edilən güzəşt məbləğlərinin cəmlənməklə istifadəsinə yol verilir.

Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilə bilməz.

Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrinin satışı təsdiqedici sənədlər əsasında güzəşt tətbiq edilməklə həyata keçirildikdə nəqliyyat vasitələrinin satıcıları 3 (üç) iş günü müddətində alqı-satqını rəsmiləşdirən sənədlərin və təsdiqedici sənədlərin surətlərini, habelə onların tətbiq edildiyi nəqliyyat vasitələri barədə məlumatları (ban, şassi, mühərrik nömrəsi) operatora göndərirlər.

Operator nəqliyyat vasitələrinin satıcıları tərəfindən bu maddənin beşinci hissəsində qeyd olunan sənədlər təqdim edildiyi gündən 30 (otuz) iş günü müddətində müvafiq güzəşt məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan nəqliyyat vasitələrinin satıcılarının hesabına köçürülməsini təmin edir. Tətbiq edilən güzəşt məbləği satın alınan nəqliyyat vasitəsinin müqavilə üzrə satış dəyərindən çox olduqda güzəşt məbləğinin artıq olan hissəsi nəqliyyat vasitələrinin satıcılarına ödənilmir.

Təsdiqedici sənədə malik şəxs öz seçimi əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin satın alınması üçün güzəştin əvəzinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən daha az həcmdə birdəfəlik ödəniş ala bilər.

Aşağıdakı nəqliyyat vasitələri üzrə birdəfəlik ödəniş məbləğləri dövlət büdcəsinə köçürülür:

- dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlət idarə, müəssisə və təşkilatlarına məxsus olan;

- bu Qanunun 14-7-ci maddəsinin birinci hissəsinin üçüncü abzasına uyğun olaraq aidiyyəti dövlət qeydiyyat orqanı tərəfindən utilizasiyaya verilən.

Operator müvafiq təsdiqedici sənəd ona təhvil verildiyi gündən 30 (otuz) iş günü müddətində birdəfəlik ödəniş məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan aidiyyəti üzrə təsdiqedici sənədi təqdim edən şəxsin hesabına və ya dövlət büdcəsinə köçürülməsini təmin edir və ödənişin həyata keçirilməsi barədə sənədi təsdiqedici sənədi təqdim edən şəxsə verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver