İstehsal prosesində hüquqi və fiziki şəxslər:
ətraf mühitin qorunması üçün, müəyyən olunan standartları, normaları və keyfiyyət üzrə tələbləri nəzərə almalı;
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhlükəli tullantılarla bağlı fəaliyyəti lisenziya və icazə əsasında həyata keçirməli;
az tullantılı texnologiyaları mənimsəməli;
istehsal prosesində əmələ gələn tullantıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada inventarlaşdırmalı və bu barədə, eləcə də tullantıların dövriyyəsi haqqında müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi] məlumat verməli;
tullantılarla bağlı istehsalat nəzarətini həyata keçirməli;
qəza hallarının qarşısının alınması üçün tədbirlər görməli, ekoloji tarazlığın pozulmasına səbəb olan qəza təhlükəsi yarandıqda və ya baş verdikdə bu barədə müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi] və əhaliyə məlumat verməlidirlər.
Zərərsizləşdirilməsi mümkün olmayan təhlükəli tullantılar əmələ gətirən fəaliyyətin həyata keçirilməsi qaydası qanunvericiliklə müəyyən olunur.