6.1. Turizm sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
6.1.1. turizm sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
6.1.2. turizmin davamlı və dayanıqlı inkişafı məqsədilə dövlət strategiyaları hazırlamaq və həyata keçirmək;
6.1.3. turizmin prioritet inkişaf sahələrini və istiqamətlərini müəyyən etmək, həmin sahələr və istiqamətlər üzrə layihələr hazırlamaq və həyata keçirmək;
6.1.4. regional turizmin inkişafı məqsədilə regionlarda turizm infrastrukturunun yaradılması və müxtəlif turizm məhsullarının formalaşdırılması üçün lazımi şərait yaratmaq;
6.1.5. turizm növlərinin inkişafı üçün zəruri tədbirlər görmək və turizm marşrutlarının yaradılmasını təmin etmək;
6.1.6. turizm fəaliyyətinin həyata keçirilməsi zamanı ölkənin təbii, mədəni və tarixi irsindən səmərəli, təyinatına uyğun istifadəni, onların qorunmasını və ətraf mühitin mühafizəsini təmin etmək;
6.1.7. turizm sahəsində standartlaşdırma və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsini təmin etmək;
6.1.8. turizm sahəsində əlverişli investisiya mühiti yaratmaq, sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını genişləndirmək və rəqabətin məhdudlaşdırılmasının qarşısını almaq;
6.1.9. turizm sənayesi subyektlərinin hüquqlarını və qanuni maraqlarını qorumaq, habelə onların fəaliyyətinə nəzarət etmək;
6.1.10. turizm xidmətlərinin keyfiyyətinin artırılması üçün tədbirlər görmək, bu məqsədlə sahibkarlar və turizm sənaye assosiasiyaları ilə əməkdaşlıq etmək;
6.1.11. turistlərin hüquqlarını və qanuni maraqlarını müdafiə, onların təhlükəsizliyini təmin etmək;
6.1.12. Turizm Reyestrinin aparılmasını təmin etmək;
6.1.13. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, turizm sahəsi üzrə təhsil proqramlarını (kurikulumları) və peşə standartlarını hazırlamaq və tətbiqini təmin etmək;
6.1.14. turizm sənayesinin kadr tələbatı nəzərə alınmaqla bu sahədə ixtisaslı kadrların hazırlanmasını təmin etmək;
6.1.15. turizm sahəsində elmi tədqiqat və araşdırmaların aparılmasını, innovasiyayönümlü layihələrin həyata keçirilməsini və turizm xidmətlərinin yeni texnologiyalar əsasında göstərilməsini dəstəkləmək, bu məqsədlə elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri və turizm sənayesinin subyektləri ilə əməkdaşlıq etmək;
6.1.16. gəlmə turizmin inkişaf etdirilməsi, bu məqsədlə Azərbaycan Respublikasının cəlbedici turizm ölkəsi kimi tanınmasını, turizm imicinin formalaşmasını və qorunmasını təmin etmək;
6.1.17. ölkənin turizm potensialının uğurlu təbliğini təmin edən effektiv marketinq strategiyası, marketinq və kommunikasiya planları hazırlamaq və icra etmək, məqsədyönlü və koordinasiyalı təbliğat-təşviqat tədbirləri həyata keçirmək;
6.1.18. turizm sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və təcrübə mübadiləsinə şərait yaratmaq;
6.1.19. ölkənin beynəlxalq turizm bazarında mövqeyini mütəmadi təhlil etmək və rəqabətliliyini artırmaq məqsədilə zəruri tədbirlər görmək.