“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının 3.2-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Turizm Reyestrinin aparılma Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 23 yanvar 2020-ci il
1.1. Bu Qayda “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının 3.2-1-ci bəndinə uyğun olaraq hazırlanmışdır və Turizm Reyestrinin (bundan sonra – Reyestr) aparılması qaydasını müəyyən edir.
1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.15. turizm nəqliyyat fəaliyyəti – turistlərin quru, hava və ya su nəqliyyatı vasitəsilə daşınması (nəqliyyat vasitələrinin turistlərə kirayəyə verilməsi daxil olmaqla) üzrə fəaliyyət;
1.2.16. sənətkar – misgərlik, qalayçılıq və saxsı məmulatlarının, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə sahəsində fəaliyyət göstərən fiziki şəxslər;
1.2.17. turizm təqvimi – ölkə ərazisində həyata keçiriləcək mədəni, işgüzar, idman və turistlərin marağını cəlb edəcək digər tədbirləri özündə birləşdirən təqvim;
1.2.18. istifadəçi – Reyestrdən informasiya əldə etmə və ya informasiyadan istifadə hüququ verilmiş, habelə Reyestr vasitəsilə göstərilən xidmətlərdən istifadə edən dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslər.
1.2-1. Bu Qaydada istifadə olunan digər anlayışlar “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.3. Reyestr turizm turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılır.
1.4. Reyestr turizm sənayesinin subyektləri barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını, həmin məlumatlar əsasında turizm sənayesinin subyektlərinin reytinq cədvəllərinin formalaşdırılmasını, istifadəçilər tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına əsasən açıq hesab edilən məlumatların əldə edilməsini, turizm sahəsində elektron xidmətlərin göstərilməsini, məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsini təmin edir.
1.5. Reyestr elektron formada aparılır.
1.6. Reyestrin saxlanılması, fəaliyyəti və inkişafı üzrə xərclər dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (bundan sonra – Agentlik) üçün nəzərdə tutulan müvafiq vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Reyestrin formalaşdırılmasına və aparılmasına dair bu Qayda ilə tənzimlənməyən digər məsələlər, o cümlədən Reyestrin Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə digər dövlət informasiya ehtiyatlarına və sistemlərinə inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na (bundan sonra – “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”) uyğun tənzimlənir.
2.1. Reyestrin infrastrukturu texniki-texnoloji və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir:
2.1.1. proqram-texniki vasitələr;
2.1.2. telekommunikasiya kanalları;
2.1.3. informasiya ehtiyatı və onun idarəetmə paneli;
2.1.4. əsas və ehtiyat mərkəzlər;
2.1.5. informasiya ehtiyatının arxiv mərkəzi;
2.1.6. axtarış modulu;
2.1.7. statistika modulu.
2.2. Proqram-texniki vasitələr Reyestrin aparılmasını, elektron xidmətlərin və informasiya mübadiləsinin həyata keçirilməsini, istifadəçilərin Reyestrdən istifadəsini, Reyestrin fəaliyyətinin etibarlılığını, təhlükəsizliyini və məlumatların mühafizəsini təmin edir.
2.3. Telekommunikasiya kanalları Reyestrin fəaliyyətinin etibarlılığı və təhlükəsizliyini, operativ və keyfiyyətli elektron xidmətlərin göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya xətlərinə malikdir.
2.4. Reyestrin idarəetmə paneli onun informasiya ehtiyatının formalaşdırılmasını, idarə olunmasını və istifadəsini təmin edir.
2.5. Reyestrin fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə onun ehtiyat mərkəzi yaradılır və proqram-texniki vasitələrin nüsxələri bu mərkəzdə saxlanılır.
2.6. Formalaşan məlumatlar Reyestrin informasiya ehtiyatında, onların ehtiyat surətləri isə informasiya ehtiyatının arxiv mərkəzində mühafizə edilir.
2.7. Axtarış modulu Reyestrdə çoxfunksiyalı axtarış sistemini təmin edir.
2.8. Statistika modulu turizm sənayesi və turizm fəaliyyəti barədə statistik məlumatların toplanmasını və istifadəçilər tərəfindən əldə edilməsini təmin edir.
3.1. Reyestrin strukturu aşağıdakılardan ibarətdir:
3.1.1. turizm ehtiyatları;
3.1.2. turizm məhsulları;
3.1.3. turizm sənayesinin subyektləri:
1. turoperatorlar və turagentlər;
2. turizm bələdçiləri;
3. yerləşmə xidmətləri göstərən subyektlər;
4. ictimai iaşə xidmətləri göstərən subyektlər;
5. əyləncə xidmətləri göstərən subyektlər;
6. işgüzar turizm fəaliyyəti göstərən subyektlər;
7. özündə bir neçə fəaliyyət sahəsini birləşdirən qarışıq tipli turizm fəaliyyəti göstərən subyektlər;
8. turizm nəqliyyat xidməti göstərən subyektlər;
9. çimərlik xidmətləri göstərən subyektlər;
10. turizm təhsili və təlimi xidmətləri göstərən şəxslər;
11. turizm sənayesi assosiasiyaları;
13. digər turizm xidmətləri göstərən subyektlər;
3.1.4. turizm təqvimləri;
3.1.5. turizm sənayesi və turizm fəaliyyəti barədə statistik məlumatlar;
3.1.6. turizm sənayesi və turizm fəaliyyəti ilə bağlı məlumatların monitorinqlərinin nəticələri:
3.2. Reyestrə bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində qeyd edilənlər barədə aşağıdakı məlumatlar daxil edilir:
3.2.1. turizm ehtiyatının növü, adı, ünvanı və ya yerləşdiyi ərazi, xarakterik xüsusiyyətləri, əlaqə vasitələri;
3.2.2. turizm məhsulunun növü, xarakterik xüsusiyyətləri və əldə edilmə üsulları.
3.3. Reyestrə bu Qaydanın 3.1.3-cü yarımbəndində qeyd edilənlər barədə aşağıdakı məlumatlar daxil edilir:
3.3.1. ümumi məlumatlar: obyektin adı, ünvanı və ya yerləşdiyi ərazi, şəkil, əlaqə vasitələri, il ərzində fəaliyyət göstərdiyi müddət, iş vaxtı, rəhbərin adı, soyadı və ata adı, hüquqi şəxsin adı və dövlət qeydiyyatına alındığı tarix, filial və nümayəndəliyi barədə məlumat, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), ödəniş üsulları, işçilərin sayı və təlim ehtiyacları, yaratdıqları turizm məhsulları barədə və turizm sənaye assosiasiyalarına üzvlük barədə;
3.3.2. ayrıca daxil edilməli olan məlumatlar:
1. yerləşmə vasitələri üzrə: yerləşmə vasitəsinin növü, otaqların sayı (hər bir təsnifat üzrə), çarpayıların sayı, mehmanxanalara (hotellərə) münasibətdə, həmçinin ulduz kateqoriyası barədə məlumat;
2. turoperator və turagentlər üzrə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülki məsuliyyət sığortası barədə məlumat, fəaliyyət növü, fəaliyyət istiqaməti, turistlərin (alıcıların) turoperator və ya turagent tərəfindən göstərilən turizm xidmətlərinə dair şikayətlərinin idarə edilməsi, turistlərlə (alıcılarla) bağlanılmış müqavilələrin ləğvi və kompensasiya siyasəti;
3. turizm bələdçiləri üzrə: ad, soyad, ata adı, doğulduğu tarix və yer, dil bilgiləri, bələdçilik etdiyi region və mövzu, təhsili, müvafiq sahə üzrə təhsilini və ya təlim (ixtisasartırma) proqramını bitirməsini təsdiq edən sənəd (olduğu halda), ilkin tibbi yardımın göstərilməsi üzrə təlimdə iştirakını təsdiq edən sənəd (olduğu halda), sahə üzrə iş stajı, əməkdaşlıq etdiyi turagentlərin adları və əlaqə vasitələri barədə;
6. çimərlik xidmətləri təqdim edən subyektlər üzrə: çimərlikdə göstərilən əlavə xidmətlər;
7. özündə bir neçə fəaliyyət sahəsini birləşdirən qarışıq tipli turizm xidmətləri göstərən subyektlər üzrə: fəaliyyət göstərdiyi sahələr və hər bir sahə üzrə bu Qayda ilə müəyyən edilmiş məlumatlar;
8. işgüzar turizm subyektləri üzrə: təşkil edilən tədbir növləri;
9. ictimai iaşə xidmətləri göstərən subyektlər üzrə: qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış, ixtisaslaşdığı kulinariya sahəsi, menyu, obyektin sahəsi və oturacaqların sayı;
10. turizm nəqliyyat fəaliyyəti ilə məşğul olan şəxslər üzrə: nəqliyyat vasitələrinin və hər bir nəqliyyat vasitəsi üzrə oturacaqların sayı, sürücülərin sayı və dil bilgisi, xidmət göstərdikləri şəhərlər (rayonlar);
11. əyləncə xidmətləri göstərən subyektlər üzrə: əyləncə xidmətlərinin növləri;
12. turizm təhsili və təlimi xidmətləri göstərən hüquqi şəxslər üzrə: ixtisaslar, proqramlar (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları ayrıca göstərilməklə) və müddəti, təlimçi sayı, illər (aylar) üzrə məzun (iştirakçı) sayı;
14. turizm sənaye assosiasiyaları üzrə: fəaliyyət növü və üzvlərin sayı, göstərdiyi xidmətlər;
15. sənətkarlar üzrə: məşğul olduğu sənətkarlıq sahəsi, müvafiq sahə üzrə təhsil və ya təlim (ixtisasartırma) proqramını bitirməsini təsdiq edən sənəd (olduğu halda), sahə üzrə iş stajı, istehsal etdiyi sənətkarlıq nümunələrinin fotoşəkilləri.
4.1. Reyestrin fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını Reyestrin operatoru olan Agentlik təmin edir.
4.2. Reyestrin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi zamanı Agentlik “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 6-cı hissəsi ilə müəyyən edilmiş funksiyaları həyata keçirir.
5.1. Bu Qaydanın 3.1.1-ci, 3.1.2-ci, 3.1.4-cü və 3.1.6-cı yarımbəndlərində qeyd edilənlər barədə məlumatlar bilavasitə Agentlik tərəfindən Reyestrə daxil edilir.
5.2. Bu Qaydanın 3.1.3-cü və 3.1.5-ci yarımbəndlərində qeyd edilənlər barədə digər dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatlar EHİS vasitəsilə real vaxt rejimində Reyestrə ötürülür.
5.3. Bu Qaydanın 5.3-1-ci və 5.3-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla Bu Qaydanın 3.1.3-cü yarımbəndində qeyd edilənlər barədə digər dövlət informasiya ehtiyatlarında və sistemlərində mövcud olmayan məlumatlar müvafiq fəaliyyət növləri ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən Vahid Giriş Sistemi (“ASAN login”) vasitəsilə identikləşdirildikdən sonra elektron kabinetləri üzərindən Reyestrə daxil edilir.
5.3-1. Turoperator və turagentlər fəaliyyətə başladıqları tarixdən 15 (on beş) gün müddətində mülki məsuliyyətin sığortası barədə məlumatları Reyestrə daxil etməlidirlər.
5.3-2. Mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatları “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası əldə edilən tarixdən 15 (on beş) gün müddətində Reyestrə daxil etməlidirlər.
5.4. “ASAN login” (https://asanlogin.my.gov.az) vasitəsilə istifadəçi “Elektron hökumət” portalında qeydiyyatdan keçməklə əldə etdiyi vahid istifadəçi adı və şifrəsi ilə qeydiyyatdan keçir və avtomatik qaydada istifadəçinin adına elektron kabinet formalaşdırılır.
6.1. Bu Qaydanın 3.1.1-ci, 3.1.2-ci, 3.1.4-cü və 3.1.6-cı yarımbəndlərində qeyd edilənlər barədə Reyestrə daxil edilmiş məlumatlarla bağlı dəyişikliklər olduqda və ya yeni məlumatlar əldə edildikdə, ilkin məlumatların yenilənməsi və yeni məlumatların daxil edilməsi bu Qaydanın 5.1-ci bəndinə uyğun olaraq 1 (bir) iş günü müddətində həyata keçirilir.
6.2. Turizm sənayesi subyektləri Reyestrdə onlar barədə olan məlumatlar dəyişdiyi halda (real vaxt rejimində yenilənən məlumatlar istisna olmaqla) 15 (on beş) gün müddətində bu məlumatların Reyestrdə yenilənməsini təmin etməlidirlər.
7.1. “ASAN login” vasitəsilə identikləşdirildikdən sonra Reyestrdə yaradılan elektron kabinetlərə daxil olmaqla, istifadəçilər (Azərbaycan Respublikasında vergi uçotuna alınmamış xarici hüquqi və fiziki şəxslər istisna olmaqla) aşağıdakı xidmətlərdən istifadə edirlər:
7.1.1. turizm sənayesinin subyektləri tərəfindən turizm tədbirlərində (sərgi, festival, konfrans, seminar və s.) iştirak etmək üçün müraciətlərin edilməsi;
7.1.3. turizm sənayesi və turizm fəaliyyəti barədə statistik məlumatların, Agentlik tərəfindən hazırlanmış analitik hesabat və araşdırma nəticələrinin əldə edilməsi.
7.2. Azərbaycan Respublikasında vergi uçotuna alınmamış xarici hüquqi və fiziki şəxslər bu Qaydanın 7.1-ci bəndi ilə müəyyən edilmiş xidmətlərdən Agentlik tərəfindən verilən kod-parol vasitəsilə istifadə edə bilərlər.
7.3. Reyestrdə müxtəlif meyarlar əsasında axtarış aparılması və açıq hesab edilən məlumatların əldə edilməsi üçün qeydiyyatdan keçmək tələb olunmur.
7.4. Agentlik Reyestrdə saxlanılan və açıq hesab edilən məlumatların EHİS-ə ötürülməsini, Reyestrin internet informasiya ehtiyatında yerləşdirilməsini və istifadəçilərə onlardan istifadə etmək imkanını təmin edir.
7.5. Reyestrdən istifadə və Reyestrdən məlumatların əldə edilməsi ödənişsizdir.
1. 3 avqust 2022-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 3 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 967)
2. 2 aprel 2024-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 4 aprel 2024-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 439)
3. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)