“Turizm haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 fevral tarixli 1601 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 15 sentyabr 2022-ci il
1.1. Bu Qayda “Turizm haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli Qanununun 20.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və turizm sahəsində layihələrin (bundan sonra – layihə) dövlət büdcəsindən ayrılan vəsait hesabına qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin (bundan sonra – müsabiqə) təşkili və keçirilməsi qaydasını müəyyən edir.
1.2. Layihələrin qrant maliyyələşdirilməsi turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması, turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmə məqsədilə “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
1.3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların Siyahısı”nda nəzərdə tutulmuş qurumlar (bundan sonra – Donor) qrant müsabiqələrinin keçirilməsi zamanı öz fəaliyyətini əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qururlar. Donorla münasibətlərində qrant alan resipiyent sayılır.
1.4. Hər bir müsabiqənin keçirilməsi müddəti (başlanması və bitməsi vaxtı), əhatə etdiyi mövzular (qeyri-hökumət təşkilatlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə razılaşdırılmaqla), müsabiqə şərtləri və layihələrin qiymətləndirilməsi qaydası müsabiqəni keçirən Donor tərəfindən təsdiq edilir.
1.5. Müsabiqənin keçirilməsi barədə elan layihələrin təqdim edilməsi üçün müəyyənləşdirilmiş son tarixdən ən azı 30 (otuz) gün əvvəl Donorun rəsmi internet saytında və sosial media platformalarında yerləşdirilir, həmçinin bu barədə media vasitəsilə ictimaiyyətə məlumat verilir. Müsabiqə elanının məzmununda bu Qaydanın 1.4-cü bəndində nəzərdə tutulan məlumatlar qeyd olunmalıdır.
1.6. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.1. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsi nəzərə alınmaqla “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən resipiyent ola bilən şəxslər (bundan sonra – müsabiqə iştirakçısı) müsabiqədə iştirak etmək hüququna malikdirlər.
2.2. Müsabiqə iştirakçısının hər müsabiqə çərçivəsində yalnız bir layihə təqdim etmək hüququ vardır.
2.3. Müsabiqə iştirakçısının təqvim ili ərzində keçirilən müsabiqələr çərçivəsində təqdim etdiyi yalnız bir layihənin Donor tərəfindən maliyyələşdirilməsinə yol verilir.
2.4. Müsabiqəyə təqdim olunmuş layihələrin icra müddəti 8 (səkkiz) aydan çox olmamalıdır.
2.5.Bir layihə üçün ayrılmış qrant məbləğinin dəyəri 100.000 (yüz min) manatdan artıq olmamalıdır.
2.6. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Donor tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.
2.7. Layihələrin qrant maliyyələşdirilməsi hər il dövlət büdcəsində Donorun mərkəzləşdirilmiş xərclərində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait həcmində həyata keçirilir.
3.1. Müsabiqə iştirakçıları (yaxud onların notariat qaydasında təsdiq edilmiş etibarnamə üzrə nümayəndələri) müsabiqənin keçirilməsi müddəti ərzində müsabiqə şərtlərində nəzərdə tutulan qaydada, forması Donor tərəfindən müəyyən edilən ərizə əsasında aşağıda qeyd edilən sənədlərlə Donora müraciət edirlər:
3.1.1. müsabiqəyə təqdim olunan layihə;
3.1.2. layihənin icrasına cəlb ediləcək şəxslərin tərcümeyi-halı və işinin təsviri;
3.1.3. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti;
3.1.4. ərizəçi hüquqi şəxs olduqda, hüquqi şəxsin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin surəti;
3.1.5. layihəyə tərəfdaş (tərəfdaşlar) cəlb edildiyi təqdirdə, tərəfdaşla (tərəfdaşlarla) birgə fəaliyyətə dair imzalanmış müqavilə.
3.2. Müsabiqəyə təqdim olunan layihə təklifi Donor tərəfindən müəyyən edilən formaya uyğun tərtib edilməlidir.
3.2-1. Bu Qaydanın 3.1.3-cü və 3.1.4-cü yarımbəndlərində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
3.3. Layihə təklifinə aşağıdakı sənədlər əlavə edilir:
3.3.1. layihənin icra planı (Donor tərəfindən müəyyən edilmiş formaya uyğun hazırlanmalıdır);
3.3.2. layihənin xərclər smetası (Donor tərəfindən müəyyən edilmiş formaya uyğun hazırlanmalıdır);
3.4. Ekspertiza mərhələsinə yalnız bu Qaydanın 3.1-ci və 3.3-cü bəndlərində nəzərə tutulan sənədlərlə birlikdə təqdim olunmuş layihələr buraxılırlar.
3.6. Donor müsabiqə barədə elanın müddəti bitənədək, layihələrin tərtibatı və tələb olunan sənədlərlə bağlı müsabiqə iştirakçılarının (yaxud onların notariat qaydasında təsdiq edilmiş etibarnamə üzrə nümayəndələrinin) suallarının cavablandırılması və müvafiq məsləhətlərin verilməsi üzrə işləri təşkil edir.
3.7. Müsabiqəyə təqdim olunmuş layihələrin məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları, habelə bu Qayda ilə ziddiyyət təşkil etməməlidir.
4.1. Müsabiqəyə təqdim edilmiş layihələrin qiymətləndirilməsi üçün Donor tərəfindən müvafiq Qiymətləndirmə Komissiyası (komissiyaları) yaradılır. Qiymətləndirmə Komissiyasının üzvləri turizm sahəsində fəaliyyət göstərən müstəqil ekspertlərdən və Donorun əməkdaşları sırasından Donor tərəfindən təyin edilir. Qiymətləndirmə Komissiyasının üzvləri haqqında məlumatlar müsabiqə iştirakçılarına açıqlanmır.
4.2. Qiymətləndirmə Komissiyası (komissiyaları) 3 (üç) nəfərdən az, 9 (doqquz) nəfərdən çox olmayan tərkibdə formalaşdırılır və ictimai əsaslarla fəaliyyət göstərir. Hər bir layihənin qiymətləndirilməsi Komissiyanın 3 (üç) üzvü (biri müstəqil ekspert, digərləri isə layihənin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlara malik Donorun əməkdaşları olmaqla) tərəfindən həyata keçirilir.
4.3. Qiymətləndirmə Komissiyasının iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş hesab olunur. Qiymətləndirmə Komissiyasının iclaslarında qərarlar açıq səsvermə yolu və iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda, Qiymətləndirmə Komissiyasının sədri həlledici səsə malikdir.
4.4. Müsabiqəyə təqdim olunan bütün layihələrin yoxlanılması iki mərhələdə həyata keçirilir:
4.4.1. layihələrin ekspertizası;
4.4.2. layihələrin qiymətləndirilməsi.
4.5. Təqdim edilmiş layihələrin müsabiqə şərtlərinə uyğunluğunun və texniki baxımdan tamlığının yoxlanılması məqsədilə Donor tərəfindən layihələrin təqdim edilməsi üçün müəyyənləşdirilmiş son tarixdən etibarən 1 (bir) ay müddətində layihələrin ekspertizası həyata keçirilir və ekspertiza zamanı aşağıdakı məsələlər həll olunur:
4.5.1. müsabiqəyə təqdim edilmiş layihələrin və əlavə olunmuş sənədlərin bu Qaydaya və müsabiqə üzrə müəyyən olunan mövzulara uyğunluğu müəyyən edilir;
4.5.2. təkrar və ya oxşar təqdim olunmuş layihələr müəyyən edilir;
4.5.3. layihəni təqdim etmiş şəxsin Donorun maliyyə dəstəyi ilə əvvəl icra etdiyi layihələrin hesabatlılıq vəziyyəti araşdırılır.
4.6. Ekspertizası aparılmış hər bir layihəyə dair arayış hazırlanır. Bu Qaydanın 4.5.1-ci yarımbəndində qeyd olunan tələblərə uyğun gəlməyən layihələr istisna olmaqla, digər layihələr qiymətləndirilməsi məqsədilə anonimləşdirilməklə (müsabiqə iştirakçısının şəxsiyyətinin müəyyənləşdirilməsinə imkan verən məlumatların layihə sənədlərindən çıxarılması yolu ilə) müvafiq Qiymətləndirmə Komissiyasına təqdim edilir.
4.7. Layihələr Qiymətləndirmə Komissiyasına təqdim edildiyi tarixdən 15 (on beş) iş günü müddətində Donor tərəfindən təsdiq edilən qiymətləndirmə qaydasına uyğun olaraq qiymətləndirilir.
4.8. Qiymətləndirməni keçən layihələr barədə Komissiyanın rəyi Donora təqdim edilir.
4.9. Ekspertizanın nəticələrinə dair arayış, Qiymətləndirmə Komissiyasının rəyi və qeyri-hökumət təşkilatlarına münasibətdə həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”nın 4-cü hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəyi əsasında Donor layihələrin maliyyələşdirilməsi barədə 15 (on beş) iş günü müddətində qərar qəbul edir və nəticələri rəsmi internet səhifəsində dərc etdirir.
4.10. Qrant verilməsi barədə qərarda resipiyent haqqında məlumatlar, qrant layihəsinin adı, layihənin məbləği, icra müddəti və müsabiqənin adı qeyd olunur. Qrant verilməsindən imtina edilməsi barədə qərarda imtinanın səbəbləri göstərilir.
4.11. Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün Donor tərəfindən biri müstəqil ekspert, digərləri Donorun əməkdaşları olmaqla, 3 (üç) nəfər üzvdən ibarət tərkibdə Apellyasiya Komissiyası yaradılır. Apellyasiya Komissiyasının iclasları üzvləri tam tərkibdə iştirak etdikdə baş tutmuş hesab olunur. Apellyasiya Komissiyasının iclaslarında qərarlar açıq səsvermə yolu və üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı Apellyasiya Komissiyası üzvlərinin bitərəf qalmasına icazə verilmir. Qiymətləndirmə Komissiyasının üzvləri və ya əvvəllər üzvü olmuş şəxslər Apellyasiya Komissiyasının üzvü ola bilməzlər.
4.12. Müsabiqə iştirakçıları nəticələr dərc edildiyi tarixdən 10 (on) iş günü müddətində müsabiqənin nəticəsindən Apellyasiya Komissiyasına şikayət verə bilərlər. Apellyasiya Komissiyası 15 (on beş) gün müddətində şikayətə baxıb qərar qəbul edir.
4.13. Donorun qrant layihəsinin maliyyələşdirilməsi və ya maliyyələşdirilməməsi barədə qəbul etdiyi qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.
5.1. Qrant verilməsi barədə qərar qəbul edilmiş layihələrlə bağlı Donorla resipiyent arasında müsabiqəyə təqdim olunmuş layihənin maliyyələşdirilməsi haqqında qrant müqaviləsi bağlanılır. Qrant müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydanın tələbləri nəzərə alınmaqla Donor tərəfindən hazırlanır, tərəflərə və qeydiyyat orqanına təqdim olunması üçün eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə imzalanır.
5.2. Müqavilədə tərəflərin öhdəlikləri, hüquq və vəzifələri, müsabiqənin adı, layihənin məqsədi, qısa məzmunu, həll olunması nəzərdə tutulan məsələlər, icra mərhələləri və müddəti, gözlənilən nəticələr və tətbiq imkanları, layihənin maliyyələşdirilməsi həcmi və qaydası, layihə üzrə ayrılan qrant vəsaitindən sub-qrantların ayrılıb-ayrılmayacağı barədə qeyd, habelə layihə üzrə ayrılan qrant vəsaiti tam xərclənmədikdə, qalıq məbləğdən istifadə qaydası, hesabatların təqdim edilməsi müddəti və layihənin icrasına dair monitorinq qaydaları öz əksini tapır.
5.3. Qrant müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.3-cü bəndinə uyğun olaraq qeydə alınır.
5.4. Müsabiqənin nəticələri elan edildikdən sonra Donor tərəfindən qrant müqaviləsinin imzalanması tarixi müəyyən edilərək, bu barədə qalib iştirakçılara yazılı məlumat göndərilir. Donorun müəyyən etdiyi müddətdə qrant müqaviləsini üzrlü səbəb olmadan imzalamamış müsabiqə iştirakçıları qrantdan imtina etmiş hesab olunurlar.
5.5. Layihənin icra müddətindən və icra planından asılı olaraq, maliyyələşdirilmə birdəfəlik və ya mərhələlər üzrə həyata keçirilir.
6.1. Donor maliyyələşdirdiyi layihələrin icrasına və verdiyi qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir.
6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulan nəzarətin həyata keçirilməsi məqsədilə Donor maliyyələşdirdiyi layihələr üzrə hesabatlar (aralıq və yekun) tələb etmək, layihənin icrası ilə bağlı monitorinqlər keçirmək, qiymətləndirmə aparmaq hüququna malikdir.
6.3. Monitorinqin səmərəli aparılması üçün resipiyent tərəfindən şərait yaradılır, layihənin icra vaxtı və keçiriləcəyi məkan haqqında Donora əvvəlcədən məlumat verilir.
6.4. Donor qrant şəklində ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyini aşkar etdiyi hallarda, maliyyələşdirməni dayandırır və ayrılmış vəsaitin qaytarılması ilə bağlı tədbirlər görür.
6.5. Resipiyentlər layihələrin icrasının yekunu ilə bağlı tələb edilən maliyyə və təsviri hesabatları müsabiqə şərtləri ilə müəyyən edilmiş forma və qaydada layihələrin icrası başa çatdıqdan sonra 20 (iyirmi) iş günündən gec olmayaraq təsdiqləyici sənədlərlə birlikdə Donora təqdim edirlər.
6.6. Donor hesabatların yoxlanılması zamanı layihənin icrası və nəticələri barədə daha ətraflı təsəvvür əldə etmək üçün resipiyentdən əlavə məlumat və (və ya) sənədlər tələb etmək hüququna malikdir.
1. 11 fevral 2023-cü il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 14 fevral 2023-cü il, “Xalq” qəzeti, 15 fevral 2023-cü il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 308)
2. 7 mart 2024-cü il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 10 mart 2024-cü il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 302)
3. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)
4. 27 yanvar 2026-cı il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 yanvar 2026-cı il, “Xalq” qəzeti, 6 fevral 2026-cı il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 97)