Qanunvericilik › Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. tütün – yarpağı emal olunduqdan sonra tütün məmulatının istehsalında əsas xammal kimi istifadə edilən birillik texniki bitki;

1.0.2. tənbəki – yarpağı çubuqla çəkilən birillik texniki bitki;

1.0.3. fermentləşdirilmiş tütün – tütün məmulatının istehsalı üçün təbii və texnoloji prosesi keçmiş tütün yarpağı;

1.0.4. tütün məmulatı – tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü, nikotin tərkibli elektron siqaretlər və s.);

1.0.4-1. qızdırılan tütün məmulatı – tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilmir;

1.0.4-2. elektron siqaret – qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.

1.0.5. nikotin – tütünün və tənbəkinin tərkibində mövcud olan alkoloidlər qrupuna aid maddə;

1.0.6. tütün qatranı – yarımaye, qazabənzər tüstü kondensatı;

1.0.7. inqrediyent – tütünə qatılan tamlı maddələr, tütün və qeyri-tütün tərkibli əlavələr, habelə tütün məmulatının istehsalında istifadə olunan qeyri-tütün komponentləri;

1.0.8. tamlı maddə – tütün məmulatına xüsusi dad və ətir verilməsi üçün tütünə əlavə olunan qeyri-tütün maddələri;

1.0.9. qeyri-tütün komponentləri – tütün məmulatının istehsalında istifadə edilən siqaret kağızı, mürəkkəb, yapışqan maddələr, filtrlər, habelə tütündən fərqli olan hər hansı digər hissələr;

1.0.10. dövriyyə – sənaye emalını keçmiş tütünün, habelə tütün məmulatının satın alınması (o cümlədən idxalı), göndərilməsi (o cümlədən ixracı), saxlanması, topdan və pərakəndə satışı.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver