19.1. Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin məqsədi hüquqi və fiziki şəxslər tərəfindən bu məhsulların istehsalını, tədarükünü, emalını, qablaşdırılmasını, saxlanmasını, daşınmasını, markalanmasını, satışını, idxalını və ixracını, habelə keyfiyyət göstəricilərini nizamlayan normativ sənədlərin tələblərinə və gigiyenik normativlərə əməl olunmasını təmin etməkdir.
19.1-1. Sahibkarlara münasibətdə tütün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
19.2. Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla müəyyən edilir.
19.3. Bələdiyyələr, istehlakçılar və qeyri-hökumət təşkilatları tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə nəzarət funksiyalarını onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində həyata keçirə bilərlər.