"Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 18 yanvar 2006-cı il
1.1. Bu Qaydalar "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanına əsasən hazırlanmışdır və universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitlərin geri qaytarılması (kompensasiya) qaydalarını müəyyən edir.
1.2. Universal telekommunikasiya xidmətlərinin (bundan sonra - UTX) təsnifatı, təşkili, keyfiyyəti, müddəti və digər tələbləri "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun 31.3-cü maddəsində müəyyən edilmiş prinsiplərə və "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – RİNN) tərəfindən müəyyən edilir.
2.1. UTX göstəricilərinin maliyyələşdirilməsi üçün mərkəzləşdirilmiş Universal Telekommunikasiya Xidmətləri Hesabı (bundan sonra - UTXH) açılır və bu hesaba toplanmış vəsaitlərdən RİNN-in qərarına əsasən "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsində nəzərdə tutulmuş xidmətlərin göstərilməsinə istifadə edilir.
2.2. Həmin hesab Dövlət Xəzinədarlığında açılır və UTX üzrə bütün əməliyyatlar bu hesab vasitəsilə həyata keçirilir.
2.3. UTXH-yə aşağıdakı mənbələrdən vəsaitlər köçürülür:
2.3.1. ümumistifadəli telekommunikasiya şəbəkəsində telekommunikasiya xidmətləri göstərən operatorlar, provayderlər tərəfindən Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən məbləğdə ayırmalar;
2.3.2. ümumistifadəli telekommunikasiya şəbəkəsində telekommunikasiya xidmətləri göstərən operatorlara, provayderlərə, həmçinin digər hüquqi və fiziki şəxslərə ayrılmış nömrə resurslarından istifadəyə görə ödənişlər;
2.3.3. ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatlarının verilməsindən daxil olan ödənişlərin müvafiq hissəsi;
2.3.4. UTXH-yə bu Qaydaların 2.3.1-ci, 2.3.2-ci və 2.3.3-cü yarımbəndlərində göstərilən ayırmalar UTX göstərən operatora, provayderə sərf olunan vəsaitin kompensasiya olunması üçün kifayət etmədiyi halda könüllü ayırmalar, qrantlar, texniki yardımlar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.
3.1. UTX operatoru, provayderi sərf olunan vəsaitin həcmini müəyyən etmək və əsaslandırmaq məqsədilə göstərdiyi UTX növləri üzrə gəlir və xərclərin ayrı-ayrılıqda uçotunu (bundan sonra - uçot) aparmalıdır.
3.2. UTX göstərən operator, provayder müsabiqə nəticəsində müəyyən edildikdə, sərf olunan vəsaitin geri qaytarılması (kompensasiyası) müqavilədə göstərilən məbləğdən yüksək olmamalıdır. Müqavilənin maliyyə şərtləri üzrə hər hansı dəyişiklik etmək zərurəti yaranarsa, bu, tərəflərin qarşılıqlı razılığına əsasən həyata keçirilir.
3.3. UTX göstərilməsi öhdəliyi operatorun, provayderin üzərinə qoyulduğu halda müqavilədə sərf olunan vəsaitin məbləği göstərilmir. Bunun üçün operator, provayder müqavilə bağlandıqdan sonra 6 ay müddətində sərf olunan vəsaitin məbləği barədə ilkin hesabatı RİNN-ə təqdim etməlidir.
3.4. İlkin hesabat araşdırılaraq RİNN tərəfindən qərar verildikdən sonra operatora, provayderə sərf olunan vəsaitin 60,0%-dən çox olmamaqla UTXH-dən avans olaraq vəsait ayrıla bilər.
3.5. Operator, provayder UTX göstərilməsini fasilələrlə həyata keçirirsə, bu halda kompensasiya yalnız xidmət göstərilən müddət üçün geri qaytarılır.
4.1. UTX operatoru, provayderi hər təqvim ilinin nəticələrinə uyğun olaraq sərf olunan vəsaitin geri qaytarılması üçün hesabat ilindən sonrakı ilin aprel ayının 1-dən gec olmayaraq təsdiq olunmuş formaya uyğun rəsmi sorğu ilə RİNN-ə müraciət edir. Müraciətə aşağıdakı sənədlər əlavə olunur:
4.1.1. xidmət növləri üzrə gəlir və xərclərin ayrı-ayrılıqda uçotuna əsasən hazırlanmış sərf olunan vəsaitin hesabatı;
4.1.2. illik maliyyə hesabatlarının surəti.
4.2. RİNN UTX operatoru, provayderi tərəfindən təqdim olunmuş sənədləri yoxlayır və sərf olunan vəsaitin geri qaytarılması ilə əlaqədar sorğuların uçotunu aparır. Bu Qaydaların 4.1-ci bəndində göstərilən sənədlər operator, provayder tərəfindən tam təqdim edilmədiyi halda, həmçinin sərf olunan vəsaitin müəyyənləşdirilməsi üçün hesabatın düzgün aparılmasını təsdiqləyən sənədlər tam təqdim edilmədiyi halda RİNN operatordan, provayderdən həmin sənədləri tələb edir. Operator, provayder sorğunu aldıqdan sonra 10 gün müddətində tələb olunan sənədləri RİNN-nə təqdim etməlidir.
4.3. Operatora, provayderə sərf olunan vəsaitin hesabatına dair sənədlər tam halda RİNN-ə təqdim edildikdən sonra 30 gün ərzində RİNN hesabatın dəqiq aparılmasını yoxlayır və aşağıdakı qərarlardan birini qəbul edərək bu barədə operatora, provayderə yazılı şəkildə məlumat verir:
sərf olunan vəsaitin tam şəkildə kompensasiya edilməsi;
sərf olunan vəsaitin qismən kompensasiya edilməsi;
sərf olunan vəsaitin kompensasiya edilməsindən imtina;
4.3.1. operatora, provayderə sərf olunan vəsaitin qismən kompensasiya edilməsi barədə qərar aşağıdakı hallarda qəbul edilir:
operatorun, provayderin UTXH-yə borcu yarandıqda, həmin borc miqdarında;
sərf olunan vəsaitin hesabatı düzgün aparılmadığı halda;
4.3.2. operatora, provayderə sərf olunan vəsaitin kompensasiya edilməsindən imtina barədə qərar aşağıdakı hallarda qəbul edilir:
operator, provayder tərəfindən təqdim edilmiş sənədlər bu Qaydalarda göstərilən tələblərə uyğun olmadıqda;
operator, provayder tərəfindən təqdim edilmiş hesabatdakı məlumatlar qeyri-dəqiq və təhrif edilmiş olduqda;
operatorun, provayderin UTXH-yə təqdim olunmuş hesabatda göstərilən məbləğdən çox borcu olduqda;
4.3.3. operatora, provayderə sərf olunan vəsaitin qismən kompensasiya edilməsi və yaxud sərf olunan vəsaitin kompensasiya edilməsindən imtina barədə qərarlar bu Qaydaların tələblərinə uyğun olaraq konkret faktlar göstərilməklə əsaslandırılmalıdır.
4.4. Operatora, provayderə sərf olunan vəsaitin tam və yaxud qismən kompensasiya edilməsi barədə qərar qəbul edildikdən sonra 20 gün ərzində RİNN UTXH-dən həmin vəsaitin ödənilməsi barədə qərar qəbul edir.
4.5. Operator, provayder ona sərf olunan vəsaitin qismən kompensasiya edilməsi və yaxud kompensasiya edilməsindən imtina barədə qərarla razılaşmadığı halda, həmin qərarı aldıqdan sonra 30 gün müddətində RİNN-ə yazılı surətdə etirazını bildirə bilər. Bu halda sənədlərin təkrar yoxlanılması təşkil edilir. Araşdırmanın nəticəsinə əsasən operatora, provayderə sərf olunan vəsaitin kompensasiya edilməsindən əsassız olaraq imtina və ya qismən kompensasiya edilməsi təsdiq olunarsa, RİNN həmin vəsaitlərin 20 gün müddətində kompensasiyası barədə qərar qəbul edir.
4.6. Müsabiqənin şərtlərində operatora, provayderə kompensasiyanın yalnız ildə bir dəfə geri qaytarılması nəzərdə tutula bilər. Bu halda bu Qaydaların 4.1-ci bəndində göstərilən bütün sənədlər operator, provayder tərəfindən RİNN-ə yalnız hər ilin yekun nəticələrinə görə təqdim edilir.
5.1. UTX göstərən operator, provayder hər il oktyabr ayının 15-dən gec olmayaraq, növbəti il üçün UTX göstərilməsi ilə əlaqədar gəlirlər və xərclər barədə proqnozları RİNN-nə təqdim edir.
5.2. UTX operatoru, provayderi təqdim etdiyi hesabatların düzgünlüyünə mövcud qanunvericiliyin tələblərinə görə məsuliyyət daşıyır.
5.3. UTX operatorunun, provayderinin RİNN-ə göndərdiyi müraciətlər, hesabat sənədləri və yoxlamanın nəticələrinə dair bütün sənədlər həmin operator və provayderlə bağlanan müqavilənin müddəti başa çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə saxlanılır.
5.4. UTX göstərilməsi nəticəsində operatora, provayderə sərf olunan vəsaitin kompensasiya edilməsi ilə əlaqədar yaranan mübahisələr mövcud qanunvericiliyin tələblərinə uyğun həll edilir.
1. 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)
2. 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)
3. 21 yanvar 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 157)
4. 4 aprel 2022-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 aprel 2022-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 391)