Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində:
2.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.3. “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 7.5-ci bəndində nəzərdə tutulmuş “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nı təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2012-ci il
1.1. Bu Qayda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.7-ci maddəsinə uyğun olaraq, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin (bundan sonra – dövlət nəzarəti) təşkilini və həyata keçirilməsini tənzimləyir.
1.2. Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınmasıdır.
1.3. Dövlət nəzarətini, Azərbaycan Respublikasının qanunları əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Audiovizual Şurası, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, qəyyumluq və himayəçilik orqanları və qanunla müəyyən edilmiş hallarda prokuror həyata keçirirlər.
1.3-1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.
1.4. Bu Qaydada sadalanmış vəzifələr dövlət orqanlarının (qurumlarının) Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında uşaq hüquqları sahəsində nəzərdə tutulmuş vəzifələrinin inkar edilməsi kimi təfsir oluna bilməz.
2.1. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:
2.1.1. uşaqların hüquqlarını və mənafelərini müdafiə edir;
2.1-1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
2.1-1.1. fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin edir və onların pozulmasının qarşısını alır;
2.1-1.2. yetkinlik yaşına çatmayan məhkumların tərbiyə müəssisələrində cəza çəkmələrini təmin edir;
2.1-1.3. uşaq hüquqları ilə bağlı məhkəmə qərarlarının icrasını təmin edir;
2.1-1.4. uşaqlar barəsində probasiya nəzarətini həyata keçirir.
2.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:
2.2.1. uşaqların hüquqlarını və mənafelərini müdafiə edir;
2.2.2. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində profilaktik iş aparılmasını təmin edir;
2.2.3. yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində qanunazidd başqa əməllər törətmiş şəxslərin, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynlərin və digər qanuni nümayəndələrin, vəzifəli şəxslərin aşkar edilməsini, onlar barəsində Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin edir;
2.2.4. inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb etmək üçün müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilən yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların ictimai təhlükəli əməllər törətməsi barədə, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində müraciətlərə baxılmasını təmin edir;
2.2.5. yetkinlik yaşına çatmayanların baxımsızlığına, qanunazidd əməllər törətməsinə imkan yaradan səbəblər və hallar barəsində müvafiq dövlət orqanlarına və digər qurumlara məlumat verilməsini təmin edir;
2.2.6. hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanlar barəsində, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, onların tərbiyəsinə mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş təsir tədbirlərinin tətbiq edilməsi haqqında müvafiq dövlət orqanlarına təkliflər verilməsini təmin edir;
2.2.7. yetkinlik yaşına çatmayanların müvəqqəti saxlanılma yerlərində xidmətin təşkilinə nəzarət edir.
2.3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:
2.3.1. təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirir;
2.3.2. təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən edir;
2.3.3. təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirir;
2.3.4. məktəbyaşlı uşaqların icbari ümumi orta təhsilə cəlbini təmin edir, icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət edir, heç bir üzrlü səbəb olmadan dərslərdə iştirak etməyən və ya mütəmadi olaraq təhsildən yayınan yetkinlik yaşına çatmayanların təhsil müəssisələrində uçotunu aparır, onların tərbiyəsi və icbari ümumi orta təhsil alması üçün zəruri tədbirlər görülməsini təmin edir;
2.3.5. valideyn himayəsindən məhrum olan uşaqların müəyyənləşdirilməsini və onların təhsilə cəlb edilməsini təşkil edir;
2.3.6. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq vahid uçota alınmış valideyn himayəsindən məhrum olan 3 yaşından yuxarı uşaqların yerləşdirilməsinə yardım edir;
2.3.7. uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər vermək məqsədi ilə psixoloji-tibbi-pedaqoji komissiyalar yaradır;
2.3.8. aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə ciddi tərbiyə şəraitinə ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqların, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsilini təşkil edir;
2.3.9. istedadlı uşaqların təhsilini davam etdirməsi üçün zəruri tədbirlər görür;
2.3.10. uşaqların istirahətinin, asudə vaxtının və məşğulluğunun təşkilində iştirak edir;
2.3.11. təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin və idman məşğələlərinin yüksək səviyyədə keçirilməsini təmin edir, təhsil alanların üzməyi öyrənməsi, müvafiq idman normativlərini yerinə yetirə bilməsi üçün şərait yaradır;
2.3.12. təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi üçün tədbirlər görür;
2.3.13. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinin mоnitоrinqini aparır.
2.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:
2.4.1. yetkinlik yaşına çatmayanlara tibbi yardım göstərilməsini təmin edir;
2.4.3. yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri arasında sanitariya-gigiyena biliklərinin yayılmasını, habelə sağlam həyat tərzinin təbliğini təşkil edir;
2.4.4. valideyn himayəsindən məhrum olmuş, yaxud valideynlərinin həyat şəraiti çətin olan 4 yaşınadək uşaqların saxlanılmasını və onların tərbiyəsini həyata keçirir;
2.4.5. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq vahid uçota alınmış valideyn himayəsindən məhrum olan 3 yaşınadək uşaqların yerləşdirilməsinə yardım edir;
2.4.6. tabeliyindən asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığına nəzarət edir;
2.4.7. tibbi fəaliyyətlə məşğul olan müəssisə və təşkilatların uşaqlara göstərdiyi tibbi xidmətin keyfiyyətinə, həmin sahədə tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarəti təmin edir;
2.4.8. alkoqollu içkilər, yaxud tibbi göstəriş əsasında həkimin təyinatı olmadan narkotik vasitələr və psixotrop maddələr qəbul edən yetkinlik yaşına çatmayanları aşkar edir, onların uçotunu, müayinəsini, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların müalicəsini aparır, yetkinlik yaşına çatmayanlar arasında alkoqolizmin, narkomanlığın, toksikomanlığın və bunlarla bağlı davranışda yaranan pozuntuların profilaktikası üzrə tədbirlər həyata keçirir;
2.4.9. cinsi yolla yayılan xəstəliklərin mənbəyinin aşkar edilməsini, belə xəstəliklərə düçar olmuş, habelə əxlaqsızlıqla məşğul olan yetkinlik yaşına çatmayanların müayinəsini və müalicəsini, həmin şəxslər haqqında daxili işlər orqanlarına məlumat verməklə, həyata keçirir;
2.5. Bu Qaydanın 2.8-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
2.5.1. əlilliyi olan uşaqların reabilitasiyasını və sosial müdafiəsini təşkil edir, onları protez-ortopediya məmulatları, əlilliyi olan şəxslər üçün arabalar və digər reabilitasiya vasitələri ilə təmin edir;
2.5.2. əlilliyi olan uşaqların reyestrini elektron formada aparır;
2.5.3. əlilliyi olan uşaqların asudə vaxtlarının səmərəli təşkilini təmin edir, onları bədən tərbiyəsi və idmana cəlb edir, əlilliyi olan uşaqlar üçün ixtisaslaşdırılmış idman-sağlamlıq mərkəzlərinin yaradılması və sağlamlıq imkanları məhdud istedadlı uşaqların aşkar edilməsi məqsədi ilə müvafiq tədbirlər görür;
2.5.4. əlilliyi olan uşaqlara təhsili ilə bağlı texniki yardım göstərilməsini təmin edir;
2.5.5. əlilliyi olan uşaqların sanatoriya-kurort müalicəsi üzrə kompleks tədbirləri müvafiq qurumlarla birlikdə həyata keçirir;
2.5.6. əlilliyi olan uşaqların reabilitasiyasının gücləndirilməsi məqsədi ilə əlilliyi olan şəxslər üçün bərpa mərkəzləri şəbəkəsinin işini təkmilləşdirir və yeni reabilitasiya mərkəzlərinin yaradılmasını təmin edir;
2.5.7. yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası tədbirlərini həyata keçirir, həmin şəxslərin tərbiyəsi, saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən, onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində fərdi profilaktik işi təşkil edir;
2.5.8. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, uşaqlara sosial xidmətin göstərilməsini təşkil edir;
2.5.9. yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunarkən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirir;
2.5.10. yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin, habelə yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmət göstərən digər müəssisə və xidmətlərin fəaliyyətinə nəzarət edir, eləcə də belə müəssisələr şəbəkəsinin inkişafı üçün tədbirlər görür;
2.5.11. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürmək arzusunda olan şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin), habelə himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunu elektron qaydada aparır;
2.5.12. övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin edir;
2.5.13. bu Qaydanın 2.5.12-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsi zamanı rəy verilməsini təmin edir;
2.5.14. övladlığagötürmə sahəsində vahid nəzarətin, eləcə də əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürdükləri Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsini təmin edir;
2.5.15. övladlığagötürmənin ləğvi ilə bağlı tədbirlər görür;
2.5.16. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanı müəyyənləşdirir;
2.5.17. himayədar ailə sahəsində tənzimləmənin və dövlət nəzarətinin həyata keçirilməsini təmin edir;
2.5.18. himayədar ailəyə verilmiş, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideyn himayəsindən məhrum olmuş uşaqlar üzərində qəyyumluq (himayəçilik) orqanının funksiyalarını həyata keçirir;
2.5.19. valideyn himayəsindən məhrum olmuş uşaqların valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi və həmin müəssisələri tərk etməsi ilə bağlı qərar qəbul edir;
2.5.20. valideyn himayəsindən məhrum olmuş uşaqların valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdən öz ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi ilə bağlı tədbirlər görür;
2.5.21. valideyn himayəsindən məhrum olmuş uşaqların valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində tədbirlər görülməsini, habelə həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanmasını təmin edir.
2.6. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:
2.6.1. təhsil müəssisələrində bədən tərbiyəsi və idman vasitəsilə uşaqların sağlamlığının qorunmasını və möhkəmləndirilməsini təmin edir, belə müəssisələrdə uşaq və yeniyetmələrin fiziki hazırlığı üzrə normativləri hazırlayır;
2.6.2. uşaq-gənclər idmanının təşkili və inkişafını, müvafiq dövlət orqanları ilə birlikdə bədən tərbiyəsi və idman sahəsində məktəbdənkənar təhsil müəssisələri şəbəkəsinin inkişafını təmin edir;
2.6.3. əlilliyi olan uşaqların bədən tərbiyəsi və idmanla məşğul olması, idman yarışlarında iştirak etməsi üçün əlverişli şərait yaradır, belə uşaqlar arasında ölkə və beynəlxalq idman yarışlarını, o cümlədən paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarını təşkil edir və bu yarışlarda əlilliyi olan idmançıların iştirakını təmin edir;
2.6.4. yetkinlik yaşına çatmayanların istirahətinin, asudə vaxtının və məktəbdənkənar təhsilinin təşkilində iştirak edir.
2.6-1. Azərbaycan Respublikasının Audiovizual Şurası:
2.6-1.1. televiziya və radio yayımı sahəsində uşaqların zərərli informasiyadan qorunmasına dövlət nəzarətini həyata keçirir.
2.7. Bu Qaydanın 2.8-ci bəndi nəzərə alınmaqla, habelə yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar:
2.7.1. yetkinlik yaşına çatmayanların hüquqlarının və mənafelərinin qorunması üzrə, həmin şəxslərin baxımsızlığına, kimsəsizliyinə, hüquq pozuntuları törətməsinə imkan yaradan səbəb və halların aşkar edilməsi və aradan qaldırılması üzrə tədbirlər həyata keçirir;
2.7.2. yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin fəaliyyətini əlaqələndirir;
2.7.3. təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini aparır;
2.7.4. internatlarda, uşaq evlərində, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində, tərbiyə müəssisələrində, qəbul-bölüşdürmə məntəqələrində saxlanılan yetkinlik yaşına çatmayanların şəxsiyyətini təsdiq edən sənədləri əldə etmək mümkün olmadıqda, həmin sənədlərin əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edir;
2.7.6. yerli komissiyaların yetkinlik yaşına çatmayanların açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə qərarlarını yoxlayır və həmin qərarları qanunsuz və ya əsassız hesab etdikdə ləğv edir;
2.7.7. yetkinlik yaşına çatmayanların hüquqlarını pozan və ya onları qanunazidd əməllər törətməyə təhrik və cəlb edən şəxslərin məsuliyyətə cəlb olunması üçün aidiyyəti dövlət orqanlarına müraciət edir;
2.7.8. tərbiyə müəssisələrindən, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrindən buraxılmış yetkinlik yaşına çatmayanlar üçün əmək və məişət şəraitinin yaradılmasında onlara yardım göstərir, dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanları müəyyən edir və onlara yardım göstərir, yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir;
2.7.9. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanları, valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə, çətin tərbiyə olunan yetkinlik yaşına çatmayanları, həmçinin müxtəlif hüquqpozmalara və əxlaqsız həyat tərzi keçirməyə görə daxili işlər orqanlarında profilaktiki qeydiyyatda olan, lakin islah olunması mümkün olmayan yetkinlik yaşına çatmayanları açıq tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərir;
2.7.10. ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırır;
2.7.11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə uyğun olaraq, yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri barəsində inzibati tənbeh və bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulmayan digər intizam təsir tədbirlərini tətbiq edir;
2.7.12. insan alverinin, həmçinin cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olmuş uşaqların hüquqlarının və mənafelərinin qorunması üçün tədbirlər görür;
2.7.13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideyn himayəsindən məhrum olan uşaqların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan çıxarılmasına razılıq verilməsi məsələsinə baxır;
2.7.14. “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideyn himayəsindən məhrum olan uşaqların mənzil hüququnun qorunması ilə bağlı zəruri tədbirləri həyata keçirir;
2.7.15. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, övladlığa götürmənin ləğv edilməsinə əsas olduqda, Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürülməsinin ləğvinə yardım edir;
2.7.16. yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və əmək qabiliyyətli şəxslərə məşğulluq imkanlarının yaradılması ilə əlaqədar, həmçinin yetkinlik yaşına çatmayanların pozulmuş hüquqlarının bərpası məqsədilə müvafiq dövlət orqanlarına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrə, idarələrə və təşkilatlara müraciət edir.
2.7-1. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi:
2.7-1.1. yetkinlik yaşına çatmayanlara tibbi xidmət göstərilməsini təmin edir;
2.7-1.2. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq vahid uçota alınmış valideyn himayəsindən məhrum olan 3 yaşınadək uşaqların yerləşdirilməsinə yardım edir;
2.7-1.3. tabeliyindən asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığına nəzarət edir;
2.7-1.4. tibbi fəaliyyətlə məşğul olan müəssisə və təşkilatların uşaqlara göstərdiyi tibbi xidmətin keyfiyyətinə və həmin sahədə tibbi kadrların peşə hazırlığı səviyyəsinə nəzarəti təmin edir;
2.7-1.5. cinsi yolla yayılan xəstəliklərin mənbəyinin aşkar edilməsini, belə xəstəliklərə düçar olmuş, habelə əxlaqsızlıqla məşğul olan yetkinlik yaşına çatmayanların müayinəsini və müalicəsini həmin şəxslər haqqında daxili işlər orqanlarına məlumat verməklə həyata keçirir;
2.7-1.6. tibbi-tərbiyə müəssisələri şəbəkəsinin inkişafını təmin edir.
2.7-2. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi:
2.7-2.1. uşaq qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində uşaq qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirir.
2.8. Qəyyumluq və himayəçilik orqanları qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar:
2.8.1. uşaqların hüquqlarını və mənafelərini müdafiə edir;
2.8.2. valideyn himayəsindən məhrum olan uşaqları və uşağını tərbiyə etməkdən yayınan valideynlərin uşaqlarını, səhhətinə görə qəyyumluq və ya himayəyə ehtiyacı olan yetkinlik yaşına çatmayanları aşkara çıxarır;
2.8.3. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, vahid uçota alınmış valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsinə yardım edir;
2.8.5. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, övladlığa götürmənin ləğv edilməsinə əsas olduqda, Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürülməsinin ləğvinə yardım edir;
2.8.6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, qəyyumları və himayəçiləri təyin edir və ya vəzifələrinin icrasından azad edir və ya kənarlaşdırır;
2.8.8. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideynlər arasında uşağın adına və soyadına münasibətdə yaranan fikir ayrılığının, uşağın mənafeyi nəzərə alınmaqla, həlli istiqamətində zəruri tədbirləri həyata keçirir;
2.8.9. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideynlərlə uşaqların maraqları arasında ziddiyyət yarandığı hallarda, uşaqların hüquqlarının və mənafeyinin müdafiəsi üçün nümayəndə təyin edir;
2.8.10. uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, uşağı valideynlərdən (onların birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq üçün zəruri tədbirlər görür;
2.8.11. valideyn himayəsindən məhrum olan uşaqların bir təhsil müəssisəsindən digərinə keçirilməsinə, ümumi orta təhsil alana qədər təhsilalma formasının dəyişdirilməsinə, istənilən təhsil müəssisəsindən kənar edilməsinə razılıq verir;
2.8.12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideyn himayəsindən məhrum olan uşaqların əmlak hüquqlarının qorunmasını təmin edir;
2.8.13. sosial xidmət müəssisələrində yerləşdirilən valideyn himayəsindən məhrum olan uşaqların saxlanmasına, tərbiyə və təhsilinə daim nəzarət edir, həmin müəssisələrin məzunlarının hüquqlarının qorunmasını təmin edir;
2.8.14. valideyn himayəsindən məhrum olan yetkinlik yaşına çatmayanlar barəsində fərdi profilaktik işin aparılmasında iştirak edir.
2.9. Prokurorluq orqanı:
2.9.1. Qanunla müəyyən edilmiş hallarda uşaqların hüquqlarını və qanuni mənafelərini məhkəmədə müdafiə edir, dövlət qurumlarına müraciət edir, məhkəmədə iddia qaldırır;
2.9.2. uşaqlarla bağlı cinayət işləri və inzibati xəta haqqında işlər üzrə qanunla müəyyən edilmiş hallarda və qaydada qanunların icrasına nəzarəti həyata keçirir;
2.9.3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72.2-ci və 116-1.5-ci maddələrinin birinci cümlələrinə uyğun olaraq, uşağın sağlamlığının və ya həyatının birbaşa təhlükədə olması ilə bağlı qəyyumluq və himayəçilik orqanlarının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına baxır və qanunda nəzərdə tutulmuş tədbirləri görür.
3.1. Bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) dövlət nəzarəti üzrə ümumi vəzifələri aşağıdakılardır:
3.1.1. hər bir uşağın zəruri maddi və məişət şəraitində tərbiyə olunmasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönələn dövlət siyasətini həyata keçirmək;
3.1.2. Azərbaycan Respublikası qanunlarının uşaqların hüquqlarını qorumağa dair tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
3.1.3. uşaqların mənafeyinin üstün tutulmasına nəzarət etmək;
3.1.4. uşaq hüquqlarının təmin edilməsində ayrı-seçkiliyin yolverilməzliyinə nəzarət etmək;
3.1.5. uşaqların müraciət etmək hüququnun təmin edilməsinə nəzarət etmək;
3.1.6. uşaqların normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etməsi üçün sağlam və təhlükəsiz mühit yaradılması istiqamətində tədbirlər görmək;
3.1.7. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik məlumatlar hazırlamaq;
3.1.8. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasına dair monitorinqlər aparılmasında iştirak etmək;
3.1.9. uşaq problemlərinin həlli istiqamətində təhlillər, tədqiqatlar aparmaq.
4.1. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin səmərəliliyi, nəzarətin mərkəzləşdirilməsi və nəzarətedici dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiya (bundan sonra – Komissiya):
4.1.1. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatı təhlil edir, nəticələrini qiymətləndirir;
4.1.2. uşaqların vəziyyətinə dair müzakirələr keçirir;
4.1.3. uşaq hüquqlarının təmin edilməsi sahəsində hazırlanmış dövlət proqramlarına, milli fəaliyyət planlarına, irihəcmli layihələrə dair rəy bildirir;
4.1.4. uşaq müəssisələrində monitorinqlər keçirir;
4.1.5. uşaq problemlərinin həlli yollarına dair tövsiyələr verir.
4.2. Uşaq hüquqlarının həyata keçirilməsinə ümumi dövlət nəzarəti aşağıdakı formalarda həyata keçirilir:
4.2.1. uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin qiymətləndirilməsi;
4.2.2. monitorinqlərin keçirilməsi.
5.1. Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi məqsədilə bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş dövlət orqanları (qurumları), həmçinin bu Qaydanın 5.2-ci bəndində göstərilmiş meyarlarda nəzərdə tutulan digər dövlət orqanları (qurumları) fəaliyyət istiqamətləri üzrə həmin meyarlara uyğun olaraq, cari il üçün uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik məlumatları (göstəricilər əvvəlki illə müqayisəli şəkildə olmaqla) növbəti il yanvarın 15-dək Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edirlər.
5.2. Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
5.3. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu Qaydanın 5.1-ci bəndinə uyğun olaraq təqdim edilmiş məlumatları ümumiləşdirərək, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatın hazırlanmasını təmin edir.
5.4. Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabat Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Komissiyanın sədrinə təqdim edilir. Hesabata, həmçinin Komissiyanın keçirdiyi monitorinqlər və onların nəticələri barədə məlumat daxil edilir.
5.5. Komissiyanın iclasında uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabat barədə Komissiya sədrinin məruzəsi dinlənilir.
5.6. Uşaq hüquqlarının təmin olunması vəziyyətinə dair ölkə üzrə illik hesabat Komissiyanın iclasında təhlil edilir və Komissiyanın Əsasnaməsində müəyyən edilmiş səsvermə proseduruna uyğun olaraq həmin hesabat barədə yekun rəy qəbul edilir. Yekun rəydə həmin il üzrə uşaq hüquqlarının təmin edilməsi vəziyyəti qiymətləndirilir və növbəti ildə görülməsi zəruri hesab edilən tədbirlər nəzərdə tutulur.
5.7. Komissiya uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabata baxarkən, bu Qaydanın 6.1-ci bəndində qeyd olunmuş müəssisələrdə uşaq hüquqlarının ciddi və müntəzəm pozulması halları aşkar edilərsə, həmin müəssisələrdə növbədənkənar monitorinqlərin keçirilməsinə dair qərar qəbul edilir.
5.8. Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabat və həmin hesabat barədə Komissiyanın yekun rəyi Komissiyanın sədri tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
6.1. Monitorinqlər aşağıdakı müəssisələrdə, bu Qaydaya uyğun olaraq, Komissiyanın qərarı əsasında keçirilir:
6.1.1. sosial xidmət müəssisələrində;
6.1.2. təhsil müəssisələrində;
6.1.3. açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində;
6.1.4. yetkinlik yaşına çatmayanların tərbiyə müəssisələrində;
6.1.5. tibb müəssisələrində;
6.1.6. yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzlərində;
6.1.7. digər dövlət və qeyri-dövlət uşaq müəssisələrində.
6.2. Monitorinqlər dövri və növbədənkənar keçirilir.
6.3. Dövri monitorinqlər ildə bir dəfə keçirilir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il növbəti il üzrə monitorinqlərin keçiriləcəyi müəssisə və təşkilatların siyahısını və keçirilmə rejimini baxılmaq və təsdiq olunmaq üçün Komissiyaya təqdim edir. Komissiya məsələ ilə bağlı müvafiq qərar qəbul edir.
6.4. Növbədənkənar monitorinqlər Komissiyaya bu Qaydanın 6.1-ci bəndində göstərilmiş hər hansı bir müəssisə və ya təşkilatda uşaq hüquqlarının ciddi və ya müntəzəm pozulması halları haqqında əsaslandırılmış məlumat daxil olduqda və ya bu Qaydanın 5.7-ci bəndində nəzərdə tutulmuş hallarda keçirilir. Komissiyaya bu Qaydanın 6.1-ci bəndində göstərilmiş hər hansı bir müəssisə və ya təşkilatda uşaq hüquqlarının ciddi və ya müntəzəm pozulması halları haqqında əsaslandırılmış məlumat daxil olduqda, Komissiyanın növbədənkənar iclası keçirilir və məlumatın etibarlılığı təsdiq edildikdə, növbədənkənar monitorinqin keçirilməsi haqqında qərar qəbul edilir.
6.5. Hər il yanvar ayının 15-dək Komissiya həmin il üçün monitorinqlərin keçirilməsi üzrə tərkibi 10 nəfərdən çox olmamaq şərti ilə ekspertlər qrupu təşkil edir. Monitorinqlərin keçirilməsi üzrə ekspertlər qrupunun tərkibinə Komissiyada təmsil olunan dövlət orqanlarının (qurumlarının) nümayəndələri, müstəqil ekspertlər, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil edilirlər. Monitorinqlərin keçirilməsi barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) məlumat verilir. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) nümayəndələri monitorinqlərin keçirilməsində iştirak edə bilərlər.
6.6. Növbədənkənar monitorinqin keçirilməsi tarixinə üç iş günü qalmış Komissiyanın qərarının surəti, dövri monitorinqin keçirilməsi tarixinə üç iş günü qalmış Komissiyanın bu Qaydanın 6.3-cü bəndində nəzərdə tutulmuş qərarından monitorinq keçiriləcək müəssisə və ya təşkilata dair çıxarış monitorinq keçiriləcək müəssisə və ya təşkilata və onun tabe olduğu quruma göndərilir.
6.6-1. Monitorinqlər keçirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər nəzərə alınır.
6.7. Monitorinqin nəticələri monitorinqlərin keçirilməsi üzrə ekspertlər qrupunun üzvləri və monitorinq keçirilmiş müəssisə və ya təşkilatın rəhbəri tərəfindən iki nüsxədə imzalanan aktla rəsmiləşdirilir. Aktın bir nüsxəsi müəssisə və ya təşkilatın rəhbərinə, digər nüsxəsi Komissiyaya təqdim edilir.
6.8. Keçirilmiş monitorinqlər nəticəsində uşaq hüquqlarının pozulması halları aşkar edildikdə, Komissiya:
6.8.1. aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülməsinə dair əlaqədar dövlət orqanlarına (qurumlarına) tövsiyələr verilməsi və (və ya);
6.8.2. aşkar edilmiş hallar barədə hüquq mühafizə orqanlarına məlumat təqdim edilməsi barəsində qərar qəbul edir.
7.1. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti və dövlət orqanları (qurumları) tərəfindən uşaq problemlərinin əlaqəli şəkildə çevik həllinin təşkili məqsədi ilə uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı fəaliyyət göstərir.
7.2. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) istifadəçisi olduğu xüsusi proqramla təchiz edilmiş sistemdir.
7.3. Bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş dövlət orqanları (qurumları) uşaqlara dair hər bir müraciətin və müraciət üzrə aparılan icraat prosesinin müraciətin qəbul edildiyi və icraatın başlandığı gün bu Qaydanın 7.2-ci bəndində nəzərdə tutulmuş sistemdə qeyd edilməsini təmin etməyə borcludurlar.
7.4. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilir.
7.5. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
1. 16 may 2019-cu il tarixli 695 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 847)
2. 23 dekabr 2019-cu il tarixli 893 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1936)
3. 30 iyul 2020-ci il tarixli 1115 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 iyul 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 895)
4. 14 avqust 2020-ci il tarixli 1133 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1036)
5. 12 iyun 2021-ci il tarixli 1351 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 566)
6. 13 iyun 2022-ci il tarixli 1715 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyun 2022-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 599)
7. 18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922)
8. 03 mart 2023-cü il tarixli 2056 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 351)
9. 12 iyul 2023-cü il tarixli 2210 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 13 iyul 2023-cü il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 935)
10. 18 iyul 2023-cü il tarixli 2228 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 iyul 2023-cü il, “Xalq” qəzeti, 19 iyul 2023-cü il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 953)
11. 19 yanvar 2024-cü il tarixli 2445 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 yanvar 2024-cü il, “Xalq” qəzeti, 20 yanvar 2024-cü il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 21)
12. 29 aprel 2024-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 aprel 2024-cü il, “Xalq” qəzeti, 30 aprel 2024-cü il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 393)
13. 13 iyun 2024-cü il tarixli 101 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 iyun 2024-cü il, “Xalq” qəzeti, 14 iyun 2024-cü il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 667)
14. 24 dekabr 2024-cü il tarixli 264 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 26 dekabr 2024-cü il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1370)
15. 25 aprel 2025-ci il tarixli 378 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 aprel 2025-ci il, “Azərbaycan” qəzeti, 27 aprel 2025-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 345)
16. 28 noyabr 2025-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 noyabr 2025-ci il, “Azərbaycan” qəzeti, 29 noyabr 2025-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1036)
17. 9 yanvar 2026-cı il tarixli 575 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 yanvar 2026-cı il, “Azərbaycan” qəzeti, 10 yanvar 2026-cı il, № 5, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 24)
18. 15 aprel 2026-cı il tarixli 644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2026-cı il, “Azərbaycan” qəzeti, 16 aprel 2026-cı il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 4, maddə 308)
19. 15 iyul 2026-cı il tarixli 721 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 iyul 2026-cı il, “Xalq” qəzeti, 16 iyul 2026-cı il, № 124)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI