1.0. Bu qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:
1.0.1. uyğunluğun qiymətləndirilməsi – malın (xidmətin, işin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodunun və fiziki şəxslərin texniki reqlamentdə və digər normativ hüquqi aktda, müvafiq standartlaşdırma sahəsində normativ sənəddə müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsi;
1.0.2. uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya (bundan sonra - akkreditasiya) – qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsi;
1.0.3. uyğunluğu qiymətləndirən qurum – malın (xidmətin, işin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodunun və fiziki şəxslərin texniki reqlamentdə və digər normativ hüquqi aktda, müvafiq standartlaşdırma sahəsində normativ sənəddə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslər;
1.0.4. akkreditasiya tələbləri – akkreditasiyanın yerinə yetirilməsi üçün texniki normativ-hüquqi aktlarda müəyyən olunmuş tələblər;
1.0.5. akkreditasiya orqanı – akkreditasiyanı həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum;
1.0.6. akkreditasiya attestatı – uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənəd;
1.0.7. akkreditasiya nişanı – uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunduğunu bəyan etmək məqsədi ilə istifadə etdiyi nişan;
1.0.8. sınaq – malın (xidmətin, işin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodunun və fiziki şəxslərin texniki reqlamentdə və digər normativ hüquqi aktda, müvafiq standartlaşdırma sahəsində normativ sənəddə müəyyən olunmuş göstəricilərə uyğunluğunun təyin edilməsi üzrə texniki əməliyyat;
1.0.9. sertifikatlaşdırma – uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodunun və fiziki şəxslərin texniki reqlamentdə və digər normativ hüquqi aktda, müvafiq standartlaşdırma sahəsində normativ sənəddə müəyyən olunmuş tələblərə uyğunluğunun elektron formada təsdiqi;
1.0.10. inspeksiya orqanı – malın (xidmətin, işin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodunun və fiziki şəxslərin texniki reqlamentdə və digər normativ hüquqi aktda, müvafiq standartlaşdırma sahəsində normativ sənəddə müəyyən olunmuş tələblərə uyğunluğunu rəy verməklə müəyyən edən qurum;
1.0.11. idarəetmə sistemi – konkret məqsədə çatmaq üçün istifadə olunan prosedur və proseslərin məcmusu. Bu qanuna görə, idarəetmə sistemi keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və sağlamlığın, qida və informasiya təhlükəsizliyinin və sosial məsuliyyətin idarəetmə sistemlərini əhatə edir;
1.0.12. standart nümunə istehsalçısı – istehsal və ya təchiz etdiyi standart nümunələrin xassələrinin təyin edilməsinə görə cavabdeh olan subyekt;
1.0.13. uyğunluğu qiymətləndirən qurumların reyestri – akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlara dair məlumat toplusu;
1.0.14. mal – müəyyən kəmiyyət, keyfiyyət və istehlak xüsusiyyətlərinə malik, müxtəlif məqsədlər üçün istifadəsi nəzərdə tutulan, istehsal və ya emal fəaliyyətinin maddi formada təqdim edilən nəticəsi;
1.0.15. xidmət, iş – mal hesab olunmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət;
1.0.16. mal ilə əlaqəli proses – malların istehsalı, qablaşdırılması, etiketləşdirilməsi, daşınması, saxlanılması, istismarı, satışı, məhv edilməsi və utilizasiyası ilə bağlı olan proseslər;
1.0.17. xidmətlə, işlə əlaqəli proses – mal ilə əlaqəli proses sayılmayan, xidmətin göstərilməsi və işin görülməsi ilə bağlı olan proses;
1.0.18. istehsal metodu – malın yaradılması ilə bağlı emal və ya istehsal fəaliyyəti zamanı tətbiq edilən üsul və texniki həllər;
1.0.19. kalibrləmə – ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətlərinin təyin edilməsi məqsədilə yerinə yetirilən əməliyyatların məcmusu;
1.0.20. səriştəlilik sınağı – nəticələrini təqdim edən şəxslərin fəaliyyətinin laboratoriyalararası müqayisələr vasitəsilə qiymətləndirilməsi prosesi;
1.0.21. validasiya – obyektiv sübutların təqdim edilməsi yolu ilə bəyan edilmiş məlumatın təsdiqi;
1.0.22. verifikasiya – qiymətləndirmə obyektlərinin texniki normativ hüquqi aktlarda müəyyən edilmiş tələbləri yerinə yetirdiyinə dair təqdim olunmuş sübutlara əsasən təsdiqlənməsi.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.