Qanunvericilik › Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Akkreditasiyanın aparılması

Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Akkreditasiya, bu qanunun tələbləri nəzərə alınmaqla, akkreditasiya qaydaları əsasında aparılır.

5.2. Akkreditasiya aşağıdakı mərhələləri əhatə edir:

5.2.1. uyğunluğu qiymətləndirən qurumun müraciəti;

5.2.2. uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi;

5.2.3. akkreditasiya orqanı tərəfindən yekun qərarın qəbul edilməsi.

5.3. Uyğunluğu qiymətləndirən qurum akkreditasiyanın aparılması üçün akkreditasiya orqanına kağız üzərində yazılı və ya elektron formada müraciət edir. Müraciətə bu qanunun 5.4-cü maddəsinə uyğun akkreditasiya qaydalarında nəzərdə tutulmuş sənədlər əlavə edilir.

5.4. Bu qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və akkreditasiya orqanının internet informasiya ehtiyatlarında yerləşdirilir.

5.5. Akkreditasiya barədə müraciət akkreditasiya orqanına təqdim edildiyi gün qeydiyyata alınır.

5.6. Akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiya barədə müraciətini 10 iş günündən çox olmayan müddətdə araşdırır. Bu qanunun 5.3-cü maddəsinə uyğun olaraq, akkreditasiya qaydalarında nəzərdə tutulmuş sənədlər və ya məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunmadıqda, akkreditasiya orqanı həmin sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edir.

5.7. Bu qanunun 5.6-cı maddəsində nəzərdə tutulmuş halda əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün təyin edilən müddət 20 iş günündən çox olmamalıdır.

5.8. Əlavə sənədlərin və məlumatların təqdim olunması üçün müddət təyin edilən gündən müraciətə baxılma müddətinin axımı dayandırılır. Əlavə sənədlər və ya məlumatlar akkreditasiya orqanına təqdim edilən andan müddətin axımı bərpa olunur.

5.9. Qiymətləndirmə mərhələsində, ilk növbədə, akkreditasiya üçün təqdim edilmiş sənədlər əsasında, bu qanunun 5.4-cü maddəsində nəzərdə tutulmuş akkreditasiya qaydalarına əsasən akkreditasiya tələblərinə uyğunluq qiymətləndirilir. Qiymətləndirmənin növbəti mərhələsində sahəyə xas texniki meyarlara uyğunluğun qiymətləndirilməsi aparılır.

5.10. Çatışmazlıqlar və onların aradan qaldırılmasına dair düzəliş tədbirləri daxil olmaqla, qiymətləndirmənin nəticəsinə dair hesabat tərtib edildiyi gündən 5 iş günü müddətində ərizəçiyə təqdim edilir. Qiymətləndirmə hesabatında düzəliş tədbirləri üçün müddət aşkarlanan çatışmazlığın mahiyyətindən asılı olaraq təyin edilir.

5.11. Bu qanunun 5.10-cu maddəsinə uyğun olaraq düzəliş tədbirləri üçün müddət təyin edilən gündən müraciətə baxılma müddətinin axımı dayandırılır. Düzəliş tədbirləri təmin olunan andan müddətin axımı bərpa edilir.

5.12. Bu qanunun 5.8-ci və 5.11-ci maddələrində nəzərdə tutulmuş hallarda, akkreditasiya orqanı müddətin axımının dayandırılması və bərpası barədə qərar qəbul edir.

5.13. Düzəliş tədbirlərinin təmin edilməməsi uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından imtina barədə qərarın qəbulu üçün əsasdır.

5.14. Bu qanunda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir.

5.15. Akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla, akkreditasiyanın ümumi müddəti, bu qanunun 5.7-ci və 5.10-cu maddələrinə uyğun olaraq təyin edilən müddət nəzərə alınmadan, 60 iş günündən çox ola bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver