AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli, 672 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
I. “Üzərinə həbs qoyulmuş əmlakın saxlanması Qaydası və şərtləri” təsdiq edilsin (əlavə olunur).
II. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 6 sentyabr 2002-ci il
Bu Qayda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.7-ci maddəsinin birinci abzasına, 50.10-cu və 52.3-cü maddələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası və xarici dövlətlərin məhkəmələrinin mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası zamanı borclunun üzərinə həbs qoyulmuş əmlakının saxlanması qaydasını və şərtlərini müəyyən edir.
1. Üzərinə həbs qoyulmuş əmlak saxlanması üçün borclunun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra – saxlayıcı) təhvil verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı icra məmurunun razılığı ilə həmin əmlakdan istifadə edə bilər. Borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya onun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən məhdudiyyətlər qoyula bilər. Saxlayıcının bu əmlakı üçüncü şəxslərə verə bilmək imkanı icra məmuru tərəfindən mәhdudlaşdırılır. Belə məhdudiyyətlərə əməl olunmaması qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
2. Konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Üzərinə həbs qoyulmuş tez xarab olan, həmçinin xüsusi saxlanma şərtləri olan əşyalar, keyfiyyəti müvafiq orqanlar tərəfindən yoxlanılaraq dərhal götürülür və satılmağa verilir.
3. Üzərinə həbs qoyulmuş əmlak siyahıya alınarkən borcluya məxsus qeydiyyata alınmalı olan bütün daşınmaz və daşınar əmlakın mülkiyyət, o cümlədən torpaqdan istifadə və ya icarə hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər icra məmuru tərəfindən götürülür.
4. Üzərinə həbs qoyulmuş əmlak siyahıya alınarkən borcluda aşkar edilmiş pul vəsaitləri (manatla və xarici valyutada) məcburi qaydada götürülür və tələbkarın tələbi təmin edilənə qədər saxlanılması üçün müvafiq olaraq icra xidmətinin və ya xüsusi icra məmurunun depozit hesabına keçirilir.
5. Borcluda aşkar edilmiş xarici valyutada olan pul vəsaitləri götürülür və bir gün müddətində satılmaq üçün Azərbaycan Respublikasında xarici valyuta satmaq hüququ olan kredit təşkilatına verilir. Xarici valyutanın satışından əldə olunmuş vəsait müvafiq olaraq icra xidmətinin və ya xüsusi icra məmurunun depozit hesabına keçirilir.
6. Qiymətli kağızlar, lotereya biletləri və aksiz markaları məcburi qaydada götürülür və tələbkarın tələbi təmin edilənə qədər saxlanması üçün 24 saat müddətində müvafiq lisenziyası olan kredit təşkilatına və yaxud Milli Depozit Mərkəzinə verilir.
7. Üzərinə həbs qoyulmuş əmlak siyahıya alınarkən borcluda aşkar edilmiş sikkə, külçə şəklində və xam halında qızıl, gümüş, platin və platin qrupundan olan metallar (palladium, iridium, rodium, rutenium, osmium, qiymətli daşlar,), habelə qiymətli metal və daşlardan və mirvaridən hazırlanmış zərgərlik və digər məişət məmulatları, habelə məmulat qırıntıları məcburi qaydada götürülür və saxlanma üçün 24 saat müddətində müvafiq lisenziya olan kredit təşkilatına verilir.
8. Əmlakın tərkibində qiymətli əlyazmalar, əbədi əsərlər, tarixi və ya elmi əhəmiyyətli məktublar olduqda, bu sənədlər ayrıca siyahıya daxil edilir. Qiymətli əlyazmaların, ədəbi əsərlərin, tarixi və ya elmi əhəmiyyəti məktubların dəyəri, eləcə də onların saxlanma şəraiti mütəxəssislər və ya mədəniyyət orqanları tərəfindən müəyyənləşdirilir. İcra məmuru tərəfindən bunların müvafiq saxlanma şəraiti təmin edilməlidir.
9. Üzərinə həbs qoyulmuş əmlakın tərkibində silah, o cümlədən ov tüfəngi olduqda, bu əşyaların dəyəri mütəxəssislər tərəfindən qiymətləndirilir və xüsusi siyahısı üzrə polis orqanlarına saxlanılmaq üçün təhvil verilir.
10. Borcluda mülki dövriyyədən çıxarılmış əmlak aşkar edildikdə, işi mahiyyəti üzrə həll etmək üçün icra məmuru tərəfindən dərhal müvafiq dövlət orqanının nümayəndəsi çağırılır və o gələnə qədər belə əmlakın mühafizəsi icra məmuru tərəfindən təmin edilir.
11. Qiymətləndirici, icra məmuru tərəfindən dəvət olunur və onun xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur.
12. Götürülmüş digər əşyalar, mümkün olduqda, qablaşdırılır, möhürlənir və mühafizə altında saxlanılması üçün müvafiq dövlət orqanının nümayəndəsinə, qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilməklə, təhvil verilir.
13. Götürülən əmlakın müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən protokol tərtib edilir. Protokolda həmin məlumatlar ətraflı təsvir edilir. Protokol icra məmuru, hal şahidləri, borclu yaxud onun yetkinlik yaşına çatmış ailə üzvü tərəfindən imzalanır.
14. Üzərinə həbs qoyulmuş daşınmaz əmlak və götürülməsi mümkün olmayan iri həcmli əmlak möhürlənir və borcludan yaxud onun yetkinlik yaşına çatmış ailə üzvündən həmin əmlakın özgəninkiləşdirilməsi, korlanması və ya məhv edilməsinə görə maddi məsuliyyətdən əlavə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti daşıdığı barədə iltizam alınmaqla icra məmuru tərəfindən xəbərdarlıq edilir və həmin əmlak saxlanılmaq üçün onlara verilir.
15. Üzərinə həbs qoyulmuş əmlakın zədələnməsinə, korlanmasına və sonrakı istifadəsinə maneçilik törətməyə səbəb ola biləcək vəziyyətdə saxlanılmaq üçün verilməsi qadağandır.
16. Saxlayıcının yoxluğu halında onun iştirakı olmadan icra məmuru üzərinə həbs qoyulmuş əmlak barəsində hər hansı hərəkəti yalnız icra qurumu rəhbərinin (dövlət icra məmuruna münasibətdə) və iki hal şahidinin iştirakı və bu barədə müvafiq aktın tərtib edilməsi ilə aparır.
17. Saxlayıcı borclunun özü və ya onun ailə üzvü (borclu hüquqi şəxs olduqda - onun işçisi) deyildirsə, əmlakın saxlanması üçün ona borclunun hesabına müvafiq haqq verilir. Saxlayıcının əmlakı saxlamaq üçün çəkdiyi xərclər həmin əmlakdan istifadə olunmasına görə onun əldə etdiyi həqiqi fayda çıxılmaqla ona ödənilir.
18. Saxlamaq üçün verilmiş əmlak mənimsənildikdə, israf edildikdə, özgəninkiləşdirildikdə və ya gizlədildikdə, saxlayıcı vurduğu ziyana görə maddi məsuliyyətdən əlavə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti daşıdığı barədə icra məmuru tərəfindən xəbərdar edilir və bu barədə ondan iltizam alınır.
1. 09 mart 2006-cı il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 3, maddə 297)
2. 12 noyabr 2010-cu il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 1040)
3. 30 aprel 2019-cu il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 787)
4. 30 dekabr 2019-cu il tarixli 526 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2106)
5. 1 avqust 2025-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 avqust 2025-ci il, “Xalq” qəzeti, 5 avqust 2025-ci il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 8, maddə 800)
6. 9 dekabr 2025-ci il tarixli 383 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 dekabr 2025-ci il, “Xalq” qəzeti, 16 dekabr 2025-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1231)
7. 7 may 2026-cı il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 may 2026-cı il, “Xalq” qəzeti, 14 may 2026-cı il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 460)