Qanunvericilik › Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Qeyri-rezidentlərin Azərbaycan Respublikasında valyuta əməliyyatları

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Qeyri-rezidentlər, o cümlədən rəqəmsal səyyahlar valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və çıxarmaq hüququna malikdirlər.

2. Qeyri-rezidentlər, o cümlədən rəqəmsal səyyahlar Azərbaycan Respublikasına əvvəllər köçürülmüş valyuta sərvətlərini Azərbaycan Respublikasından maneəsiz köçürmək hüququna malikdirlər.

3. Qeyri-rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərini Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydalara uyğun olaraq müvəkkil banklar tərəfindən verilmiş arayışlar əsasında gömrük prosedurlarına əməl etməklə nağd şəkildə Azərbaycan Respublikasından çıxara bilərlər.

4. Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük prosedurlarına riayət etməklə Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər. Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən valyuta sərvətlərinin məbləği 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq olduqda, gömrük orqanları vəsaitlərin məbləği, gətirilmə tarixi, gətirmiş şəxs və onların gətirildiyi ölkə barəsində məlumatları 7 (yeddi) gün müddətində Azərbaycan Respublikasının Mərkəzi Bankına, maliyyə monitorinqi orqanına və müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.

5. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta sərvətlərini onların gətirilməsini təsdiqləyən gömrük sənədləri əsasında Azərbaycan Respublikasından kənara köçürmə bilərlər. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini Azərbaycan Respublikasından kənara köçürdükdə, valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən arayış təqdim etməlidirlər.

6. Fiziki şəxs olan qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta vəsaitlərini gömrük prosedurlarına əməl etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

7. Bu maddənin 1-6-cı bəndlərində müvafiq qaydada Azərbaycan Respublikasına köçürülmüş və ya nağd gətirilmiş valyuta sərvətləri istisna olmaqla fiziki şəxs olan qeyri-rezidentlərin digər valyuta sərvətlərinin Azərbaycan Respublikasından köçürülməsi və gömrük prosedurlarına əməl etməklə nağd çıxarılması qaydalarını Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən edir.

8. Qeyri-rezidentlər valyuta sərvətlərini manatla almaq və satmaq hüququna malikdirlər.

9. Vençur kapitalı fondları və akkreditə olunmuş investorlar tərəfindən Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən innovativ layihələrdə (startaplarda) gələcək iştirak payının əldə edilməsi (gələcək iştirak payı (səhm) haqqında müqavilə, konvertasiya olunan borc və analoji maliyyə alətləri) məqsədilə investisiyaların qoyulması üzrə köçürmələr Mərkəzi Bankın müəyyən etdiyi qaydada və həddə həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver