1. Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasında valyuta tənzimini həyata keçirən əsas orqandır.
2. Azərbaycan Respublikasının Mərkəzi Bankı bu Qanuna müvafiq olaraq:
a) Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada qiymətli kağızların tədavülü sahəsini və qaydasını müəyyən edir;
b) valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ xarakterli aktlar qəbul edir;
v) rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında xarici valyuta ilə və xarici valyutada olan qiymətli kağızlarla əməliyyatlar aparması qaydalarını, habelə Azərbaycan Respublikasında qeyri-rezidentlərin milli valyuta ilə və milli valyutada qiymətli kağızlarla əməliyyatlar aparması qaydalarını müəyyən edir;
q) rezidentlərə məxsus xarici valyutanın və xarici valyutada olan qiymətli kağızların Azərbaycan Respublikasına məcburi köçürülməsi, gətirilməsi və göndərilməsi qaydasını, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda rezidentlər tərəfindən xarici valyuta hesablarının açılmasının hal və şərtlərini müəyyən edir;
d) valyuta əməliyyatları üzrə statistikanın vahid formasını, təqdim olunması qaydasını və müddətini müəyyən edir;
e) qəbul edilmiş beynəlxalq standartlar əsasında Azərbaycan Respublikası üzrə valyuta əməliyyatlarının statistikasını hazırlayır və dərc edir;
ə) bu Qanunda və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirir.