Qanunvericilik › Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Azərbaycan Respublikasında valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinin ümumi əsasları

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Rezidentlər və qeyri-rezidentlər Azərbaycan Respublikasının daxili valyuta bazarında qanunla müəyyən edilmiş qaydada xarici valyutanı satmaq, almaq və dəyişdirmək hüququna malikdirlər.

2. Azərbaycan Respublikasında valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız Azərbaycan Respublikası Mərkəzi Bankından “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış yerli banklar, xarici bankların yerli filialları, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış poçt rabitəsinin milli operatoru, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış investisiya şirkətləri, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış ödəniş təşkilatları, elektron pul təşkilatları, xarici ödəniş təşkilatları və xarici elektron pul təşkilatlarının yerli filialları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər malikdirlər.

3. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir.

4. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər arasında aparılan valyuta mübadiləsi əməliyyatları istisna olmaqla, onlarla digər hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.

5. Valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən bu əməliyyatların həyata keçirilməsi üçün təşkilati, texniki təchizata və təhlükəsizliyə dair tələblər, valyuta mübadiləsi əməliyyatları üzrə hesabatın (maliyyə hesabatları istisna olmaqla) və sənədləşmənin vahid formaları, onların təqdim olunması qaydası və müddətləri, habelə valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

6. Azərbaycan Respublikası Mərkəzi Bankı manatın sabitliyini təmin etmək məqsədi ilə xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar aparmaqla valyuta bazarına müdaxilə edə, valyuta mübadiləsi fəaliyyəti zamanı xarici valyutanın alqı-satqı əməliyyatlarında satış məzənnəsinin alış məzənnəsindən kənarlaşmasına hədd qoya və (və ya) bu əməliyyatların yuxarı həddinə dair tələblər müəyyən edə bilər.

6-1. Bu Qanunun 3-cü maddəsinin 6-cı hissəsində nəzərdə tutulan məqsəddən asılı olmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edir.

7. Azərbaycan Respublikasında banklar arasında xarici valyutanın alqı-satqısı əqdləri barədə məlumat Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Bu məlumatın forması və təqdim edilməsi qaydası, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankı ilə banklar arasında aparılan xarici valyutanın alqı-satqısı qaydası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

10. Ələt azad iqtisadi zonasında valyuta əməliyyatları “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver