I. Vəkillər Kollegiyasına üzv olduğu dövrdə vəkil:
qanunun tələblərini rəhbər tutmalı və icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir;
vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir;
hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir;
mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır;
qanunla müəyyən edilmiş hallar istisna olmaqla vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir;
üzvlük haqqını hər ay ödəməlidir;
normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada və hallarda hüquqi yardım haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına hüquqi yardım göstərməlidir;
il ərzində minimal icbari tədris saatlarını toplamalıdır;
Vəkillər Kollegiyası orqanlarının bu Qanuna əsasən müəyyən etdiyi qaydalara əməl etməli və həmin orqanların qəbul etdiyi qərarları icra etməlidir;
vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir;
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn tələblərə əməl etməlidir.
II. Vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində müdafiə edilən və yaxud təmsil edilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna vəkil maddi məsuliyyət daşıyır. Müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə vəkillərin sığorta bank hesabı yaradılır. Hər bir vəkil hər ay həmin hesaba aylıq gəlirinin 2 faizini keçirir. Hər hansı vəkil tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün onun vəsaiti kifayət etmədikdə, məhkəmə qərarına əsasən vəkillərin sığorta bank hesabı vəsaitindən istifadə edilir. Belə hallarda Vəkillər Kollegiyasının Rəyasət Heyəti Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sığorta bank hesabından ödənilmiş vəsaiti ziyan vurmuş vəkildən tələb etməlidir.
III. Vəkilin mülki işlər, kommersiya mübahisələri, inzibati icraat üzrə, inzibati xətalar haqqında işlər və ya cinayət işləri üzrə icraatda müvafiq olaraq nümayəndə və müdafiəçi qismində iştirakını istisna edən hallar Azərbaycan Respublikasının prosessual qanunvericiliyi və inzibati xətalar haqqında qanunvericiliyi ilə müəyyən edilir.
IV. Hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus və iddia obyekti olan əmlakın və hüquqların vəkil tərəfindən öz adına və ya başqa şəxslər üçün alınması və başqa yolla əldə edilməsi qadağandır.