I. Vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər, hazırladığı hüquqi sənədlər, rəylər və arayışlar, habelə hüquqi yardım üçün müraciət faktı, hüquqi yardım haqqında bağladığı müqavilənin mətni və müqavilənin bağlanılması faktı, müraciətin mahiyyəti, vəkilin göstərdiyi hüquqi xidmətdən imtina edildikdə imtinanın əsasları vəkil sirrini təşkil edir. Vəkildən imtina edilməsi vəkil sirrinin açıqlanması üçün əsas ola bilməz. Vəkil sirri təşkil edən məlumatların vəkillərdən, vəkil köməkçisindən, vəkil qurumlarından, eləcə də vəkil kimi fəaliyyət göstərdiyi dövr üzrə fəaliyyəti dayandırılmış və ya fəaliyyətinə xitam verilmiş vəkillərdən tələb edilməsi yolverilməzdir.
II. Peşə vəzifələrini həyata keçirərkən məlum olan ibtidai istintaqın sirrini təşkil edən məlumatların vəkil tərəfindən yayılması yalnız prokurorun və yaxud müstəntiqin icazəsi ilə ola bilər.
III. İbtidai istintaqın sirrini təşkil edən məlumatların yayılmasında təqsirli olan vəkillər Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
IV. Müraciət etmiş şəxsə hüquqi yardımın göstərilməsi ilə əlaqədar olaraq vəkilə məlum olmuş hallar barədə o, şahid kimi çağırıla və dindirilə bilməz. Vəkil göstərilən hallar barədə izahat verməməli və ona etibar edən şəxsin bildirdiyi məlumatı yaymamalıdır.
V. Vəkil sirrini təşkil edən məlumatlar vəkilin hüquqi yardım göstərdiyi cinayət, mülki və inzibati işlər üzrə, həmçinin həmin vəkilin iştirakı ilə aparılan məhkəmə prosesində sübut kimi qiymətləndirilə bilməz.
VI. Bu maddənin IV və V hissələrində vəkillər üçün nəzərdə tutulmuş təminatlardan başqa digər təminatlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilir.