I. Vəkil tərəfindən bu Qanunun və digər normativ hüquqi aktların və Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin tələblərinin pozulması, habelə vəkilin il ərzində minimal icbari tədris saatlarının toplanmaması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir.
II. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir.
III. Vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən bir il, törədildiyi gündən isə iki il müddətində tətbiq edilə bilər.
IV. Vəkillər barəsində intizam icraatı Vəkillər Kollegiyasının Rəyasət Heyətində başlanır.
V. Vəkillərin İntizam Komissiyası intizam icraatının başlandığı gündən üç ay müddətində vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edir. Əlavə araşdırmanın aparılmasına zərurət yaranarsa, həmin müddət üç ayadək uzadıla bilər.
VI. Vəkillərin İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər:
xəbərdarlıq;
töhmət;
üzvlük haqqının 10 misli həcmində cərimə;
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən hüquqpozmalara təkrarən yol verilməsinə və ya vəkil etikasına dair tələblərin üç dəfədən artıq pozulmasına görə pozuntunun dərəcəsindən və vəkilin peşəkarlıq səviyyəsindən, stajından, əvvəllər intizam tənbehi alıb-almamasından asılı olaraq üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması;
vəkil adına ləkə gətirməklə vəkil peşəsinin nüfuzuna xələl gətirən hərəkətə yol verilməsinə və ya icraatında olan işlə bağlı normativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi olaraq pozmaqla təmsil etdiyi şəxsin maraqlarına ziyan vurulmasına görə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə.
VI-I. Vəkillər barəsində intizam icraatı aparılarkən bu Qanunla yanaşı Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin və Vəkillərin İntizam Komissiyası haqqında Əsasnamənin tələbləri rəhbər tutulur.
Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatı başlanılmır və ya başlanılmış icraata xitam verilir.
VII. Barəsində vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərar qəbul edilmiş şəxs Vəkillər Kollegiyasının seçkili orqanlarında vəzifəyə seçilə bilməz.
IX. Vəkillər Kollegiyası Rəyasət Heyətinin intizam tənbehi barədə qərarından bir ay müddətində məhkəməyə şikayət verilə bilər.