I. Hüquqi şəxslər və dövlət orqanları (qurumları) normativ hüquqi aktlarda müəyyən edilmiş hallarda öz peşə vəzifələrini yerinə yetirən vəkillərə yardım etməlidirlər.
II. Məhkəmə, istintaq, təhqiqat və digər dövlət orqanlarının işçilərinin vəkil ilə hüquqi yardım göstərilən şəxs arasında hüquqi yardım göstərməklə əlaqədar vasitəçiliyinə yol verilmir.
III. Vəkilin vəkillik fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ona məlum olan hallar barədə dindirilməsi qadağandır.
Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar, vəkillik icraatları (dosye) istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz.
Vəkil tutulduqda və ya onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edildikdə bu barədə dərhal Azərbaycan Respublikasının baş prokuroruna və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilməlidir.
IV. Vəkillərə və onların təşkilatlarına edilən bütün müraciətlər vəkillər tərəfindən sirr kimi qorunur.
Tutulan, həbs edilən və ya məhkum edilən şəxslərə hüquqi yardımın göstərilməsi üçün vəkil ilə təklikdə görüşlər və məsləhətləşmələr üçün lazımi şərait yaradılmalı, konfidensiallıq təmin olunmalıdır.
V. Vəkillərin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq həyata keçirilir.