“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” ölkə başçısının 2015-ci il 14 iyul 569 nömrəli Fərmanının 5.3-cü bəndinin və 6-cı hissəsinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya
1. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
3. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 05.07.2006-cı il tarixli 10-T nömrəli əmri (10.07.2006-cı il tarixli 3232 nömrəli şəhadətnamə), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 04.05.2007-ci il tarixli 20-T nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə əmrlərlə təsdiq olunmuş bəzi normativ aktlara əlavə və dəyişikliklər edilməsinə dair Siyahı”nın 31-ci bəndi (20.06.2007-ci il tarixli 3320 nömrəli şəhadətnamə) və “Azərbaycan Respublikası Prezidentinin 13.04.2010-cu il və 24.05.2010-cu il tarixli sərəncamlarının icrası ilə bağlı” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08.07.2010-cu il tarixli 11-T nömrəli əmrinin 1.1-ci yarımbəndi (20.07.2010-cu il tarixli 3947 nömrəli şəhadətnamə) ləğv edilsin.
4. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”ın müddəalarının öyrənilməsi və dürüst icrası üzrə lazımi tədbirlərin görülməsi təmin edilsin (İ.Məmmədov).
5. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə müşaviri
1.1. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat” (bundan sonra – Təlimat) Azərbaycan Respublikası Nazirlər Kabineti 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, onların bölmələri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri, həmçinin nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq “qeydiyyat şöbəsi”, “nikah evi”, “konsulluq idarəsi”, “icra hakimiyyətinin nümayəndəliyi”) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərinin tərtib edilməsi qaydalarını müəyyən edir.
1.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları (bundan sonra – akt qeydləri) Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.
1.3. Vətəndaşlıq vəziyyəti akt qeydləri “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsi ilə elektron qaydada tərtib edilir.
1.4. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə qoşulanadək konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində vətəndaşlıq vəziyyəti akt qeydləri mətbəə üsulu ilə kağız üzərində çap edilmiş blanklarda dəqiq və aydın xətlə iki nüsxədə tərtib edilir. Akt qeydləri yalnız qara və ya göy rəngli qələmdən istifadə olunmaqla yazılır. Akt qeydini tərtib edərkən müxtəlif qələmlərdən istifadə olunmasına yol verilmir. Akt qeydlərində düzəlişlərin və ya qaralamaların edilməsi, habelə onların ləkələnməsi, əzilməsi və cırılması yolverilməzdir.
1.5. Akt qeydlərində tarixlər qrafasında gün iki rəqəmlə, ay sözlə, il dörd rəqəmlə göstərilir. “Doğulduğu yer”, “Yaşayış yeri” və “Öldüyü yer” qrafalarında məlumatlar təqdim edilmiş sənədlərə əsasən qeyd olunur. Xarici dövlətlərin yaşayış məntəqələrinin adı yazılarkən bu qeydlər həmin dövlətin inzibati ərazi bölgüsünün xüsusiyyətləri nəzərə alınmaqla yazılır. Şəhər (kənd) və dövlətin adının qeyd olunması zəruridir.
1.6. Akt qeydlərinin ön səhifəsinin yuxarı sol küncünə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını həyata keçirən orqanın künc ştampı vurulur.
1.7. Akt qeydlərində məlumatlar tam yazılır, bütün suallara qəti cavablar verilir. Ayrı-ayrı sözlərin buraxılmasına və ya ixtisar edilməsinə yol verilmir.
1.8. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən qeydiyyat şöbəsində, nikah evində, konsulluq idarəsində, icra hakimiyyətinin nümayəndəliyində tərtib edilən akt qeydləri hər təqvim ilinin əvvəlində birinci nömrədən başlayaraq nömrələnir və il ərzində ardıcıl davam etdirilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin hər bir növünə ayrıca nömrə yazılır. Akt qeydlərinin birinci və ikinci nüsxələri eyni vaxtda tərtib edilir və eyni sıra nömrəsi ilə nömrələnir.
1.9. Bərpa edilən akt qeydinin nömrəsindən sonra “b” simvolu yazılır.
1.10. Akt qeydlərinin hər iki nüsxəsi qeydiyyat şöbəsinin, nikah evinin, konsulluq idarəsinin və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi, habelə akt qeydini tərtib etmiş əməkdaş tərəfindən ayrı-ayrılıqda imzalanır və möhürlə təsdiq edilir. İmzanın tərkibi sənədi imzalamış şəxsin vəzifəsinin adından, onun şəxsi imzasından, adından və soyadından ibarət olmalı, möhür elə vurulmalıdır ki, onun mətni aydın oxunsun.
1.11. Akt qeydindəki məlumatlara dəyişiklik edilməli olduqda orada mövcud olan məlumatın üzərindən üfüqi düz xətt çəkilir və həmin məlumatın ətrafındakı boş hissəyə yeni məlumat yazılır. Akt qeydinin boş sahələrində dəyişiklik edilməsinin əsası barədə qeyd yazılır və bu dəyişikliyi etmiş əməkdaş tərəfindən imzalanır, habelə müvafiq orqanın möhürü ilə təsdiq edilir. Qeyd yazılmadığı halda edilmiş dəyişikliyin hüquqi qüvvəsi olmur. Akt qeydindəki mövcud olmuş məlumatlarla dəyişiklik nəticəsində yazılmış yeni məlumatları fərqləndirmək üçün dəyişikliklərin edilməsi zamanı yalnız qırmızı rəngli qələmdən istifadə olunmalıdır.
1.12. Akt qeydlərinin tərtib edilməsində bu Təlimatın tələblərinə riayət olunmasına inzibati ərazi vahidlərində qeydiyyat şöbəsinin rəisi nəzarət edir. Təlimata riayət edilməsinə ümumi nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
2.0. Doğum haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə) tərtib edilərkən 1-19-cu qrafalarda uşaq və onun valideynləri haqqında məlumatlar təqdim edilmiş tibbi sənədə, şəxsiyyətləri təsdiq edən sənədlərə və onların doğumu haqqında şəhadətnamələrə, habelə doğum faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsinə uyğun olaraq aşağıdakı qaydada göstərilir:
2.1. 1-3-cü qrafalarda müvafiq olaraq uşağın soyadı, adı və ata adı yazılır.
2.2. 4-cü qrafada cinsi göstərilir.
2.3. 5-ci qrafada doğulduğu gün, ay və il qeyd olunur.
2.4. 6-cı qrafada doğulduğu yer (şəhər (kənd), vilayət (ölkə, respublika) yazılır.
2.5. 7-ci qrafada doğulmuş uşaqların sayı (bir, iki, üç və sair) göstərilir.
2.6. 8-ci qrafada uşağın diri və ya ölü doğulduğu göstərilir.
2.7. 9-cu qrafada yeni doğulan uşaq da daxil olmaqla, o cümlədən ölənlər də hesab edilməklə (ölü doğulmuşlar istisna olmaqla) ananın say üzrə neçənci uşağının doğulduğu yazılır.
2.8. 10-cu qrafada doğum faktını təsdiq edən tibbi şəhadətnamənin nömrəsi, verilmə tarixi və sənədi verən tibb müəssisəsinin adı əks olunur. Doğum faktı məhkəmə qaydasında təsdiq edildikdə qətnamənin tarixi, nömrəsi və qətnaməni çıxarmış məhkəmənin adı qeyd olunur.
2.9. 11-13-cü qrafalarda atanın və ananın soyadı, adı və ata adı yazılır.
2.10. 14-cü qrafada valideynlərin doğulduğu gün, ay, il və uşağın doğumunun dövlət qeydiyyatı gününə tamam olmuş yaşı qeyd edilir.
2.11. 14-1-ci qrafada valideynlərin doğulduğu yer, 14-2-ci qrafada vətəndaşlığı, 14-3-cü qrafada isə şəxsiyyətlərini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı əks olunur.
2.12. 15-ci qrafada valideynlərin milliyyəti göstərilir. Milliyyəti təsdiq edən sənəd təqdim edilmədikdə “Məlumat təqdim edilməyib” sözləri yazılır.
2.13. 16-cı qrafada valideynlərin yaşayış yerinin ünvanı əks olunur.
2.14. 17-ci qrafada valideynlərin iş yeri və vəzifəsi, əyani təhsil alan şəxslər üçün isə təhsil müəssisəsinin adı və təhsil pilləsi göstərilir. Valideynlər işləmədiyi halda bu qrafada “işləmir” sözü yazılır.
2.15. 18-ci qrafada valideynlərin təhsilinə uyğun olan məlumatın altından xətt çəkilir.
2.16. 19-cu qrafada ata haqqında qeydlərin əsasları göstərilir:
2.16.1. “a” sətrində uşaq öz aralarında nikahda olan valideynlərdən doğulduqda nikah haqqında akt qeydinin tarixi, nömrəsi, nikahın qeydə alındığı orqanın adı, nikah haqqında şəhadətnamənin seriyası və nömrəsi yazılır.
2.16.2. “b” sətrində atalıq müəyyən edildiyi halda atalığın müəyyən edilməsi haqqında akt qeydinin tarixi, nömrəsi, atalığın müəyyən edilməsinin qeydə alındığı orqanın adı, bu barədə verilmiş şəhadətnamənin seriyası və nömrəsi əks olunur.
2.16.3. “c” sətrində nikahda olmayan ananın ərizəsinin tarixi göstərilir.
2.17. 20-ci qrafada doğumun qeydə alınması üçün müraciət etmiş şəxsin soyadı, adı, ata adı və ünvanı yazılır, habelə onun tərəfindən imzalanır.
2.18. 21-ci qrafada qeydiyyat zamanı iştirak edən şəxslərin soyadı, adı, ata adı yazılır və onlar tərəfindən imzalanır.
2.19. 22-ci qrafada verilən doğum haqqında şəhadətnamənin seriyası və nömrəsi göstərilir.
2.20. 23-cü “Qeydlər üçün” qrafada doğumun dövlət qeydiyyatının qeydiyyat şöbəsinin yerləşdiyi binadan kənarda aparılmasına, doğumun qeydə alınması üçün müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra uşağın qeydiyyatda olduğu tibb müəssisəsindən verilmiş sənədə, atılmış və tapılmış uşaqların doğumunun qeydə alınması üçün yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın müraciətinə, doğumun dövlət qeydiyyatının etibarnamə əsasında aparıldığı hallarda nümayəndənin şəxsiyyətinə və etibarnaməyə dair məlumatlar göstərilir.
3.0. Doğum haqqında bərpa akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə) tərtib edilərkən 1-8-ci qrafalarda barəsində müvafiq akt qeydi tərtib edilən şəxsə dair məlumatlar təqdim edilmiş sənədlərə, müvafiq orqanın rəyinə və ya məhkəmə qətnaməsinə əsasən aşağıdakı qaydada göstərilir:
3.1. 1-3-cü qrafalarda müvafiq olaraq şəxsin soyadı, adı və ata adı yazılır.
3.2. 4-cü qrafada şəxsin cinsi göstərilir.
3.3. 5-ci qrafada doğulduğu gün, ay və il qeyd olunur.
3.4. 6-cı qrafada doğulduğu yer (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd, küçə, bina, mənzil) əks etdirilir.
3.5. 7-ci qrafada yaşayış yerinin ünvanı göstərilir.
3.6. 8-ci qrafada iş yeri və vəzifəsi, əyani təhsil alan şəxslər üçün isə təhsil müəssisəsinin adı və təhsil pilləsi göstərilir. Şəxs işləmədiyi halda bu qrafada “işləmir” sözü yazılır.
3.7. 9-11-ci qrafalarda atanın və ananın soyadları, adları və ata adları göstərilir.
3.8. 11-1-ci qrafada valideynlərin doğulduğu gün, ay və il, 11-2-ci qrafada onların doğulduğu yer (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd), 11-3-cü qrafada vətəndaşlığı, 11-4-cü qrafada yaşayış yerinin ünvanı, 11-5-ci qrafada şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı əks olunur.
3.9. 12-ci qrafada valideynlərin milliyyətləri göstərilir. Milliyyəti təsdiq edən sənəd təqdim edilmədikdə “Məlumat təqdim edilməyib” sözləri yazılır.
3.10. 13-cü qrafada doğum haqqında akt qeydinin bərpa edilməsinin əsasları (qeydiyyat şöbəsinin rəyi, məhkəmənin qərarı) qeyd olunur.
3.11. 14-cü qrafa doğum haqqında akt qeydinin bərpa edilməsi üçün müraciət etmiş şəxs tərəfindən imzalanır.
3.12. 15-ci qrafada verilən doğum haqqında şəhadətnamənin seriyası və nömrəsi göstərilir.
3.13. 16-cı “Qeydlər üçün” qrafada doğum haqqında akt qeydinin bərpası etibarnamə əsasında həyata keçirildikdə nümayəndənin şəxsiyyətinə və etibarnaməyə dair məlumatlar yazılır.
4.0. Övladlığa götürmə akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə) tərtib edilərkən övladlığa götürülən uşaq, onun valideynləri və övladlığa götürənlər haqqında məlumatlar uşağın doğumu haqqında akt qeydinə, övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinə və övladlığa götürənlərin təqdim etdikləri şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun olaraq aşağıdakı qaydada göstərilir:
4.1. Övladlığa götürülən haqqında məlumatlar:
4.1.1. övladlığa götürülməzdən əvvəl – 1-5-ci qrafalarda doğum haqqında akt qeydinə əsasən;
4.1.2. övladlığa götürüləndən sonra – dəyişdirildiyi halda soyadı, adı, ata adı, doğulduğu tarix və yer övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinə əsasən yazılır. Həmin məlumatlar dəyişdirilmədiyi halda bu sütunda övladlığa götürülməzdən əvvəlki məlumatlar təkrarlanır.
4.2. 6-cı qrafadan 10-4-cü qrafayadək valideynlər haqqında məlumatlar övladlığa götürülən uşağın doğumu haqqında akt qeydinə əsasən yazılır.
4.3. 11-16-cı qrafalarda övladlığa götürənlər haqqında məlumatlar övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinə və övladlığa götürənlərin təqdim etdikləri şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun olaraq yazılır. Uşaq tək ərin (arvadın) övladlığına verildikdə övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstəriş olan hallar istisna edilməklə 11-16-cı qrafalarda digər arvad (ər) haqqında məlumatlar yazılmır.
4.4. 17-ci qrafada məhkəmə qətnaməsindən asılı olaraq “yazılır” və ya “yazılmır” sözləri qeyd edilir.
4.5. 18-ci qrafada övladlığa götürmə haqqında məhkəmə qətnaməsinin tarixi, nömrəsi və onu çıxarmış məhkəmənin adı göstərilir.
4.6. 19-cu qrafada müvafiq olaraq övladlığa götürənlər imza edirlər.
4.7. 20-ci qrafada övladlığa götürmə haqqında verilən şəhadətnamənin seriyası və nömrəsi göstərilir.
4.8. 21-ci “Qeydlər üçün” qrafada övladlığa götürmənin dövlət qeydiyyatı etibarnamə əsasında aparıldığı hallarda nümayəndənin şəxsiyyətinə və etibarnaməyə dair məlumatlar göstərilir.
5.0. Nikah haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə) tərtib edilərkən 1-13-cü qrafalarda evlənənlərin hər biri haqqında məlumatlar onların təqdim etdikləri şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun olaraq aşağıdakı qaydada göstərilir:
5.1. 1-3-cü qrafalarda müvafiq olaraq kişinin və qadının nikahdan əvvəlki və nikahdan sonra daşımaq istədikləri soyadları, adları, ata adları yazılır.
5.2. 4-cü qrafada doğulduğu gün, ay, il və nikahın dövlət qeydiyyatı gününə tamam olmuş yaşı göstərilir.
5.3. 5-ci qrafada doğulduğu yer (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd) yazılır. Şəxsiyyəti təsdiq edən sənəddə bu barədə əksini tapmayan məlumatlar akt qeydində göstərilmir.
5.4. 6-cı qrafada evlənənlərin ərizədə göstərdikləri milliyyətləri, 6.1-ci qrafada onların vətəndaşlığı göstərilir.
5.5. 7-ci qrafada iş yeri və vəzifəsi, əyani təhsil alan şəxslər üçün isə təhsil müəssisəsinin adı və təhsil pilləsi göstərilir. Evlənən şəxs işləmədiyi halda bu qrafada “işləmir” sözü yazılır.
5.6. 8-ci və 9-cu qrafalarda nikaha daxil olan kişinin və qadının təhsilinə və ailə vəziyyətinə uyğun olan məlumatın altından xətt çəkilir.
5.7. 10-cu qrafada evlənənlərin ümumi uşaqlarının soyadı və adı, habelə doğum tarixi göstərilir. Ümumi uşaqları olmadıqda onların hər ikisinə aid qrafada “yoxdur” sözü qeyd edilir.
5.8. 11-ci qrafada yaşayış yerinin ünvanı, 12-ci qrafada isə şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı əks olunur.
5.9. 13-cü qrafada 1-ci qrafada yazılmış soyadlara uyğun soyadlar göstərilir və müvafiq olaraq nikaha daxil olan kişi və qadın tərəfindən imzalanır.
5.10. 14-cü qrafada qeydiyyat zamanı iştirak edən şahidlərin soyadı, adı, ata adı yazılır və onlar tərəfindən imzalanır.
5.11. 15-ci qrafada evlənənlərə verilən nikah haqqında şəhadətnamənin seriyası və nömrəsi göstərilir.
5.12. 16-cı “Qeydlər üçün” qrafada nikahın dövlət qeydiyyatının qeydiyyat şöbəsinin yerləşdiyi binadan kənarda aparılmasına dair məlumatlar göstərilir.
6.0. Atalığın müəyyən edilməsi haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 5 nömrəli əlavə) tərtib edilərkən məlumatlar uşağın doğumu haqqında akt qeydinə, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlərə və atalığın müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinə uyğun olaraq aşağıdakı qaydada göstərilir:
6.1. 1-3-cü qrafalarda uşağın soyadı, adı, ata adı yazılır.
6.2. 4-cü qrafada uşağın doğulduğu gün, ay, il göstərilir.
6.3. 5-ci qrafada uşağın cinsi yazılır.
6.4. 6-cı qrafada uşağın doğulduğu yer (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd), doğumu haqqında akt qeydinin nömrəsi, tarixi və doğumu qeydə alan qeydiyyat orqanının adı göstərilir.
6.5. 6.1-ci qrafada uşağın vətəndaşlığı (bu barədə sənəd olduqda), 6.2-ci qrafada yaşayış yerinin ünvanı, 6.3-cü qrafada yetkinlik yaşına çatmış şəxsin şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı əks olunur.
6.6. 7-ci qrafada atalıq müəyyən edildikdən sonra verilən soyad, ad və ata adı yazılır.
6.7. 8-10-cu qrafalarda valideynlərin soyadı, adı, ata adı yazılır.
6.8. 11-ci qrafada valideynlərin doğulduğu gün, ay, il, 11.1-ci qrafada doğulduğu yer, 11.2-ci qrafada onların vətəndaşlığı göstərilir.
6.9. 12-ci qrafada valideynlərin milliyyəti, 13-cü qrafada yaşayış yerinin ünvanı (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd) qeyd olunur.
6.10. 14-cü qrafada valideynlərin iş yeri və vəzifəsi göstərilir, valideynlər işləmədiyi halda bu qrafada “işləmir” sözü yazılır.
6.11. 15-ci qrafada valideynlərin şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı əks olunur.
6.12. 16-cı qrafada atalığın müəyyən edilməsi haqqında qeydin əsasları göstərilir:
6.12.1. atalıq valideynlərin birgə ərizəsi əsasında müəyyən edildikdə – ərizənin tarixi;
6.12.2. valideynlərin imzası;
6.12.3. atalıq məhkəmə qətnaməsi əsasında müəyyən edildikdə qətnamənin tarixi, nömrəsi və onu çıxarmış məhkəmənin adı qeyd edilir.
6.13. 17-ci qrafada ərizə verənin soyadı, adı, atasının adı, yaşadığı yer göstərilir, həmin şəxs tərəfindən imzalanır.
6.14. 18-ci qrafada verilən atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin seriyası və nömrəsi göstərilir.
6.15. 19-cu “Qeydlər üçün” qrafada ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalığın müəyyən edilməsinə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının razılığı barədə məlumatlar göstərilir.
7.0. Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 6 nömrəli əlavə) tərtib edilərkən 1-11-ci qrafalarda ərizəçi haqqında məlumatlar onun təqdim etdiyi şəxsiyyətini təsdiq edən sənədə və doğumu haqqında akt qeydinə uyğun olaraq aşağıdakı qaydada göstərilir:
7.1. 1-3-cü qrafalarda müvafiq olaraq ərizəçinin dəyişənədək və dəyişəndən sonra soyadı, adı, atasının adı yazılır.
7.2. 4-cü qrafada doğulduğu gün, ay, il, 5-ci qrafada doğulduğu yer (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd) və doğum haqqında akt qeydinin tarixi, nömrəsi, doğumu qeydə alan orqanının adı göstərilir.
7.3. 6-cı qrafada ərizəçinin milliyyəti, 6.1-ci qrafada vətəndaşlığı qeyd olunur.
7.4. 7-ci qrafada iş yeri və vəzifəsi, əyani təhsil alan şəxslər üçün isə təhsil müəssisəsinin adı və təhsil pilləsi göstərilir. Ərizəçi işləmədiyi halda bu qrafada “işləmir” sözü yazılır.
7.5. 8-ci qrafada yaşayış yerinin ünvanı (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd) qeyd olunur.
7.6. 9-cu qrafada – soyad, ad və ata adı qeydiyyat orqanının rəyi əsasında dəyişdirildikdə həmin orqanın adı və rəyin tarixi, məhkəmə qətnaməsi əsasında dəyişdirildikdə qətnamənin tarixi, nömrəsi və onu çıxarmış məhkəmənin adı yazılır.
7.7. 10-cu qrafada ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı əks olunur.
7.8. 11-ci qrafa ərizəçi tərəfindən imzalanır, 12-ci qrafada verilən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin seriyası və nömrəsi göstərilir.
7.9. 13-cü “Qeydlər üçün” qrafada soyadın, adın və ata adının dəyişdirilməsinin dövlət qeydiyyatının etibarnamə əsasında aparıldığı hallarda nümayəndənin şəxsiyyətinə və etibarnaməyə dair məlumatlar göstərilir.
8.0. Nikahın pozulması haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 7 nömrəli əlavə) tərtib edilərkən 1-15-ci qrafalarda nikahı pozulanların hər biri haqqında məlumatlar onların təqdim etdikləri şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun olaraq aşağıdakı qaydada göstərilir:
8.1. 1-3-cü qrafalarda müvafiq olaraq kişinin və qadının nikah pozulanadək və nikah pozulandan sonra daşımaq istədikləri soyadları, adları, ata adları yazılır.
8.2. 4-cü qrafada doğulduğu gün, ay, il və nikahın pozulmasının dövlət qeydiyyatı gününə tamam olmuş yaşı göstərilir.
8.3. 4-1-ci qrafada nikahı pozulanların doğulduğu yer, 4-2-ci qrafada vətəndaşlığı yazılır.
8.4. 5-ci qrafada nikahı pozulanların ərizədə göstərdikləri milliyyətləri.
8.5. 6-cı qrafada yaşayış yerinin ünvanı (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd, küçə, bina, mənzil) yazılır. Şəxsiyyəti təsdiq edən sənəddə bu barədə əksini tapmayan məlumatlar akt qeydində göstərilmir.
8.6. 7-ci qrafada iş yeri və vəzifəsi, əyani təhsil alan şəxslər üçün isə təhsil müəssisəsinin adı və təhsil pilləsi göstərilir. Nikahı pozulan şəxs işləmədiyi halda bu qrafada “işləmir” sözü yazılır.
8.7. 8-ci qrafada nikahı pozulan kişinin və qadının təhsilinə uyğun olan məlumatın altından xətt çəkilir.
8.8. 9-cu qrafada pozulan nikahın dövlət qeydiyyatına alındığı gün, ay, il və nikah haqqında akt qeydinin nömrəsi, 10-cu qrafada isə nikahı dövlət qeydiyyatına almış orqanın adı göstərilir (nikah məhkəmənin qətnaməsi əsasında pozulduqda məlumatlar qətnaməyə, ərizə əsasında pozulduqda nikah haqqında şəhadətnaməyə uyğun yazılır).
8.9. 11-ci qrafada nikahın pozulmasının dövlət qeydiyyatının əsası:
8.9.1. nikah məhkəmənin qətnaməsi əsasında pozulduqda qətnamənin tarixi, nömrəsi, onu çıxarmış məhkəmənin adı;
8.9.2. nikah ər-arvadın qarşılıqlı razılığı üzrə pozulduqda onların bu barədə ərizəsinin verilmə tarixi və daxilolma nömrəsi;
8.9.3. nikah ər-arvaddan birinin ərizəsi üzrə pozulduqda arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsinin tarixi, nömrəsi, onu çıxarmış məhkəmənin adı əks olunur.
8.10. 12-ci qrafada şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı əks olunur.
8.11. 13-cü qrafada müvafiq olaraq nikahı pozulan kişi və qadın imza edirlər.
8.12. 14-cü qrafada nikahı pozulanların hər birinə verilən nikahın pozulması haqqında şəhadətnamənin seriyası və nömrəsi göstərilir.
8.13. 15-ci “Qeydlər üçün” qrafada nikahın pozulmasının dövlət qeydiyyatı etibarnamə əsasında aparıldığı hallarda nümayəndənin şəxsiyyətinə və etibarnaməyə dair məlumatlar göstərilir.
9.0. Ölüm haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə) tərtib edilərkən 1-5.2-ci qrafalarda ölən şəxs haqqında məlumatlar tibbi sənədə, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdə məhkəmə qətnaməsinə və şəxsiyyətini təsdiq edən sənədə uyğun olaraq aşağıdakı qaydada göstərilir:
9.1. 1-3-cü qrafalarda soyadı, adı, ata adı yazılır.
9.2. 4-cü qrafada ölən şəxsin cinsi əks olunur.
9.3. 5-ci qrafada ölən şəxsin milliyyəti, 5.1-ci qrafada vətəndaşlığı, 5.2-ci qrafada şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı göstərilir.
9.4. 6-cı qrafada öldüyü gün, ay, il, 7-ci qrafada öldüyü yer (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd), 8-ci qrafada ölümün səbəbi (tibbi sənədə və ya məhkəmənin qətnaməsinə uyğun) yazılır.
9.5. 9-cu qrafada doğulduğu gün, ay, il və ölümün dövlət qeydiyyatı gününə tamam olmuş yaşı yazılır. 1 yaşadək uşağın ölümü qeyd edilərkən onun neçə gün və ay yaşadığı, həmçinin ananın neçənci uşağı olduğu və ananın yaşı göstərilir.
9.6. 10-cu qrafada ölən şəxsin sonuncu yaşayış yerinin ünvanı (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd) qeyd olunur.
9.7. 11-ci qrafada ölən şəxsin ailə vəziyyətinə uyğun olan məlumatın altından xətt çəkilir.
9.8. 12-ci qrafada iş yeri və vəzifəsi göstərilir, ölən şəxs işləmədiyi halda bu qrafada “işləmir”, ölən şəxs pensiyaçı olduqda “pensiyaçı” sözü yazılır.
9.9. 13-cü qrafada ölən şəxsin təhsilinə uyğun olan məlumatın altından xətt çəkilir.
9.10. 14-cü qrafada ölüm faktını təsdiq edən sənədlər əks olunur.
9.11. 15-ci qrafada məlumat verənin soyadı, adı, atasının adı yazılır.
9.12. 16-cı qrafada verilən ölüm haqqında şəhadətnamənin seriyası və nömrəsi göstərilir.
9.13. 17-ci “Qeydlər üçün” qrafada ölümün dövlət qeydiyyatı etibarnamə əsasında aparıldığı hallarda nümayəndənin şəxsiyyətinə və etibarnaməyə dair məlumatlar göstərilir.
1. 13 aprel 2023-cü il tarixli 1-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304130001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 aprel 2023-cü il)
2. 30 may 2023-cü il tarixli 7-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305300007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 may 2023-cü il)
3. 12 fevral 2025-ci il tarixli 2-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202502120002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 fevral 2025-ci il)
4. 2 aprel 2025-ci il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202504020004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2025-ci il)