Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 noyabr tarixli 344 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 22 oktyabr 2015-ci il
1.1. Bu Qayda “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-1-ci hissəsinə, habelə “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 noyabr tarixli 344 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
1.2. Bu Qayda beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) tərəfindən (bundan sonra - xarici donorlar) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını tənzimləyir.
1.3. Bu Qaydada xarici donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin bağlanması, habelə onlarda istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur.
1.5. Bu Qaydanın tələbləri Azərbaycan Respublikasının və Azərbaycan Respublikası Hökuməti adından qrant alınmasına dair sazişlərin bağlanılması və təsdiq edilməsi hallarına şamil olunmur.
2.1. Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququ hər bir qrant müqaviləsi (qərarı) üzrə əldə edilməlidir.
2.2. Qrant vermək hüququnun əldə edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (bundan sonra - Maliyyə Nazirliyi) qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur.
2.3. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin əldə edilməsi və bundan sonra qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün xarici donor və ya müqavilə üzrə resipiyent (onların nümayəndəsi) tərəfindən müqavilə bağlandıqdan (qərar verildikdən) 30 (otuz) gün müddətində “bir pəncərə prinsipi” üzrə kommersiya qurumlarına, publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına, habelə bələdiyyələrə (bələdiyyə orqanlarına) və fiziki şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (bundan sonra - əlaqələndirici dövlət orqanı) müvafiq ərizələrlə müraciət edilir. Bu Qaydanın əlavəsində göstərilmiş formada təqdim edilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
2.3.1. qrant müqaviləsi (qərarı), müqavilə (qərar) üzrə layihə, müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənəd (imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda), qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün resipiyentin ərizəsi;
2.3.2. qrantın maliyyə-iqtisadi əsaslandırılması.
2.4. Sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə edilir. Xarici ölkədə tərtib olunmuş sənədlər leqallaşdırılmalı və ya onlara apostil verilməlidir.
2.4-1. Qrant vermək hüququnun əldə edilməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2.5. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədlər daxil olduğu vaxtdan növbəti iş günündən gec olmayaraq, əlaqələndirici dövlət orqanı onların tamlığını, donorun bu Qaydanın 1.2-ci bəndində göstərilmiş xarici donorlara aid olub-olmadığını müəyyən edir və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi üçün qrant müqaviləsini (qərarını) və qrantın maliyyə-iqtisadi əsaslandırılmasını sifarişli poçt göndərişi vasitəsilə Maliyyə Nazirliyinə göndərir. Sənədlər tam təqdim olunmadıqda, müraciət etmiş şəxsə geri qaytarılır və çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 10 gün müddət təyin edilir.
2.6. Qrant müqaviləsinin (qərarının) və qrantın maliyyə-iqtisadi əsaslandırılmasının əsli ilə yanaşı onların elektron surəti də təqdim olunduqda, əlaqələndirici dövlət orqanı həmin sənədlərin surətini Maliyyə Nazirliyinə elektron qaydada təqdim edir.
3.1. Maliyyə Nazirliyi tərəfindən xarici donorların qrant vermək hüququnun əldə edilməsi barədə əlaqələndirici dövlət orqanının göndərdiyi sənədlərə onların daxil olduğu gündən 7 gün müddətində baxılır. Həmin sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, qrantın maliyyə-iqtisadi məqsədə-müvafiqliyinə dair rəyin verilməsi müddəti 7 günədək uzadılır.
3.2. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyində onun məqsədəmüvafiq hesab edilməsi və ya edilməməsi əsaslandırılmalı və rəy əlaqələndirici dövlət orqanına təqdim edilməlidir.
3.2-1. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab edilməməsinə dair Maliyyə Nazirliyinin rəyi daxil olduqdan sonra əlaqələndirici dövlət orqanı tərəfindən 3 iş günü müddətində bu barədə müraciət etmiş xarici donora və ya müqavilə üzrə resipiyentə (onların nümayəndəsinə) məlumat verilir.
3.3. Qrantın yönəldildiyi sahənin ehtiyaclarının dövlət tərəfindən ödənilməsi qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmaması üçün əsasdır.
3.4. Qrantın verilməsi məqsədi və onun maliyyə-iqtisadi əsaslandırılması qeyri-dəqiq göstərildikdə, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina edilir və bu Qaydanın 3.1-ci bəndində göstərilən müddətdə əlaqələndirici dövlət orqanına bu barədə məlumat verilir.
4.1. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunması barədə Maliyyə Nazirliyinin rəyi əlaqələndirici dövlət orqanına təqdim olunduğu təqdirdə, xarici donor qrant vermək hüququnu əldə etmiş hesab edilir.
4.2. Qrant vermək hüququnu əldə etmiş xarici donorların bağladığı qrant müqavilələrinin (verdiyi qərarların) qeydiyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na əsasən həyata keçirilir.
Xarici donor qismində çıxış edən
və qrant müqaviləsi üzrə resipiyent qismində çıxış edən
qrant müqaviləsi bağlanılmışdır (qərarı verilmişdir).
məbləği və ya başqa maddi formada əşya barədə məlumat
Xarici donorun qrant vermək üçün maliyyələşdirmə mənbəyi və əvvəllər maliyyələşdirdiyi sahələr
Qoşma (ərizəyə əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)
Göstərilənləri nəzərə alaraq, qeyd olunmuş qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsini xahiş edirik.
Müraciəti imzalamış şəxsin
soyadı, adı, atasının adı, vəzifəsi və imzası__________________________________________
(təşkilatın möhürü ilə təsdiq edilir)
Əlaqə telefonları (faks nömrəsi, elektron poçt ünvanı)
________________________________________________________________________________
1. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)
2. 24 yanvar 2017-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 yanvar 2017-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 126)
3. 21 iyul 2017-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 iyul 2017-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1498)
4. 4 aprel 2023-cü il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 4 aprel 2023-cü il, “Xalq” qəzeti, 6 aprel 2023-cü il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 568)
5. 4 mart 2026-cı il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 mart 2026-cı il, “Xalq” qəzeti, 19 mart 2026-cı il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 266)