Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 14 dekabr tarixli 16/2023 nömrəli Qərarının tətbiqi ilə bağlı respublikanın bütün kommersiya məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrinin kommersiya kollegiyalarını əhatə etməklə, 2024-cü il 1 yanvar tarixdən 2025-ci il 1 yanvar tarixədək olan dövr ərzində 1 (bir) il müddətində monitorinq həyata keçirilmişdir.
Monitorinqin nəticələrini müzakirə edib “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1 və 80-ci maddələrini, eləcə də Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2020-ci il 29 fevral tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydaları”nın 5.6-cı maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
1. Monitorinqin nəticələri təsdiq edilsin.
2. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 14 dekabr tarixli 16/2023 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1-ci hissə üzrə:
2.1.1. 1.5-ci bəndin birinci abzasının birinci cümləsinə “dövlətdə” sözündən sonra “və ya Azərbaycan Respublikasında” sözləri əlavə edilsin, ikinci cümləsindən “müvafiq xarici ölkədə” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Eyni zamanda məhkəmələr tərəfindən xarici elementli kommersiya mübahisələrinə baxılarkən “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının 26-cı bəndində verilmiş izahlar nəzərə alınmalıdır.”;
2.1.2. 1.8-ci bəndin ikinci cümləsində “iddiaçı, cavabdeh və üçüncü şəxs kimi iştirak etmələri də mümkünsüzdür” sözləri “tərəf kimi iştirakının mümkünlüyü sözügedən Konvensiyanın müddəaları və MPM-in 30-cu maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir” sözləri ilə əvəz edilsin.
2.2. 2-ci hissə üzrə:
2.2.1. 2.5-ci bəndin yeddinci abzasının sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
“- işgüzar nüfuzun müdafiəsi işlərində iddiaçının Azərbaycan Respublikasında yaşayış yerinə malik olması.”;
2.2.2. aşağıdakı məzmunda 2.8-1-ci bənd əlavə edilsin:
“2.8-1. Azərbaycan Respublikasının məhkəmələrinin beynəlxalq səlahiyyətə malik olduğu xarici elementli kommersiya mübahisələrinin ərazi aidiyyəti MPM-in 4-cü fəslinin maddələrində təsbit edilən aidiyyət qaydalarına uyğun olaraq həll edilir.”;
2.2.3. 2.11-ci bəndin üçüncü abzası müvafiq olaraq dördüncü abzas hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Bu baxımdan, MPM-in 26-cı maddəsinə uyğun olaraq kommersiya məhkəmələrinə aid edilmiş işlər üzrə tərəflərdən heç olmasa biri xarici şəxs olduqda həmin iş xarici elementli kommersiya işi kimi səciyyələnir. Həmin işlər üzrə xarici şəxslərin icraatın digər iştirakçısı qismində çıxış etdikləri hallar mübahisənin xarakterini dəyişdirmir.”.
2.3. 3-cü hissə üzrə:
2.3.1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.1. Beynəlxalq səlahiyyətlə əlaqədar prosessual məsələlər iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində həll edilməlidir. Bu mərhələdə məhkəmənin mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olması müəyyən edilərsə, iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardadda müvafiq əsaslandırma aparılmalıdır. İddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində məhkəmənin mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olmadığı müəyyən edilərsə, MPM-in 153.2.1-ci maddəsinə əsasən həmin ərizənin qəbul edilməsindən imtina edilməli və bununla əlaqədar MPM-in 153.3-cü maddəsinə uyğun olaraq, əsaslandırılmış qərardad qəbul edilməli, eyni zamanda tərəflərə xarici ölkənin məhkəməsinə müraciət hüququ izah edilməlidir”;
2.3.2. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:
“3.1-1. Prosessual qənaət prinsipi baxımından kommersiya məhkəməsinin beynəlxalq səlahiyyəti müəyyən edilmədən, MPM-in 152-ci maddəsində göstərilən əsasların olub olmaması yoxlanıla bilməz. Əgər məhkəmənin işə baxmaq üçün beynəlxalq səlahiyyəti varsa, lakin bununla bərabər iddia ərizəsinin geri qaytarılması üçün əsaslar aşkar edilərsə, bu barədə qərardadda ilk növbədə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı hüquqi əsaslandırma aparılmalıdır.”;
2.3.3. 3.3-cü bəndin birinci cümləsindən “(münsiflər məhkəməsinə)” sözləri, ikinci və üçüncü cümlələrindən isə “(münsiflər məhkəməsində)” sözləri çıxarılsın və həmin bəndin dördüncü cümləsində “cavabdeh tərəfindən etiraz” sözləri “tərəflərdən hər hansı birinin etirazı” sözləri ilə əvəz edilsin;
2.3.4. 3.4-cü bənddə “etirazı nəzərə alınmamalı” sözləri “etiraz qəbul edilməməli” sözləri ilə əvəz edilsin;
2.3.5. 3.5-ci bənddə “məhkəmə” sözündən sonra “yekun məhkəmə aktında” sözləri əlavə edilsin;
2.3.6. 3.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.7. Xarici şəxslər tərəfindən və ya onlara qarşı verilmiş müvəqqəti təminat tədbirlərinə dair ərizələr üzrə icraat zamanı məhkəmələr tərəfindən bu Qərarda verilmiş izahlar nəzərə alınmalıdır.”.
2.4. 4-cü hissə üzrə:
2.4.1. adında “tələblər” sözündən sonra “, məhkəmə tapşırıqları” sözləri əlavə edilsin;
2.4.2. aşağıdakı məzmunda 4.11 və 4.12-ci bəndlər əlavə edilsin:
“4.11. Azərbaycan Respublikasının məhkəmələrinin xarici ölkələrin məhkəmələrinə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə verdiyi məhkəmə tapşırıqları ilə əlaqədar məsələlər MPM-in 456.3-456.6-cı maddələri ilə tənzimlənir.
4.12. Məhkəmə tapşırıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən ikitərəfli və çoxtərəfli müqavilələrdə nəzərdə tutulmuş qaydada və həmin müqavilələrə əsasən müəyyən edilmiş səlahiyyətli orqanlar vasitəsilə göndərilir (məsələn, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il Kişinyov Konvensiyasında mülki və ailə işləri üzrə, habelə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” müqavilə üzrə mülki və ticarət işlərində qarşılıqlı hüquqi yardım göstərilməsi üçün səlahiyyətli orqan kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müəyyən edilmişdir).”.
2.5. 5-ci hissə üzrə:
2.5.1. 5.13-cü bənddə “Beynəlxalq müqavilələr hüququ” sözləri “Müqavilələr Hüququ” sözləri ilə əvəz edilsin;
2.5.2. 5.21 və 5.22-ci bəndlər ləğv edilsin.
2.6. aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:
6.1. Ələt azad iqtisadi zonasında mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının aparılması zamanı “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınır (MPM-in 1.6-cı maddəsi). Bu baxımdan, hazırkı Plenum qərarı ilə müəyyən edilən izahlar “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 25 və 26) tələbləri baxımından Azad Zonada mübahisələrə baxılmasını və onların həllini təmin edən qurumların yurisdiksiyasına aid olan kommersiya mübahisələrinə şamil edilmir.
6.2. Bu Plenum qərarı ilə verilmiş izahlar mülki mübahisələrin xüsusiyyətləri, habelə inzibati məhkəmə icraatının prinsipləri nəzərə alınmaqla, həmin işlər üzrə məhkəmə icraatlarında da tətbiq oluna bilər.”.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Bakı şəhəri, 24 dekabr 2025-ci il