Qanunvericilik › “Xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarlarına dair Qaydalar”ın təsdiq edilməsi haqqında (Dövlət Gömrük Komitəsi, 18.04.2025) › Tam mətn

“Xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarlarına dair Qaydalar”ın təsdiq edilməsi haqqında (Dövlət Gömrük Komitəsi, 18.04.2025)

“Xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarlarına dair Qaydalar”ın təsdiq edilməsi haqqında (Dövlət Gömrük Komitəsi, 18.04.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası

1. “Xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarlarına dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).

2. Hüquqi Təminat İdarəsi Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Komitənin Katibliyi bu Qərarın surətinin Komitənin aidiyyəti struktur bölmələrinə və qurumlarına göndərilməsini təmin etsin.

1.1. “Xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarlarına dair Qaydalar” (bundan sonra – Qaydalar) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 101.5-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 6.5-ci bəndinə uyğun olaraq hazırlanmışdır və risk meyarlarının müəyyənləşdirilməsi, bu meyarlar əsasında xarici ticarət iştirakçılarının (bundan sonra – XTİ) risk qrupları üzrə bölgüsünün aparılması ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakılardır:

1.2.1. XTİ – idxal və (və ya) ixrac əməliyyatlarını həyata keçirən vergi ödəyicisinin eyniləşdirilmə nömrəsinə (VÖEN) malik olan fiziki və ya hüquqi şəxslər;

1.2.2. risk qrupu – XTİ-nin risk meyarları əsasında müəyyən edilən risk səviyyəsinə uyğun olaraq aşağı, orta, yüksək risk qruplarından biri;

1.2.3. risk meyarı – XTİ-nin risk səviyyəsini qiymətləndirən ölçü;

1.2.4. risk indikatoru – gömrük qanunvericiliyinin pozulmasına ehtimal yaradan hərəkətləri seçmək və ya hədəfləmək üçün praktiki vasitə kimi istifadə olunan göstəricilər;

1.2.5. VRP – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (bundan sonra – Komitə) arasında məlumatların ötürülməsi məqsədilə yaradılmış Vahid Risk Platforması;

1.2.6. güzəştli vergi tutulan ölkələr və ərazilər – Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” üzrə müəyyən edilən ölkələr və ərazilər.

2.1. Qanunvericiliklə müəyyən edilmiş amillər nəzərə alınmaqla XTİ-nin risk qruplarının müəyyənləşdirilməsi üçün risk meyarları aşağıdakılardır:

2.1.1. iqtisadi faəliyyət sahəsində qəsdən törədilmiş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunma;

2.1.2. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, mülkiyyət, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik, iqtisadi fəaliyyət, ticarət, vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta, gömrük və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilmə;

2.1.3. bu Qaydaların 2.1.1 və 2.1.2-ci yarımbəndlərində nəzərdə tutulan hüquqpozma əlamətləri ilə bağlı davam edən araşdırmalar;

2.1.4. xarici ticarət əməliyyatları sahəsində fəaliyyət müddəti;

2.1.5. xarici ticarət əməliyyatlarının sayı;

2.1.6. xarici ticarət dövriyyəsi;

2.1.8. həyata keçirilmiş xarici ticarət əməliyyatlarının nəticələri;

2.1.9. VRP-də riskli vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması;

2.1.10. güzəştli vergi tutulan ölkələr və ərazilərlə xarici ticarət əməliyyatları;

2.1.11. gömrük və (və ya) vergi borcu (qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq olaraq borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətlərinin dəyişdirilməsi halları istisna olmaqla);

2.1.12. vergi orqanında qeydiyyatda olan anbarın və ya digər təsərrüfat obyektinin sahəsi və infrastrukturu.

3.1. XTİ-nin risk səviyyəsinin müəyyən edilməsi məqsədilə məlumatların təhlili Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (bundan sonra – VAİS) vasitəsilə həyata keçirilir. Bu məqsədlə istifadə olunan əsas məlumat mənbələri aşağıdakılardır:

3.1.1. gömrük bəyannamələri üzrə məlumat bazaları;

3.1.2. gömrük əməliyyatları və hüquqpozmalar üzrə məlumat bazaları;

3.1.3. digər dövlət orqanlarından (qurumlarından) daxil olan məlumatlar;

3.1.4. Komitə tərəfindən xarici dövlətlərin müvafiq qurumlarına ünvanlanmış sorğular nəticəsində əldə olunmuş rəsmi məlumatlar.

3.2. Risk qiymətləndirilməsi son 12 (on iki) aylıq dövr ərzində XTİ tərəfindən həyata keçirilən idxal və ( və ya) ixrac əməliyyatları üzrə aparılır.

3.3. XTİ yalnız aşağı risk qrupuna aid edilən bütün indikatorlara cavab verdiyi halda həmin risk qrupunda təsnifləşdirilir.

3.4. XTİ yüksək risk qrupuna aid edilən indikatorlardan ən azı birinin təsir dairəsinə düşdüyü halda həmin risk qrupunda təsnifləşdirilir.

3.5. Aşağı və ya yüksək risk qruplarına aid edilməyən XTİ orta risk qrupunda təsnifləşdirilir.

3.6. Son qiymətləndirilmənin nəticəsi olaraq orta və ya yüksək risk qrupuna aid edilmiş XTİ-nin risk qrupu növbəti 6 (altı) ay ərzində aylıq qiymətləndirmələrin nəticəsindən asılı olmayaraq daha aşağı risk qrupuna dəyişdirilə bilməz.

3.7. XTİ yalnız “bu Qaydaların 2.1.1 və 2.1.2-ci yarımbəndlərində nəzərdə tutulan hüquqpozma əlamətləri ilə bağlı davam edən araşdırmalar” meyarı üzrə orta risk qrupuna daxil edildikdə və bu bölgüdən sonra araşdırmanın nəticəsi üzrə hüquqpozma faktı öz təsdiqini tapmadığı halda bu Qaydaların 3.6-cı bəndi üzrə qeyd olunmuş müddət nəzərə alınmır.

3.8. XTİ-nin qiymətləndirilməsi zamanı hər hansı meyar üzrə müvafiq məlumatlar əldə edilmədiyi və ya qiymətləndirmənin aparılmasının mümkün olmadığı hallarda həmin meyar üzrə nəticə qiymətləndirmədə nəzərə alınmır.

3.9. XTİ-nin qiymətləndirilməsinin nəticələri VAİS-ə daxil edilməklə XTİ-yə münasibətdə gömrük nəzarəti formalarının seçilməsində, “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadənin tənzimlənməsində, eləcə də qanunvericiliyə riayət edən şəxslərə münasibətdə prosedurların sadələşdirilməsində alətlərdən biridir.

4.1. Aşağı risk qrupunun meyarlar üzrə indikatorları aşağıdakılardır:

4.1.1. XTİ-nin iqtisadi faəliyyət sahəsində qəsdən törədilmiş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunmaması;

4.1.2. XTİ-nin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, mülkiyyət, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik, iqtisadi fəaliyyət, ticarət, vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta, gömrük və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilməməsi;

4.1.3. bu Qaydaların 2.1.1 və 2.1.2-ci yarımbəndlərində nəzərdə tutulan hüquqpozma əlamətləri ilə bağlı davam edən araşdırmaların olmaması;

4.1.4. xarici ticarət əməliyyatları sahəsində fəaliyyət müddətinin 12 (on iki) aydan çox olması;

4.1.5. xarici ticarət əməliyyatlarının sayının 20-dən çox olması;

4.1.6. ticarət dövriyyəsi üzrə gömrük dəyərinin 200 (iki yüz) min manatdan çox olması;

4.1.7. işçi sayının 5-dən çox olması;

4.1.8. düzəliş olunan gömrük bəyannamələrinin sayının gömrük bəyannamələrinin ümumi sayının 20 (iyirmi) faizindən az olması;

4.1.9. VRP-də riskli vergi ödəyicisi kimi qeydiyyatda olmaması;

4.1.10. həyata keçirilmiş xarici ticarət əməliyyatlarının nəticələrinə əsasən gömrük ödənişlərində dürüstləşmənin məbləğinin gömrük ödənişlərinin ümumi məbləğinin 5 (beş) faizindən az olması;

4.1.11. güzəştli vergi tutulan ölkələr və ərazilərlə ticarət əməliyyatlarının olmaması;

4.1.12. gömrük və vergi borclarının olmaması (qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq olaraq borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətlərinin dəyişdirilməsi halları istisna olmaqla);

4.1.13. vergi orqanında qeydiyyatda olan anbarının və ya digər təsərrüfat obyektinin sahəsi və infrastrukturu idxal-ixrac edilən malların həcmi və növü ilə uyğunluq təşkil etməsi və ya üçüncü şəxslərlə anbarlarda saxlama müqaviləsinin mövcud olması.

4.2. Yüksək risk qrupunun meyarlar üzrə indikatorları aşağıdakılardır:

4.2.1. XTİ-nin iqtisadi fəaliyyət sahəsində qəsdən törədilmiş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunması;

4.2.2. XTİ-nin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, mülkiyyət, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik, iqtisadi fəaliyyət, ticarət, vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta, gömrük və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilməsi;

4.2.3. həyata keçirilmiş xarici ticarət əməliyyatlarının nəticələri üzrə gömrük ödənişlərində dürüstləşmənin məbləğinin gömrük ödənişlərinin ümumi məbləğinin 20 (iyirmi) faizindən çox olması;

4.2.4. VRP-də riskli vergi ödəyicisi kimi qeydiyyatda olması;

4.2.5. güzəştli vergi tutulan ölkələr və ərazilərlə xarici ticarət əməliyyatlarının sayının əməliyyatların ümumi sayının 5 (beş) faizindən çox olması.

5.1. XTİ-nin risk qrupunun müəyyən edilməsi və ya dəyişdirilməsi Komitənin qərarı ilə həyata keçirilir.

5.2. Qərardan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver