“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 22 yanvar 2013-cü il
1.1. Bu Qayda “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.4-cü maddəsinə əsasən hazırlanmışdır və xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti (bundan sonra – özünəqulluq qabiliyyəti) olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi qaydasını tənzimləyir.
1.2. Şəxsə (ailəyə) qulluq və kömək göstərə biləcək qohumlar dedikdə - əmək qabiliyyətli babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.
2.1. Özünəqulluq qabiliyyəti olmayan şəxslər sosial xidmət göstərilməsi üçün ərizə ilə yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına (bundan sonra – Qurum), “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə müraciət edirlər. Ərizədə həmçinin onlara qulluq və kömək göstərə biləcək qohumların (əmək qabiliyyətli babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr) olmaması qeyd edilir.
2.2. Ərizə ona təqdim edildikdən sonra sosial işçi yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (şəxsin valideynləri, özü və övladları barədə) və digər aidiyyəti qurumlara sorğu göndərir.
2.3. Həmin qurumlar tərəfindən qohumlar barədə məlumatlar göstərilməklə, 5 (beş) iş günü müddətində sorğuya cavab verilir.
2.4. Sorğu göndərilən qurumlarda zəruri məlumatlar olmadıqda, Qurumların, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin, mənzil istismar sahələrinin nümayəndələrinin, çoxmənzilli binaları idarə edən şəxslərin, eləcə də şəxsin qonşularının iştirakı ilə şəxsin qohumları barədə sosial işçi tərəfindən akt tərtib olunur.
2.5. Sorğunun və ya aktın nəticələri əsasında sosial işçi tərəfindən şəxsə qulluq və kömək göstərə biləcək qohumların olub-olmamasını özündə əks etdirən hesabat hazırlanır.
2.6. Qurum tərəfindən sosial işçinin hesabatı (sorğunun və ya aktın nəticələri əlavə olunmaqla) əsasında özünəqulluq qabiliyyəti olmayan şəxslərə kömək göstərə biləcək qohumların olmaması barədə qərar qəbul edilir.
1. 28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976)
2. 9 iyul 2019-cu il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1320)
3. 5 mart 2021-ci il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 273)
4. 6 oktyabr 2021-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 oktyabr 2021-ci il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1163)
5. 21 sentyabr 2024-cü il tarixli 437 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 28 sentyabr 2024-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1100)
6. 4 dekabr 2025-ci il tarixli 377 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 12 dekabr 2025-ci il, № 262, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1225)