Qanunvericilik › Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlər

Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Bu Qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında aşağıdakıların xidməti silah əldə etmək hüququ vardır:

1) xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslərin;

2) xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələrin (bundan sonra “təchiz edən müəssisələr” adlanacaq);

3) idman və ovçuluq cəmiyyətlərinin;

4) təhsil müəssisələrinin.

II. Bu Qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) mülki silah (odlu silah istisna olmaqla) əldə etmək hüququ vardır. Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ vardır.

III. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına və siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi digər vəzifəli şəxslərə xidməti silah verilir. Onların öz səlahiyyətlərini icra etdikləri bütün müddət ərzində xidməti silahı saxlamaq və gəzdirmək hüququ vardır.

IV. Aşağıdakı hallarda vətəndaşın xidməti və ya mülki silah əldə etməsi qadağandır:

1) onun mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla yeddi ədəddən artıq odlu ov və ya idman silahı olduqda;

2) haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq tibb müəssisəsinin tibbi əks göstərişi olduqda;

3) o ağır cinayətlərə görə, habelə silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda;

4) onun haqqında ov və balıq və digər su bioresurslarının ovu qaydalarının, odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarının, ictimai qaydanın və müəyyən olunmuş idarəçilik qaydalarının pozulmasına görə, habelə odlu silahdan və ya döyüş sursatından istifadə etməklə törədilmiş digər hüquqpozmalara görə inzibati tənbeh tədbirləri tətbiq edildikdə (həmin inzibati tənbehin tətbiqindən bir il müddətində);

5) polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda;

6) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;

7) bu maddənin 2-5-ci yarımbəndlərində nəzərdə tutulmuş şəxslə bir mənzildə yaşadıqda;

8) silahla təhlükəsiz davranma qaydalarının bilməməsi müəyyən olunduqda.

V. Beş ildən az olmayaraq ovçular cəmiyyətinin üzvü olan və silahın dövriyyəsi ilə bağlı qaydaları pozmayan vətəndaşın, habelə odlu silahın saxlanılmasına və gəzdirilməsinə icazəsi olan silahlı birləşmələrin əməkdaşının yivli lüləli odlu ov silahı əldə etmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququ vardır.

VI. Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və ya mülki silahın əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi qaydalarını Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver