Qanunvericilik › Xidməti və mülki silahın sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 02.03.2016) › Tam mətn

Xidməti və mülki silahın sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 02.03.2016)

Xidməti və mülki silahın sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 02.03.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGIYASI QƏRARI

Xidməti və mülki silahın sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 9 sentyabr tarixli 590 nömrəli Fərmanının 7-ci hissəsinin və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1998-ci il tarixli 679 nömrəli Fərmanının 2-ci hissəsinin səkkizinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 19-cu bəndi rəhbər tutularaq qərara alınır:

1. “Xidməti və mülki silahın sertifikatlaşdırılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Komitənin 2010-cu il 10 dekabr tarixli 170 nömrəli əmri ilə təsdiq edilmiş və 2010-cu il 17 dekabr tarixli 4073 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Xidməti və mülki silahın sertifikatlaşdırılması Qaydaları” qüvvədən düşmüş hesab edilsin.

3. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R.Cavadzadə) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

4. İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi (F.Talıbov) bu Qərardan irəli gələn məsələləri səlahiyyətləri çərçivəsində həll etsin.

5. Ümumi şöbəyə (X.Həsənova) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Azərbaycan Respublikası Standartlaşdırma,

Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “02” mart 2016-cı il tarixli 160116500011 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. “Xidməti və mülki silahın sertifikatlaşdırılması Qaydaları” (bundan sonra- Qaydalar) “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1998-ci il tarixli 679 nömrəli Fərmanının 2-ci hissəsinin səkkizinci abzasının icrasını təmin etmək məqsədilə hazırlanmışdır və xidməti və mülki silahın sertifikatlaşdırılması ilə bağlı işin təşkilini, habelə sertifikatlaşdırılmaya dair texniki tələbləri və xidməti və mülki silahın sınaqdan keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Sertifikatlaşdırma insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran məhsulun istehsalının, idxalının və dövriyyəyə buraxılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir.

1.3. Xidməti və mülki silahın (bundan sonra-silah) sertifikatlaşdırılması Azərbaycan Respublikasının qanunvericiliyinə, bu Qaydalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq qaydada həyata keçirilir.

1.4. Sertifikat Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın dövriyyəsi üçün əsasdır.

1.5. Bu Qaydalarda istifadə olunan anlayışlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə”də nəzərdə tutulmuş mənaları ifadə edir.

2.1. Silahın və onun döyüş sursatının sertifikatlaşdırılması aşağıdakı hallarda aparılır:

2.1.1. seriyalı və ya tək-tək istehsala başlandıqda (sınaq nümunələrin istehsalından başqa);

2.1.2. Azərbaycan Respublikasına idxal olunduqda.

2.2. Sertifikatlaşdırma zamanı silahın aşağıdakı tələblərə cavab verməsinin yoxlanılması məqsədi ilə sınaqlar aparılır:

2.2.1. davamlılıq və təhlükəsiz işləmə;

2.2.2. tibbi-bioloji və kimyəvi-analitik tələblərə uyğunluq;

2.2.3. kriminalistik tələblərə uyğunluq.

2.3. Yalnız ixrac məqsədi ilə istehsal olunmuş (idxalçı ölkələrin texniki şərtlərinə uyğun olaraq) silahın və onun döyüş sursatlarının sertifikatlaşdırılması zamanı onlar mütləq davamlılığa və təhlükəsiz işləməyə dair sınaqdan keçirilir.

2.4. Silahın modelinin sertifikatlaşdırılması zamanı silahın hər bir modelinə uyğunluq sertifikatı (bundan sonra - sertifikat) verilir.

2.5. Silahın eyni modeli müxtəlif istehsalçılar tərəfindən istehsal edildikdə onların sertifikatlaşdırılması hər bir istehsalçı üzrə aparılır.

2.6. Xarici ölkə istehsalı olan silah partiyasının sertifikatlaşdırılması aşağıdakıları ehtiva edir:

2.6.1. sertifikatlaşdırma üzrə orqanda eyniləşdirməni;

2.6.2. qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş sınaq laboratoriyalarında tibbi-bioloji və kimyəvi-analitik tələblərə uyğunluğa dair sınaqları;

2.6.3. möhkəmliyə və təhlükəsiz işləməyə dair sınaqları.

2.7. Azərbaycan Respublikasına gətirilən xaricdə istehsal olunmuş silaha dair sınaq protokolları, sertifikat və silahın istismarı haqqında təlimat müvafiq xarici dildə olmaqla yanaşı, Azərbaycan dilinə də tərcümə olunmalıdır.

2.8. Texnoloji məqsədlər üçün silahların idxalı istisna olmaqla, Azərbaycan Respublikasına idxal edilən silahın və onun döyüş sursatlarının qablaşdırılmasının üzərində olan markalanma və təhlükəsiz rəftar haqqında məlumatlar Azərbaycan dilində olmalıdır.

3.1. Silahın sertifikatlaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə”yə və müvafiq dövlət standartlarına uyğun olaraq aparılır.

3.2. Silahın sertifikatlaşdırılması üçün sifarişçi silahın sertifikatlaşdırılması üzrə orqana sifariş verir.

3.3. Sifarişdə aşağıdakılar öz əksini tapmalıdır:

3.3.1. hüquqi şəxslər üçün - hüquqi şəxsin adı və hüquqi ünvanı;

3.3.2. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verən orqan, verilmə tarixi).

3.4. Azərbaycan Respublikasında istehsal olunmuş silah üçün sifarişlə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

3.4.1. silahın istehsalına verilən xüsusi icazə;

3.4.2. qeydiyyata alınmış texniki şərtlər;

3.4.3. silahın pasportu;

3.4.4. silahın rəngli şəkli və onun yığma cizgisi.

3.5. Xaricdə istehsal olunmuş silah üçün sifarişlə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

3.5.1. silahın satışına verilən xüsusi icazə;

3.5.2. silahın alınmasına dair müqavilə;

3.5.3. istehsalçının keyfiyyət sertifikatının və sertifikatlaşdırmanı aparan ölkənin uyğunluq sertifikatının surətləri və onların azərbaycan dilində tərcüməsi;

3.5.4. silahın pasportunun (istismar üzrə təlimat) azərbaycan dilində tərcüməsi;

3.5.5. silahın rəngli şəkli və onun yığma cizgisi.

3.6. Sifarişçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunmasına yol verilmir.

3.7. Silahın sertifikatlaşdırılması aşağıdakı ardıcıllıqla aparılır:

3.7.1. təqdim edilmiş sənədlərin təhlili;

3.7.2. sertifikatlaşdırma sxeminin seçilməsi, silahın sınaqlarının aparılacağı akkreditasiya edilmiş laboratoriyanın seçilməsi;

3.7.3. sifariş üzrə sertifikatlaşdırmaya dair işlərə başlanılması barədə qərarın qəbul edilməsi;

3.7.4. silahdan nümunə seçilməsi və məhsulun eyniləşdirilməsi;

3.7.5. nümunələrin sınaqları;

3.7.6. sınaqların nəticələrinə görə uyğunluq sertifikatının verilməsi və ya onun verilməsindən imtina barədə qərarın qəbul edilməsi.

3.8. Sertifikatlaşdırmanın aparılması üçün bu Qaydalara uyğun olaraq təqdim edilmiş sənədlərə baxılması, nümunələrin sınaqdan keçirilməsi, sertifikatlaşdırma üzrə orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi sənədlərin təqdim edildiyi vaxtdan 15 gün müddətində həll edilməlidir.

3.9. Silahın sınaq üçün seçilməsi müvafiq texniki normativ hüquqi aktın tələblərinə uyğun aparılır. Sınaqlar akkreditasiya edilmiş sınaq laboratoriyalarında sertifikatlaşdırma üzrə orqanın nümayəndəsinin nəzarəti altında keçirilir. Sınağın nəticələri müsbət olduqda, sertifikatlaşdırma üzrə orqan sınaq protokollarının təhlilini, silahın və onun döyüş sursatının müəyyənləşdirilmiş tələblərə uyğunluğunun qiymətləndirilməsini aparır, sertifikatın verilməsinin mümkünlüyü barədə qərarı hazırlayır, onu rəsmiləşdirir və qeydiyyata alır.

3.10. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın 8-ci hissəsinə əsasən xidməti və mülki silahların və onların döyüş sursatlarının aşağıdakı hallarda sertifikatlaşdırılmadan Azərbaycan Respublikasına gətirilməsinə yol verilir:

3.10.1. silahlar və onların döyüş sursatları sertifikata malik olduqda (xarici ölkədə istehsal olunan silahın və döyüş sursatının sertifikatlaşdırma nəticələrinin tanınması barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin olması şərti ilə);

3.10.2. silah, silah sərgisinin hazırlanması və keçirilməsi üçün gətirildikdə;

3.10.3. silah Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş qaydada idman yarışlarında iştirak edilməsi və ya ov edilməsi üçün zəruri olduqda;

3.10.4. xidməti silah və onun döyüş sursatı Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə gətirildikdə.

3.11. Sertifikatlaşdırılmış məhsulun müşayiətedici texniki sənədlərində (texniki pasport, etiket və s.) sertifikatlaşdırmaya dair qeyd aparılır, sertifikatın nömrəsi və verilmə tarixi, eləcə də sertifikatı vermiş sertifikatlaşdırma üzrə orqan göstərilir.

3.12. Silahlar və onların döyüş sursatları sertifikatlaşdırıldıqdan sonra uyğunluq nişanı ilə markalanır.

3.13. Uyğunluq nişanı silahın əsas detallarından birinə (lülə, lülə qutusu, çaxmaq), yaxud müşayiətedici texniki sənədə (pasport) və ilkin patron qutusuna vurulur.

3.14. Sertifikatın ləğvi sertifikatı vermiş sertifikatlaşdırma üzrə orqan tərəfindən aşağıdakı hallarda həyata keçirilir:

3.14.1. buraxılan məhsul möhkəmlik və təhlükəsiz işləmə baxımından normativ sənədlərin tələblərinə uyğun olmadıqda;

3.14.2. sifarişçi tərəfindən sertifikatlaşdırma sisteminin sınaqlar üzrə tələbləri yerinə yetirilmədikdə;

3.14.3. silahın möhkəmliyinə və təhlükəsiz işləməsinə dair sınaq üsullarında və ya normativ sənədlərdə dəyişikliklər olduqda;

3.14.4. təhlükəsizlik tələblərinə, yaxud kriminalistik tələblərə uyğunsuzluğa səbəb olacaq konstruksiyanın, hazırlanma texnologiyasının dəyişdirilməsi və yaxud texniki xarakterli digər dəyişikliklər olduqda;

3.14.5. sertifikat sahibinin sertifikatın yenidən rəsmiləşdirilməsinə dair yazılı müraciəti olduqda.

3.15. Sertifikatın ləğvi haqqında məlumat sertifikatı vermiş sertifikatlaşdırma üzrə orqan tərəfindən müvafiq qərar qəbul ediləndən sonra sifarişçiyə 3 gün müddətində yazılı surətdə (səbəbləri göstərilməklə) verilir.

3.16. Sertifikatlaşdırılmadan keçmiş hər bir silah və onların döyüş sursatının və silahla konstruktiv oxşar məmulatın nümunəsi sınaqlar keçiriləndən sonra saxlanılmaq üçün etalon nümunə qismində istehsalçı (satıcı) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə (bundan sonra - Kriminalistik Tədqiqatlar İdarəsi) verilir.

3.17. Silahın etalon nümunəsinin istehsalçı (satıcı) tərəfindən saxlanılmaq üçün Kriminalistik Tədqiqatlar İdarəsinə verilməsi, ədədlə hazırlanan silah modelinə, eləcə də vətəndaşlar tərəfindən fərdi qaydada, xüsusi mülkiyyət hüquqları ilə gətirilən az təsadüf edilən silah nüsxələrinə aid edilmir.

3.18. Sertifikatlaşdırma üzrə orqan tərəfindən nümunələrin seçilməsi aktı üzrə silah nümunələri seçilir və silah nümunələrinin kriminalistik tələblərə uyğunluğunun təsdiq edilməsi üçün Kriminalistik Tədqiqatlar İdarəsinə təqdim edilir. Silahın kriminalistik tələblərə uyğunluğu müəyyən olunduğu təqdirdə, sınaq nümunələrindən etalon nümunə seçilərək Kriminalistik Tədqiqatlar İdarəsində saxlanılır.

4.1. İstehsal edilən silah və onun döyüş sursatına dair normativ sənədlərin qüvvədə olma müddəti, həmçinin istehsalatın və ya keyfiyyət sisteminin sertifikatlaşdırıldığı müddət nəzərə alınmaqla silah və döyüş sursatının sertifikatının qüvvədə olma müddəti sertifikatlaşdırma üzrə orqan tərəfindən müəyyənləşdirilir. Bu müddət 3 ildən artıq ola bilməz.

4.2. İdxal olunan silah və onun döyüş sursatının partiyasına verilən sertifikatın qüvvədə olma müddəti müəyyən edilmir.

4.3. Silahın və onun döyüş sursatının sertifikatının qüvvədə olma müddəti ərzində silahın müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunun təmin olunmasına nəzarət sertifikatlaşdırma üzrə orqan tərəfindən həyata keçirilir.

4.4. İnspeksiya nəzarəti sertifikatın qüvvədə olduğu bütün müddət ərzində planlı və plandankənar şəkildə keçirilir.

4.5. Planlı inspeksiya nəzarəti ildə bir dəfədən az olmamaqla keçirilir.

4.6. Planlı inspeksiya nəzarəti, sertifikatlaşdırmanı apararkən müəyyən edilmiş dövriliklə istehsalçı müəssisədə keçirilir. İnspeksiya nəzarətinin aparılması üçün istehsalçı müəssisə şərait yaratmalı, lazımi sənədləri təqdim etməlidir.

4.7. Planlı inspeksiya nəzarəti aşağıdakıları nəzərdə tutur:

4.7.1. məhsulun təhlükəsizlik tələbləri üzrə təhvil-təslim və dövri sınaqları aparılarkən dövlət standartlarının və digər normativ sənədlərin tələblərinə riayət edilməsinin yoxlanılmasını;

4.7.2. texniki sənədlərin təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılmasını;

4.7.3. sertifikatın qüvvədə olduğu bütün dövr ərzində keçirilən sınaqların protokollarının təhlilini;

4.7.4. silahın təhlükəsizliyinə təsir edə biləcək, habelə silahın konstruksiyasına və texnoloji prosesə edilən dəyişikliklərin təhlilini;

4.7.5. dövlət standartlarının və digər normativ sənədlərin tələblərinə uyğun sınaqların aparılması üçün tələb olunan ölçü cihazlarının və sınaq avadanlıqlarının mövcudluğunun yoxlanılmasını;

4.7.6. avadanlıqların və ölçü cihazlarının attestasiyasının vaxtında aparılmasının yoxlanılmasını;

4.7.7. istehlakçıların təhlükəsizlik tələbləri ilə bağlı iddialarının yoxlanılmasını;

4.7.8. müəssisədə təhlükəsizlik tələbləri ilə bağlı qüsurların aradan qaldırılması üçün görülən tədbirlərin yoxlanılmasını.

4.8. İnspeksiya nəzarəti aparılarkən seçilmiş nümunələrin sınaqları, normativ sənədlərin tələblərinə müvafiq akkreditasiya edilmiş sınaq laboratoriyasında aparılır.

4.9. İnspeksiya nəzarətinin nəticələri ümumi rəyi əks etdirən aktla rəsmiləşdirilir. Akt sertifikatlaşdırma üzrə orqanda saxlanılır, onun surəti isə istehsalçıya və inspeksiya nəzarətinin aparılmasında iştirak etmiş təşkilatlara göndərilir.

4.10. Plandankənar inspeksiya nəzarəti istehlakçılardan, satış müəssisələrindən, sertifikatlaşdırılmış məhsulun keyfiyyətinə ictimai və ya dövlət nəzarətini həyata keçirən orqanlardan müraciət daxil olduqda, eləcə də silahın kriminalistik tələblərə uyğunluğuna təsir göstərən konstruktiv dəyişiklik edildikdə sertifikatlaşdırma üzrə orqan tərəfindən keçirilir.

4.11. Plandankənar inspeksiya nəzarəti həm satıcıdan, həm də istehsalçıdan götürülmüş nümunələr üzərində (sertifikatlaşdırma sxeminə uyğun) keçirilə bilər.

4.12. Satıcıdan götürülmüş nümunələr üzərində inspeksiya nəzarətinin xüsusiyyətləri aşağıdakılardır:

4.12.1. İnspeksiya nəzarəti normativ sənədlərlə silahın sertifikatlaşdırılması üçün müəyyən olunmuş həcmdə nümunələrin təhlükəsizlik tələblərinə uyğunluğuna dair sınaq keçirilməklə aparılır.

4.12.2. İnspeksiya nəzarəti sertifikatlaşdırma üzrə orqan tərəfindən, sifarişçinin və ya sifarişçinin xahişi ilə digər müəssisələrin nümayəndələrinin iştirakı ilə keçirilir. Satıcı bu barədə məlumat almaq və inspeksiya nəzarətinin keçirilməsində iştirak etmək hüququna malikdir.

4.12.3. Satıcıdan nümunələr götürülərkən sertifikatlaşdırma üzrə orqanın nümayəndəsi onları eyniləşdirir və aşağıdakılar barədə məlumatı əks etdirən nümunələrin seçilməsi haqqında akt tərtib edir:

4.12.3.1. məhsulun növü;

4.12.3.2. silahda, qablamada və (və ya) məhsulun mal müşayiətedici sənədlərində, uyğunluq nişanının olması;

4.12.3.3. istehsalçının şərti işarəsi, partiyanın nömrəsi, istehsal tarixi, zəmanət müddəti və nümunələrin seçilmə tarixi;

4.12.3.4. satıcının rekvizitləri, məhsulun saxlanma şəraiti.

4.12.4. Akt nümunələrin seçilməsində iştirak edənlər tərəfindən imzalanır.

4.12.5. Silahın sertifikatlaşdırma sınaqları müvafiq sertifikatlaşdırma sistemində akkreditasiya olunmuş sınaq laboratoriyalarında müvafiq normativ sənədlərdə müəyyən olunmuş metodlarla, onlar olmadıqda isə sertifikatlaşdırma üzrə orqanların müəyyən etdiyi metodlarla aparılmalıdır.

4.12.6. Sınaq laboratoriyası bağlanmış müqaviləyə uyğun olaraq seçilmiş nümunələrin sınağını keçirir və müəyyən olunmuş qaydada sertifikatlaşdırma üzrə orqana sınaq protokollarını təqdim edir.

4.12.7. Sertifikatlaşdırma üzrə orqan sınağın nəticələrini təhlil edir və onun əsasında rəy tərtib edir.

4.12.8. Sınağın nəticələri müsbət olduqda sertifikatlaşdırma üzrə orqan öz rəyi ilə birlikdə nümunələrin seçilməsi aktını, sınağın proqramının və protokollarının surətlərini və öz tövsiyələrini sifarişçiyə göndərir.

4.12.9 Sınağın nəticələri qənaətbəxş olmadıqda, sertifikatlaşdırma üzrə orqan bu Qaydaların 4.12.8-ci yarımbəndində göstərilən sənədlərlə birgə satıcıya sertifikatın ləğvi haqqında qərarını göndərir.

4.13. İstehsalçıdan götürülmüş nümunələr üzərində inspeksiya nəzarətinin xüsusiyyətləri aşağıdakılardır:

4.13.1. İnspeksiya nəzarəti sertifikatlaşdırma üzrə orqan tərəfindən həyata keçirilir.

4.13.2. Nümunələrin seçilməsi istehsalçının nümayəndəsinin mütləq iştirakı ilə keçirilir və bu Qaydaların 4.12.3.1-4.12.3.3-cü abzaslarında göstərilən məlumatları əks etdirən nümunələrin seçilməsi haqqında akt tərtib edilir. Akt, nümunələrin seçilməsində iştirak edənlər tərəfindən imzalanır.

4.13.3. Sınağın keçirilməsi üçün nümunələr istehsalçı tərəfindən təqdim olunur.

4.13.4. Sınağın nəticələri müsbət olduqda sertifikatlaşdırma üzrə orqan istehsalçıya rəylə birgə öz tövsiyələrini, nəticələr mənfi olduqda isə sertifikatın ləğvi haqqında qərarını göndərir.

Silahın sertifikatlaşdırılması ilə bağlı bu Qaydalarda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə”yə və digər qanunvericilik aktlarına uyğun olaraq tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver