Qanunvericilik › “Xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 22.09.2021) › Tam mətn

“Xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 22.09.2021)

“Xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 22.09.2021) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarla təsdiq edilmiş Qaydanın 2.4.2-ci yarımbəndi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 22 sentyabr 2021-ci il

1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 111.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydasını müəyyən edir.

1.2. Banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyatlarını maliyyə bazarları tənzimləyicisinin müəyyən etdiyi qaydaya uyğun yaradır.

1.3. Xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün bu Qaydaya uyğun olaraq gəlirdən çıxılır.

1.4. Bank olmayan kredit təşkilatları tərəfindən qarşılıqlı surətdə asılı olan şəxslərə verilmiş kreditlər üzrə maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydaya uyğun yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır. Bank olmayan kredit təşkilatları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

1.5. Kredit ittifaqının üzvləri qarşılıqlı surətdə asılı olan şəxslər olduqda və onların kredit ittifaqının nizamnamə kapitalındakı paylarının həcmi 50 faizdən çox olduqda, həmin üzvlərə kredit ittifaqı tərəfindən verilmiş kreditlər üzrə maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydada yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır. Kredit ittifaqları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

1.6. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının qüvvədə olan normativ və normativ xarakterli hüquqi aktları ilə müəyyən edilən mənaları ifadə edir.

2.1. Aşağıdakı hallarda xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir:

2.1.1. nəzarət altında olan təminatsız aktivlər, qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər üzrə xüsusi ehtiyatların 100 faizi;

2.1.2. banka aidiyyəti olan şəxslərə verilən kreditlər üzrə bu Qaydanın 2.1.1-ci yarımbəndi ilə müəyyən edilən gəlirdən çıxılmalara yol verilən məbləğin 50 faizi;

2.1.3. verilmiş kreditlər üzrə faizlərin ödənilməsi 90 (doxsan) gündən çox gecikdirildiyi halda hesablanmış faizlər üzrə yaradılmış xüsusi ehtiyatların 100 faizi.

2.2. Aşağıdakı hallarda xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilmir:

2.2.1. qənaətbəxş aktivlər üzrə xüsusi ehtiyatlar;

2.2.2. aktivin təminatı qismində birinci və ikinci qrup təminat çıxış etdikdə həmin aktivlər üzrə xüsusi ehtiyatlar;

2.2.3. yeni yaradılan və ya mənfəətlə işləyən müəssisələr istisna olmaqla, qiymətli kağızlara və hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşu (istiqrazlar üzrə yaradılan ehtiyatların gəlirdən çıxılması bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilmiş qaydada həyata keçirilir). Yeni yaradılan və ya mənfəətlə işləyən müəssisələrin ləğvi istisna olmaqla, onların fəaliyyətinin müvəqqəti dayandırılmasına görə ehtiyatlar yaradıldığı halda həmin ehtiyatlar gəlirdən çıxılmır;

2.2.4. bank işində istifadə olunmayan aktivlər (əmlak);

2.2.5. maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydada kredit risklərinin qiymətləndirilməsi zamanı tələb olunan, habelə kreditlərin verilməsi ilə bağlı kredit dosyesinə daxil olunacaq sənəd və məlumatlar olmadan verilmiş kreditlər üzrə yaradılan ehtiyatlar.

2.3. Ümidsiz aktivlər üzrə yaradılmış xüsusi ehtiyatlardan vergitutma məqsədləri üçün həmin aktivlər üzrə təminatın Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydada təminatın likvid dəyərinin hesablanması üçün təminat qrupunun əmsalına uyğun likvid bazar qiyməti çıxılır.

2.4. Aşağıdakı hallarda keyfiyyət meyarına görə yaradılan xüsusi ehtiyatlar gəlirdən çıxılmır:

2.4.1. qeyri-qənaətbəxş aktivlər üzrə:

1. kreditin təyinatı üzrə istifadə olunmasını təsdiq edən sənədlər təqdim edilmədikdə;

2. kredit müqaviləsi və ya kredit müqaviləsinin tərkib hissəsi olan biznes planda müəyyən edilmiş işlərin görülməsi qrafikində əhəmiyyətli gecikmələr olduqda;

3. borcalanın zərərlə fəaliyyət göstərməsi 1 (bir) ildən artıq davam etdikdə;

4. müqavilə şərtlərinə əsasən faizlərin ödənilməsi dövriliyi 90 (doxsan) gündən çox olduqda;

5. istehlak kreditləri üzrə borcalanın son 6 (altı) ay ərzində vaxtı keçmiş kreditinin olması;

2.4.2. gecikmə müddətinə görə aktivlərin təsnifatı qənaətbəxş aktivlər olduğu halda həmin aktivlərin aşağıdakı keyfiyyət meyarına görə:

1. iqtisadi şəraitin dəyişməsi (ümumdaxili məhsulun real artım tempinin neqativ zonaya keçməsi, habelə inflyasiyanın Azərbaycan Respublikası Mərkəzi Bankının hədəflənmiş həddindən yüksək olması və ya işsizliyin ötən ilin müvafiq dövrünün göstəricisindən iyirmi faizdən çox artımı) nəticəsində borcalanın ödəmə qabiliyyətində neqativ hallar (son 6 ayda 2 dəfə 30 gündən artıq gecikmə müşahidə edildikdə) müşahidə edildikdə;

2. borcun ödənilməsi ilə bağlı əlavə ödəniş mənbələrinə (məsələn, əlavə təminat, əmlakın satışı, borcalan tərəfindən əlavə vəsaitlərin cəlb olunması və s.) zərurət yarandıqda;

3. bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun eyni bankda olan digər aktivlərindən biri və ya bir neçəsi qeyri-standart aktiv kimi təsnifləşdirildikdə. Bu meyar bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun qeyri-standart aktivlərinin cəminin onun (onların) ümumi öhdəliklərinin ən azı 20 (iyirmi) faizini təşkil etdikdə tətbiq olunur;

4. borcalanın aid olduğu bir-biri ilə əlaqədar borcalanlar qrupuna daxil olan mühüm iştirak payına malik olan şirkətlərdən biri müflis olduqda;

2.4.3. təhlükəli aktivlər üzrə - kredit dosyelərində kreditin qiymətləndirilməsi ilə bağlı sənədlər mövcud olmadıqda;

2.4.4. ümidsiz aktivlər üzrə - fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verildikdə.

1. 20 dekabr 2023-cü il tarixli 463 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 23 dekabr 2023-cü il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1798)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver