Qanunvericilik › “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 28.09.2024) › Tam mətn

“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 28.09.2024)

“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 28.09.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1022-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 iyun tarixli 1371 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 586 (Cild I) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 sentyabr 2024-cü il

Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və xüsusi, hərbi, diplomatik rütbələrin (bundan sonra − rütbə) və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.

2.1. Rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması bu Qaydanın Əlavəsinə uyğun olaraq aparılır.

2.2. Rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir:

2.2.1. dövlət qulluqçusu dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə ona rütbə verilərkən malik olduğu ixtisas dərəcəsi, habelə həmin ixtisas dərəcəsində qulluq müddəti nəzərə alınır;

2.2.2. dövlət orqanında işləmiş və ixtisas dərəcəsinə malik olan şəxs sonradan dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə ona rütbə verilərkən malik olduğu ixtisas dərəcəsi, habelə həmin ixtisas dərəcəsində qulluq müddəti nəzərə alınır;

2.2.3. dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) keçən və dövlət qulluğu vəzifəsinə qəbul edilən şəxsə ixtisas dərəcəsi verilərkən malik olduğu rütbə, habelə həmin rütbədə qulluq (xidmət) müddəti nəzərə alınır;

2.2.4. dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçmiş və rütbəyə malik olan şəxs sonradan dövlət qulluğu vəzifəsinə qəbul edildikdə ona ixtisas dərəcəsi verilərkən malik olduğu rütbə, habelə həmin rütbədə qulluq (xidmət) müddəti nəzərə alınır;

2.2.5. dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) keçən şəxs dövlət qulluğunun xüsusi növünə aid digər dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə ona rütbə verilərkən malik olduğu rütbə, habelə həmin rütbədə qulluq (xidmət) müddəti nəzərə alınır;

2.2.6. dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) keçmiş şəxs sonradan dövlət qulluğunun xüsusi növünə aid digər dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə ona rütbə verilərkən malik olduğu rütbə, habelə həmin rütbədə qulluq (xidmət) müddəti nəzərə alınır.

2.3. Dövlət qulluqçusu və ya əvvəllər dövlət orqanında işləmiş və ixtisas dərəcəsinə malik olan şəxs dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilərkən, habelə dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanında qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxs dövlət qulluğunun xüsusi növünə aid digər dövlət orqanında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilərkən ona təyin olunduğu vəzifə üzrə müəyyən edilmiş rütbə həddi nəzərə alınmaqla rütbə verilir.

2.4. Dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxs dövlət qulluğuna qəbul edilərkən həmin şəxsə təyin olunduğu vəzifənin təsnifatı üzrə müəyyən edilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ixtisas dərəcəsi verilir.

2.5. Dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxsin malik olduğu rütbə onun dövlət qulluğunda təyin olunduğu vəzifənin təsnifatı üzrə nəzərdə tutulmuş ixtisas dərəcələrindən yuxarıdırsa, ona həmin təsnifat üzrə müəyyən edilmiş ən yüksək ixtisas dərəcəsi verilir.

2.6. Dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxsin malik olduğu rütbə onun dövlət qulluğunda təyin olunduğu vəzifənin təsnifatı üzrə nəzərdə tutulmuş ixtisas dərəcələrindən aşağıdırsa, ona həmin təsnifat üzrə müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

2.7. Dövlət qulluqçusu və ya əvvəllər dövlət orqanında işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsi onun dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xidmətə (qulluğa) qəbul olunduğu vəzifə üzrə müəyyən edilmiş rütbə həddindən yuxarıdırsa, ona həmin vəzifə üzrə müəyyən edilmiş ən yüksək rütbə verilir.

2.8. Dövlət qulluqçusu və ya əvvəllər dövlət orqanında işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsi onun dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xidmətə (qulluğa) qəbul olunduğu vəzifə üzrə müəyyən edilmiş rütbə həddindən aşağıdırsa, ona həmin vəzifə üzrə müəyyən edilmiş ən kiçik rütbə verilir.

2.9. Dövlət qulluğunun xüsusi növünə aid bir dövlət orqanından digərinə qulluğa (xidmətə) qəbul edilərkən şəxsin malik olduğu rütbə onun təyin olunduğu vəzifə üzrə müəyyən edilmiş rütbə həddindən yuxarıdırsa, ona həmin vəzifə üzrə müəyyən edilmiş ən yüksək rütbə verilir.

2.10. Dövlət qulluğunun xüsusi növünə aid bir dövlət orqanından digərinə qulluğa (xidmətə) qəbul edilərkən şəxsin malik olduğu rütbə onun təyin olunduğu vəzifə üzrə müəyyən edilmiş rütbə həddindən aşağıdırsa, ona həmin vəzifə üzrə müəyyən edilmiş ən kiçik rütbə verilir.

3.1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərinə uyğun olaraq verilmiş və bu Qaydanın Əlavəsinin 1.1−1.4-cü bəndlərində nəzərdə tutulmuş rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması məsələsinə müvafiq dövlət orqanı rəhbərinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən baxılır.

3.2. Bu Qaydanın Əlavəsinin 2.1−2.7-ci bəndlərində nəzərdə tutulmuş rütbə və ixtisas dərəcələrinin hərbi rütbələrə uyğunlaşdırılması Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 46-cı maddəsinə əsasən keçirilən attestasiyanın nəticəsinə uyğun olaraq aparılır.

3.3. Səfərbərlik zamanı hərbi xidmətə çağırılan xüsusi, diplomatik rütbəyə və ixtisas dərəcəsinə malik olan şəxsə münasibətdə xüsusi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin hərbi rütbələrə uyğunlaşdırılması aparılmır.

3.4. Həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət orqanına ezam olunaraq dövlət qulluğu vəzifəsinə təyin edilən hərbi qulluqçulara münasibətdə hərbi rütbələrin ixtisas dərəcələrinə uyğunlaşdırılması aparılmır.

3.5. Bu Qaydanın Əlavəsinin 2.1−2.13-cü bəndlərində nəzərdə tutulan rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması müvafiq dövlət orqanının rəhbəri tərəfindən həyata keçirilir.

3.6. İxtisas dərəcələrinin və rütbələrin verilməsini təsdiq edən sənədlərə rütbənin və ixtisas dərəcəsinin verilməsi barədə əmrlərdən (sərəncamlardan və s.) çıxarışlar, əmək kitabçası, hərbi bilet və ya digər sənədlər aiddir.

3.7. Bu Qaydanın 3.5-ci bəndində nəzərdə tutulan halda rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması ilə əlaqədar mübahisə yarandıqda, müvafiq dövlət orqanı və ya şəxs bu barədə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına və məhkəməyə müraciət edə bilər.

3.8. Bu Qaydaya uyğun olaraq barəsində rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması aparılmış şəxs sonradan daha yüksək vəzifəyə (yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə və ya rütbə həddi yuxarı olan vəzifəyə) təyin olunduqda, həmin yüksək vəzifəyə əsasən yenidən uyğunlaşdırma aparılmasına yol verilir.

3.9. Bu Qayda qüvvəyə minənədək dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) keçmiş şəxs dövlət qulluğu vəzifəsinə və ya dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edilmişdirsə və ya dövlət qulluğunda işləmiş şəxs dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edilmişdirsə, həmin şəxslərin təyin olunduqları vəzifə üzrə rütbə həddi (vəzifə təsnifatı üzrə nəzərdə tutulmuş ixtisas dərəcələri) nəzərə alınmaqla, onların malik olduğu rütbə və ixtisas dərəcəsinin qarşılıqlı uyğunlaşdırılmasının aparılmasına yol verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver