20.1. Tələbkar xüsusi icra məmuruna təqdim etmək məqsədilə icra sənədinin ona təqdim edilməsi üçün icra sənədi icraya yönəldilənədək icra sənədini vermiş müvafiq məhkəməyə və ya digər orqana yazılı ərizə ilə müraciət edir. Bu halda icra sənədi icraya yönəldilməsi üçün tələbkara təqdim olunur. Tələbkar ərizə təqdim etmədikdə icra sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icra qurumuna icraya yönəldilir. Tələbkarın müraciəti olduqda, icra sənədi xüsusi icra məmurunun icraatına yönəldilməsi üçün dövlət icra məmurunun icraatından tələbkara qaytarılır. İcra sənədi tələbkara təqdim olunduğu vaxtdan 3 (üç) il müddətində tələbkar tərəfindən icraya yönəldilə bilər. Bir icra sənədi eyni tələblə bağlı eyni vaxtda birdən çox icra məmurunun icraatında ola bilməz. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbləri istisna olmaqla, avans ödənildikdən sonra icra sənədinin xüsusi icra məmurunun icraatından götürülərək dövlət icra məmurunun icraatına yönəldilməsinə yol verilmir. Dövlət və xüsusi icra məmurları arasında icra sənədinin aidiyyəti üzrə göndərilməsinə yol verilmir. Xüsusi icra məmurunun icraata qəbul edə biləcəyi işlərin sayının yuxarı həddini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
20.2. Xüsusi icra məmuru icra sənədi üzrə icraata tələbkarın ona ünvanladığı ərizə əsasında başlayır. Tələbkar fiziki və hüquqi şəxslər bu Qanunun 14.2-ci və 19-cu maddələrinin tələblərini nəzərə alaraq, Reyestrə daxil edilmiş xüsusi icra məmurları sırasından birini seçməklə icra sənədinin icra olunması barədə ərizə ilə müraciət etmək hüququna malikdirlər. Ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş nümunəyə uyğun olmalıdır. İcra sənədinin icrasının asanlaşdırılması məqsədilə ərizədə borclunun əmlakı, bank hesabları, iş yeri və digər gəlirləri barədə məlumat göstərilə bilər. Ərizə tələbkar və ya onun nümayəndəsi tərəfindən imzalanmalıdır. Ərizəyə icra sənədi, nümayəndə vasitəsilə təqdim edildikdə, həmçinin nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənəd əlavə edilməlidir.
20.3. Bu Qanunun 20.4-cü maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, xüsusi icra məmuru icra sənədini icraata qəbul etməkdən imtina edə bilməz.
20.4. Xüsusi icra məmuru aşağıdakı hallarda icra sənədini icraatına qəbul edə bilməz:
20.4.1. icra sənədinin icrası bu Qanunun 19-cu maddəsinə əsasən səlahiyyətlərinə aid deyildirsə;
20.4.2. icra sənədi bu Qanunun 14.2-ci maddəsi ilə müəyyən edilmiş ərazi yurisdiksiyasına uyğun deyildirsə;
20.4.3. iş üzrə tərəfdirsə və ya tərəflərdən birinin, yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa;
20.4.4. özü və ya yaxın qohumları tələbkar və ya borclu hüquqi şəxsə aidiyyəti olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxsdirsə;
20.4.5. tələbkar və ya borclu ilə əmək münasibətlərindədirsə;
20.4.6. özü, yaxın qohumları və ya əmək münasibətlərində olduğu şəxslərlə bağlı maraqların toqquşması halı mövcuddursa;
20.4.7. icra sənədi eyni tələblə bağlı digər icra məmurunun icraatındadırsa;
20.4.8. icra sənədinin icrası ilə bağlı obyektivliyinə və qərəzsizliyinə təsir göstərə bilən digər əsaslar mövcuddursa.
20.5. Ərizənin verildiyi vaxt alimentin və digər vaxtaşırı ödəmələrin tutulması, əməkhaqqının ödənilməsi, kommunal xidmətlərə görə haqqın ödənilməsi və işə bərpa etmək haqqında icra sənədlərinin sayı xüsusi icra məmurunun icraatında olan icra sənədlərinin ümumi sayının 25 (iyirmi beş) faizindən çox hissəsini təşkil etdikdə, xüsusi icra məmuru bu qəbildən olan icra sənədini icra üçün qəbul etməkdən imtina edə bilər.
20.6. İcraatda iştirak edən borclu bu Qanunun 20.4-cü maddəsində göstərilən əsaslar üzrə xüsusi icra məmuruna etiraz edə bilər. Xüsusi icra məmuruna bu Qanunun 20.4-cü maddəsində göstərilən əsaslar üzrə etiraz etmə haqqında məsələ həmin xüsusi icra məmuru tərəfindən həll edilir. Xüsusi icra məmuruna həmin etiraz təmin edilmədikdə, borclu bu barədə xüsusi icra məmurunun qərarının surətini aldıqdan sonra 10 (on) iş günü müddətində Palataya və məhkəməyə şikayət verə bilər.
20.7. Tələbkar istənilən vaxt, eləcə də bu Qanunun 20.4-cü maddəsində göstərilən əsaslar olduqda icraatın həmin xüsusi icra məmuru tərəfindən aparılmasından imtina edə bilər. Bu halda icra sənədi tələbkara qaytarılır. Tələbkar qaytarılmış icra sənədini yenidən bu Qanunun tələblərini nəzərə almaqla həmin (bu Qanunun 20.4-cü maddəsində göstərilən əsaslar üzrə imtina edildikdə yenidən həmin icra məmurunun icraatına yönəldilməsi istisna olmaqla) və ya digər xüsusi icra məmurunun icraatına yönəldə bilər.
20.8. Barəsində etiraz üçün əsaslar olan xüsusi icra məmuru bu halları icra sənədini icraata qəbul etdikdən sonra aşkar edərsə, icraatı davam etdirməkdən imtina etməli və icra sənədini tələbkara qaytarmalıdır.
Qeyd. Bu maddədə “yaxın qohum” və “qohum” dedikdə, dairəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilən şəxslər başa düşülür.