Qanunvericilik › “Xüsusi icra məmurunun fəaliyyəti üzrə kargüzarlığın aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Ədliyyə Nazirliyi, 25.05.2026) › Tam mətn

“Xüsusi icra məmurunun fəaliyyəti üzrə kargüzarlığın aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Ədliyyə Nazirliyi, 25.05.2026)

“Xüsusi icra məmurunun fəaliyyəti üzrə kargüzarlığın aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Ədliyyə Nazirliyi, 25.05.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının 3.1.2.3-cü abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu hissəsini rəhbər tutaraq, Kollegiya

1. “Xüsusi icra məmurunun fəaliyyəti üzrə kargüzarlığın aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (E.Nəsibov).

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün (L.Hüseynzadə).

4. Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi bu qərarla bağlı məlumatlandırmanı həyata keçirsin.

III dərəcəli dövlət ədliyyə müşaviri

1.1. Bu Qaydalar “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17.1-ci maddəsinə əsasən hazırlanmışdır və xüsusi icra məmurunun fəaliyyəti üzrə kargüzarlığın aparılması, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti qaydalarını müəyyən edir.

1.2. İcra işinin materialları və xüsusi icra məmurunun arxivi dövlətin mülkiyyəti olmaqla icra sənədlərinin icrası ilə əlaqədar xüsusi icra məmurunun istifadəsindədir.

1.3. Qanun və bu Qaydalarla birbaşa tənzimlənməyən məsələlər xüsusi icra məmurlarının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la (bundan sonra – Təlimat) tənzimlənir.

1.4. Xüsusi icra məmurunun fəaliyyəti üzrə kargüzarlıq xüsusi icra məmurlarının öz səlahiyyətlərini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətdir. Kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.

1.5. Kargüzarlıq işinin normativ hüquqi aktların tələblərinə uyğun təşkilinə nəzarət Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.

1.6. Xüsusi icra məmuru kargüzarlıq və arxiv işinin normativ hüquqi aktların tələblərinə uyğun təşkilinə, habelə bu sahədə işin düzgün və sistemli qurulmasına, xüsusi icra məmurunun köməkçiləri və işçiləri isə bu Qaydaların tələblərinə uyğun kargüzarlığın düzgün aparılmasına görə şəxsən məsuliyyət daşıyırlar.

2.1. Kargüzarlıq işlərinin aparılması xüsusi icra məmurunun köməkçisinə həvalə oluna və ya bu məqsədlə xüsusi icra məmuru tərəfindən digər işçi işə götürülə bilər.

2.2. Xüsusi icra məmurunun kargüzarlıq fəaliyyəti “Elektron icra” informasiya sistemi (bundan sonra – Sistem) vasitəsilə elektron qaydada, bu Qaydaların 2.6-cı və 2.9-cu bəndlərində göstərilən hallarda isə kağız daşıyıcılarla həyata keçirilir.

2.3. İcra sənədlərinin qeydiyyatının aparılması, icra icraatı ilə bağlı sənədlərin hazırlanması və göndərilməsi, barəsində icra hərəkətləri həyata keçirilən əmlakın uçotunun aparılması Sistem vasitəsilə həyata keçirilir. İcra icraatı ilə bağlı qərarlar, aktlar, protokollar və digər sənədlər Sistemə daxil edilir.

2.4. Xüsusi icra məmuru tərəfindən şəhadətnamənin ləğvi barədə yazılı ərizə verilməsi əsası üzrə xüsusi icra məmurunun fəaliyyətinə xitam verilməsinə yalnız icrası tamamlanmamış bütün icra işlərinin icraatının tamamlanması, kargüzarlıq sənədlərinin və xüsusi icra məmurunun arxivinin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət mühafizəsinə təhvil verilməsi şərtilə yol verilir. Fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurunun elektron imza sertifikatı, habelə Sistemə giriş imkanı ləğv edilir, möhürü, ştampları və blankları məhv olunur.

2.5. Fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurunun sənədlərinin təhvil-təslim işlərini görmək üçün Nazirlik tərəfindən təyin edilən xüsusi icra məmuru kargüzarlıq sənədlərini və xüsusi icra məmurunun arxivini “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət mühafizəsinə təhvil verir.

2.6. Kargüzarlığın kağız daşıyıcılarda aparılması sənədlərin Sistem üzərindən hazırlanmasının obyektiv səbəbdən (şəbəkənin kəsilməsi, Sistemə girişin mümkün olmaması və s.) mümkün olmadığı, yaxud icraat tərəflərinin və digər şəxslərin sənədləri kağız daşıyıcılarda təqdim etdiyi hallarla məhdudlaşır. Bu hallarda təxirəsalmadan sənədlərin elektron surətləri Sistemə daxil edilməli, müvafiq icra işinin aidiyyəti bölməsinə əlavə edilməlidir.

2.7. Kargüzarlıq elektron qaydada elə təşkil edilməlidir ki, icraatda olan bütün işlərə dair statistik, maliyyə və digər göstəricilərin rahat, düzgün və tam əldə edilməsi, emalı, ümumiləşdirilməsi və hesabatının aparılması mümkün olsun. Bu məqsədlə tərtib edilən hər bir sənəd üzrə vacib məlumatlar – xüsusən sənədin adı və tarixi, tərəflərin adı, tələbi, ödənilmiş vəsaiti və ya digər məbləği göstərən rəqəmlər xətasız və tam dəqiqliklə göstərilməli, Sistemin generasiya etmədiyi hallarda həmin məlumatlar tələb olunan xanalara ayrıca manual daxil edilməlidir.

2.8. İcra işi ilə bağlı mobil tətbiq, elektron kabinet, yaxud digər inteqrasiya olunmuş sistem üzərindən edilən müraciətlər müvafiq icra işi üzrə sənədlər bölməsində əks olunur, “İcra işləri üzrə müraciətlər” bölməsinə generasiya edilir.

2.9. İcra işi üzrə prosessual və təşkilati sənədlər, həmçinin ofisin idarəçiliyi və fəaliyyət zamanı meydana çıxan başqa məsələlərə dair sənədlər inteqrasiya təmin edilmiş qurumlara Sistem vasitəsilə göndərilir. Əks halda həmin sənədlər Sistemdə tərtib edilib imzalanmaqla inteqrasiyanın mövcud olmadığı qurumlara, fiziki və hüquqi şəxslərə məlum olan elektron poçt ünvanlarına, yaxud kağız daşıyıcıda poçt vasitəsilə göndərilir.

3.1. Qanunun 26.3-cü maddəsində göstərilən istisnalar nəzərə alınmaqla, icra sənədi üzrə kargüzarlıq tələbkarın icra sənədinin icra olunması barədə xüsusi icra məmuruna ünvanlanan ərizəsi əsasında başlayır.

3.2. Ərizə Sistem üzərindən fəaliyyət göstərən elektron kabinet vasitəsilə xüsusi icra məmuruna ünvanlana, yaxud şəxsən təqdim edilə bilər. Bu hallarda xüsusi icra məmuru və ya onun köməkçisi Nazirliyin Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/14/2025 nömrəli Qərarı ilə təsdiq olunmuş “İcra sənədinin icra olunması barədə xüsusi icra məmuruna ünvanlanan ərizənin nümunəsi”nin tələblərini nəzərə almaqla:

3.2.1. ərizənin formasını və ərizədə göstərilən məlumatların tamlığını yoxlayır;

3.2.2. Sistemin imkanlarından istifadə etməklə həmin məlumatların tamamlanmasına köməklik edir;

3.2.3. ərizəyə qoşma edilməli sənədlərin tamlığını yoxlayır;

3.2.4. icra sənədinin tələbkara verilməsindən nə qədər müddət keçdiyini dəqiqləşdirir;

3.2.5. Qanunun 26.3-cü maddəsinin tələbinin tələbkara şamil edilib-edilmədiyini aydınlaşdırır.

3.3. Ərizədəki məlumatlarda aşkar edilən çatışmazlığın xüsusi icra məmuru və ya onun köməkçisi tərəfindən aradan qaldırılması mümkün olmadıqda ərizəçiyə bu barədə məlumat verilir.

3.4. Ərizə “İcra sənədinin icra olunması barədə xüsusi icra məmuruna ünvanlanan ərizənin nümunəsi”nin tələblərinə uyğun olduqda, icra sənədinin xüsusi icra məmurunun icraatına qəbul edilməsinin Qanuna əsasən yol verilən olduğu yoxlanıldıqdan, Qanunun 26.3-cü maddəsində göstərilən istisnalar nəzərə alınmaqla tələbkar avansı ödədikdən, habelə tələbkarla xüsusi icra məmurunun qarşılıqlı razılığı olduqda əlavə icra haqqının ödənilməsi şərtləri yazılı müəyyən edildikdən sonra icra sənədi qeydiyyata alınır.

3.5. Ərizə hər bir halda Sistemin “İcra işləri üzrə müraciətlər” bölməsində yerləşdirilir (elektron olduqda Sistem tərəfindən generasiya olunur, kağız daşıyıcıda olduqda isə manual olaraq daxil edilir).

3.6. İcra sənədinin qeydiyyatı zamanı aşağıdakı məlumatlar Sistemdə tam və dəqiq qeyd edilir:

3.6.1. icra sənədinin nömrəsi;

3.6.2. icra sənədini verən orqanın növü;

3.6.3. icra sənədini verən orqanın adı;

3.6.4. icra sənədinin tarixi;

3.6.5. icra sənədini imzalayan şəxsin adı və soyadı;

3.6.6. icra sənədinin növü;

3.6.7. işin növü (kateqoriyası);

3.6.9. fiziki şəxsin adı, soyadı, atasının adı və ya hüquqi şəxsin adı və ya fiziki şəxsin FİN-i və ya hüquqi şəxsin VÖEN-i vasitəsilə (sorğulama əsasında əldə olunan məlumatlar);

3.6.10. ödənişin növü;

3.6.11. valyuta növü;

3.6.12. ödəniş məbləği.

3.7. İcra sənədi qeydiyyata alındıqda Sistem icra işinə avtomatlaşdırılmış qaydada vahid nömrə verir.

3.8. Sistemə daxil edilmiş sənədlər xüsusi icra məmuru tərəfindən elektron imza ilə təsdiq edildikdən sonra Sistemdə qeydiyyata alınır.

3.9. Xüsusi icra məmurunun köməkçisi sənədləri hazırlayarkən Sistemdəki sənəd şablonlarından istifadə etməlidirlər.

3.10. Hər bir icra işi üzrə icra hərəkətləri Sistemin həmin işə dair bölməsində realizə edilməli və həmin bölmədə sənəd şəklində əksini tapmalıdır. Eyni zamanda müvafiq tədbirlər aidiyyəti reyestrlərə (məsələn “ölkədən getməyə məhdudiyyət”, “inkasso sərəncamları” və sair) generasiya edilir. İcraata qəbul edilmiş bütün icra sənədləri üzrə işlər “İcra işləri” reyestrini formalaşdırır. Hesabatlılıq müvafiq bölmələr (reyestrlər) vasitəsilə əldə edilir.

3.11. Xüsusi icra məmuru tərəfindən statistik hesabatların tərtib və təqdim edilməsi, fəaliyyəti barədə Palataya hesabat verilməsi, mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının tərtib, təqdim və dərc edilməsi Qanuna və digər qanunvericilik aktlarına uyğun həyata keçirilir. Həmin fəaliyyətlərə dair məlumatlar Sistemin müvafiq bölmələrinə elektron şəkildə yerləşdirilir.

4.1. Sənədlərin hazırlanması üçün “İşlətmək üçün kağız formatları” 9327-60 dövlətlərarası standart üzrə A4 (210x297 mm) və A5 (210 x 148 mm) formatlı blank və kağızlardan istifadə edilir.

4.2. Sənədlər hazırlanarkən sənəd növünün adı (məktublar istisna olmaqla), sənədin başlığı (mətni A5 (148x210) formatlı kağızda çap olunan sənədlər və bildirişlər istisna olmaqla) göstərilməli, sənədlərə ünvan yazılmalı, tarix və nömrə qoyulmalı, sənədin rəsmiləşdirilməsi haqqında qeydlər yazılmalıdır.

4.3. Sənədlərin mətnləri iki hissədən ibarət olur. Birinci hissədə sənədin hazırlanması üçün əsas götürülmüş faktların və hadisələrin təsviri verilir. İkinci hissədə nəticələr ifadə olunur.

4.4. Sənədin başlığı vərəqin ortasında mətndən əvvəl yazılır. Sənədlərin başlığı maksimum qısa, dəqiq olmalı və “nə haqqında” sualına cavab verməklə ifadə edilməlidir (“...tədbirləri haqqında”, “...yerinə yetirilməsi haqqında”, “... işinin təşkil edilməsi haqqında” və s.).

4.5. Göndərilən sənədlərdə ünvan sahibinin rekvizitləri dəqiq göstərilir. Bu məqsədlə aşağıdakı tələblərə əməl edilməlidir:

4.5.1. sənəd göndərilən təşkilatın, onun struktur bölməsinin adı, vəzifəli şəxsin adı və soyadı yazılır;

4.5.2. sənəd təşkilata və ya onun struktur bölməsinə göndərilirsə, təşkilatın və ya onun struktur bölməsinin adı yönlük halda yazılır (məsələn, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə);

4.5.3. sənəd konkret vəzifəli şəxsə ünvanlanırsa, o zaman təşkilatın adı yiyəlik halda, sənədin ünvanlandığı vəzifəli şəxsin adı və soyadı isə yönlük halda yazılır (məsələn: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin________ baş idarəsinin rəisi cənab _______);

4.5.4. məktub göndərilənin poçt ünvanı (poçt indeksi, şəhər (rayon), qəsəbə (kənd), küçə və evin nömrəsi) tam şəkildə göstərilir.

4.6. Sənəddə dörddən çox ünvan olmamalıdır. Sənəd dörddən çox ünvana göndərilərkən, göndəriş siyahısı tərtib edilir və hər sənəddə yalnız bir ünvan göstərilir.

4.7. Sənədin imzalanmasının və ya təsdiq edilməsinin tarixi sənədin tarixi hesab edilir. Sənədin tarixi, həmçinin sənədin məzmununda olan tarixlər rəqəmlə yazılmalıdır. Tarixin elementləri eyni sətirdə ardıcıllıqla yazılır: ayın tarixi, ay, il (məsələn: 15.12.2026-cı il və ya 15 dekabr 2026-cı il).

4.8. Xüsusi icra məmurun müvəqqəti əvəz edilməsi ilə bağlı Qanunda göstərilən hallarda əvəz edən xüsusi icra məmuru əvəz etdiyi xüsusi icra məmurunun möhürünü, ştamplarını, blanklarını istifadə edir, habelə əvəz olunan xüsusi icra məmurunun bank hesablarını müvəqqəti olaraq idarə edir. Əvəz edən xüsusi icra məmuru bu fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.

4.9. Xüsusi icra məmuru icra icraatı ilə əlaqədar sənədlər toplusunu formalaşdırarkən işə A4 formatında hazırlanmış və üzərində icra sənədinin nömrəsi və tarixi, ərazi yurisdiksiyası, xüsusi icra məmurunun məlumatları (adı, soyadı, reyestr nömrəsi), icranın predmeti, borclu və tələbkar haqqında məlumatlar əks olunan üz vərəqəsini, işdəki sənədlərin siyahısını və iş ilə əlaqəli sənədləri daxil edir.

5.1. Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədi ilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması (Sistem vasitəsilə, kağız daşıyıcıdakı sənədlərin isə fiziki imza ilə), təsdiq edilməsi, qeydə alınması və kağız daşıyıcıdakı sənədlərə, həmçinin möhür vurulması vasitəsi ilə həyata keçirilir.

5.2. Sənədin bütün nüsxələri imzalanır. İmzanın tərkibinə sənədi imzalamış xüsusi icra məmurunun şəxsi imzası, adı və soyadı, habelə Sistem tərəfindən təmin olunan məlumatlar daxildir.

5.3. Xüsusi icra məmurunun müvəqqəti əvəz edilməsi ilə bağlı Qanunda göstərilən hallarda əvəz edən xüsusi icra məmuru müvafiq sənədləri xüsusi icra məmurunun və özünün soyadı və adı göstərilməklə “əvəz edir” qeydi ilə imzalayır.

5.4. İcra sənədlərinin icra üçün icraata qəbulu və təhvili aktları, ayrı-ayrı qərarlar və protokollar, habelə xüsusi icra məmurunun zəruri hesab etdiyi digər sənədlər təsdiq edilir.

5.6. Kağız daşıyıcıdakı sənədlər şəxsi möhür və təsdiq qeydi ştampları ilə təsdiq olunur.

5.7. Xüsusi icra məmurunun şəxsi möhürünün və təsdiq qeydi ştamplarının nümunələri Nazirliyin Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/7/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir.

5.8. Əsli təsdiq edilməli olan maliyyə sənədlərinə, arayışlara, əmək kitabçalarına, sənədlərin məhv edilmək üçün ayrılması aktlarına, habelə lazımi hallarda başqa sənədlərə imza qoyulması ilə bərabər möhür vurulur. Möhür vəzifə adının və şəxsi imzanın üstünü tutmamalıdır.

5.9. Sənədlərə əlavələrin (qoşmaların) edilməsi qaydası, sənədlərin surətlərinin çıxarılması, çoxaldılması qaydaları, arayışların və məlumat vərəqələrinin hazırlanması və tərtib edilməsi, həmçinin qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları ilə bağlı məsələlər Təlimatla tənzimlənir.

6.1. Kağız daşıyıcıda daxil olan və göndərilən bütün sənədlər müvafiq kitablarda (1 və 2 nömrəli əlavələr) qeydə alınır, elektron surətləri Sistemə daxil edilir.

6.2. Sənədin qeydə alınması onun üzərinə qeydiyyat nömrəsinin qoyulması, təsdiq qeydi ştamplarının vurulması və qeydiyyat kitabında həmin sənəd haqqında məlumatların göstərilməsidir.

6.3. Hər bir sənəd xüsusi icra məmurunun ofisində ancaq bir dəfə qeydə alınır. Daxil olan sənədlər onların xüsusi icra məmurunun ofisinə daxil olduğu gün, göndərilən sənədlər isə imzalandığı və ya təsdiq edildiyi gün qeydə alınır.

6.4. Bütün daxil olan sənədlərdə birinci səhifənin üz tərəfinin aşağı sağ küncündə təsdiq qeydi ştampı vurulur.

6.5. Daxil olmuş sənədlər qeydə alındıqdan və təsdiq qeydi ştampı vurulduqdan sonra baxılmaq üçün xüsusi icra məmuruna verilir.

6.6. Baxılmanın nəticələri, sənədlərdə 6.38-90 dövlətlərarası standart ilə ayrılan yerdə (mətndən əvvəl yuxarı sol hissədə) müvafiq olaraq xüsusi icra məmuru tərəfindən yazılan qeyddə əks oluna, köməkçilərə müvafiq göstərişlər verilə bilər. Belə olan halda qeyddə sənədlərin icra xarakteri və icraçıları haqqında aydın və qəti göstəriş olmalıdır.

6.7. Daxil olan sənədlərin qəbulu və ilkin qaydada işlənməsi həyata keçirilir.

6.8. Daxil olan sənədlərin ilkin qaydada işlənməsi onların gətirilməsinin düzgünlüyünün və zərflərin içindəki sənədlərin salamatlığının yoxlanmasından, onun təyinat üzrə verilmək üçün hazırlanmasından ibarətdir.

6.9. Daxil olan sənədlərin düzgünlüyünü yoxlamaqda məqsəd təyinat üzrə gətirilməyən sənədləri aşkar etməkdən ibarətdir. Səhvən gətirilən sənədlər geri qaytarılır.

6.10. Şəxsi korrespondensiya istisna edilməklə, bütün zərflər açılır. Bu zaman zərflərin bütövlüyü və içində sənədlərin mövcudluğu yoxlanılır. Sənədi göndərənin ünvanını və ya sənədin göndərilmə, alınma tarixini ancaq zərfə görə müəyyən etməyin mümkün olduğu hallardan başqa, zərflər məhv edilir.

6.11. İmzalanmış sənədlər qeydə alınır və göndərilir.

6.12. Göndərilən sənədlərin ünvanının düzgünlüyü, əsas sənəddə göstərilən qoşmaların mövcudluğu yoxlanılır və müvafiq çatışmazlıqlar aşkar edildikdə aradan qaldırılması üçün tədbir görülür.

6.13. Eyni zamanda bir ünvana göndərilən bir neçə sənəd bir zərfin içinə qoyula bilər. Göndərilmək üçün verilən sənədlər elə həmin gün işlənib göndərilməlidir.

6.14. Vətəndaşların təklif, ərizə və şikayətləri bütün digər sənədlər kimi daxil olan sənədlərin qeydə alınması kitabında (1 nömrəli əlavə) qeydə alınır və icra olunduqdan sonra işlərin nomenklaturunda nəzərdə tutulmuş işə tikilir.

6.15. Sənədin icra müddəti onun xüsusi icra məmurunun ofisinə daxil olduğu vaxtdan hesablanır.

6.16. Növbəti ilə adlayan işlər istisna olmaqla, bir ilin bütün sənədləri qovluqlarda formalaşdırılır. Bir qovluqdakı vərəqlərin sayı 100-150-dən çox olmamalıdır. Sənədlər qovluğa bir nüsxədə tikilir.

7.1. Xüsusi icra məmurunun icraatında olan, habelə arxivləşdirilmiş işlər üçün əsas meyar işin növü və icra sənədinin kateqoriyası olmaqla Sistemdə nomenklaturlaşdırılır.

7.2. Kağız daşıyıcıda saxlanılan sənədlərin nomenklaturunun aparılması Təlimata uyğun həyata keçirilir.

7.3. Xüsusi icra məmurunun fəaliyyətinə aid elektron sənədlər daim saxlanılır, kağız daşıyıcıda olan sənədlərin xüsusi icra məmurunun ofisində saxlanılması müddəti 5 il müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver