Qanunvericilik › “Xüsusi icra məmurunun ofisində iş qaydası”nın təsdiq edilməsi haqqında (Ədliyyə Nazirliyi, 25.05.2026) › Tam mətn

“Xüsusi icra məmurunun ofisində iş qaydası”nın təsdiq edilməsi haqqında (Ədliyyə Nazirliyi, 25.05.2026)

“Xüsusi icra məmurunun ofisində iş qaydası”nın təsdiq edilməsi haqqında (Ədliyyə Nazirliyi, 25.05.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının 3.1.2.2-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu hissəsini rəhbər tutaraq, Kollegiya

1. “Xüsusi icra məmurunun ofisində iş qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (E.Nəsibov).

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün (L.Hüseynzadə).

4. Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi bu qərarla bağlı məlumatlandırmanı həyata keçirsin.

III dərəcəli dövlət ədliyyə müşaviri

1.1. Bu Qayda “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 15.2-ci maddəsinin dördüncü cümləsinə əsasən hazırlanmışdır və xüsusi icra məmuruna həvalə olunmuş səlahiyyətlərin həyata keçirilməsi üçün onun fəaliyyətinin xüsusi icra məmurunun ofisində (bundan sonra – ofis) təşkili qaydalarını müəyyən edir.

1.2. Xüsusi icra məmuru fəaliyyətini mülkiyyətində olan və ya icarəyə götürdüyü və Ədliyyə Nazirliyi (bundan sonra – Nazirlik) ilə razılaşdırılmış ayrıca yerdə həyata keçirməlidir.

1.3. İki və ya daha çox xüsusi icra məmuru Nazirliyin razılığı ilə aralarında bağlanılmış müqavilə üzrə bir ofisdə fəaliyyət göstərə bilərlər. İki və ya daha çox xüsusi icra məmuru bir ofisdə fəaliyyət göstərdikdə hər bir xüsusi icra məmurunun fəaliyyəti eyni vaxtda, ayrıca və digərlərindən müstəqil olaraq həyata keçirilməli, o cümlədən sənədlərin, şəxsi möhürün, ştampların, inventar əşyaların və arxivin ayrıca saxlanılması təmin edilməlidir. Bu halda hər bir xüsusi icra məmuru öz adından fəaliyyət göstərir və öz fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.

1.4. Bu Qaydanın tələbləri xüsusi icra məmurunun, onun köməkçisinin və digər işçilərinin fəaliyyətinə şamil olunur. İcra icraatı ilə əlaqədar ofisdə olan tərəflər və üçüncü şəxslər bu Qaydanın aidiyyəti tələblərinə əməl etməlidirlər.

2.1. Ofisdə iş vaxtı həftənin beş iş günündən az olmayaraq saat 09:00-18:00 aralığında müəyyən edilir. Nahar fasiləsi saat 13:00-14:00 aralığındadır. Digər günlər üzrə iş qrafiki xüsusi icra məmuru tərəfindən müstəqil qaydada müəyyən olunur.

2.2. Xüsusi icra məmuru qəbul günlərini və saatlarını iş vaxtı çərçivəsində sərbəst təyin edir.

2.3. Xüsusi icra məmurunun ofisində şəxslərin qəbulu üçün ayrılan müddət həftə ərzində 20 saatdan az ola bilməz.

2.4. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş şəxslər, habelə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış şəxslər, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları, Sovet İttifaqı Qəhrəmanları, Azərbaycan Respublikasının ən yüksək təltifi ilə, İstiqlal ordeni ilə, həmçinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş şəxslər qəbul qrafikindən kənar qəbul edilirlər.

2.5. Qəbul xüsusi icra məmuru və ya onun köməkçiləri tərəfindən həyata keçirilir. Müraciət edən şəxsin statusu və səlahiyyəti şəxsiyyəti və səlahiyyəti müəyyən edən sənədlər əsasında yoxlanılır. Şəxsiyyəti və səlahiyyət təsdiqlənmədən iş üzrə məlumat təqdim edilmir.

2.6. Qəbul zamanı ünsiyyət nəzakətli, qərəzsiz, mülayim formada aparılmalı, onlara zəruri məlumatlar verilməli, o cümlədən icra icraatında iştirak edən şəxslərə onların hüquq və vəzifələri, həyata keçirilən icra hərəkətlərinin hüquqi nəticələri izah edilməlidir.

2.7. Ofisdə şəxsi qəbul zamanı məxfilik və təhlükəsizlik təmin olunur. Zərurət olduqda müşayiət tətbiq oluna bilər. İctimai asayişi pozan, zorakı hərəkətlərə, təhdidə, təhqirə və qeyri-etik davranışa yol verən şəxslərlə bağlı polis orqanlarına müraciət olunur.

2.8. Ofisdə qəbul saatları və əlaqə üçün məlumatlar, habelə ofisin aid olduğu xüsusi icra məmuru barədə məlumatlar ofisin girişində (çöl və daxili hissədə) hər kəs üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə, həmçinin Nazirliyin rəsmi internet informasiya ehtiyatında göstərilir. Xüsusi icra məmuru qanunazidd olmamaqla, digər mənbələrdə də həmin məlumatları nümayiş etdirə bilər.

2.9. Köməkçilər və digər işçilər ofisdə işgüzar geyim üslubuna riayət etməlidir.

2.10. Texniki xidmət, təmir, təmizlik və digər bu kimi xidmətlərin göstərilməsi məqsədilə gələn şəxslər yalnız iş həcmi və iş vaxtı çərçivəsində müşayiətlə ofisə buraxılırlar. Onların ofisdəki fəaliyyəti nəzarət altında həyata keçirilir.

2.11. Ofis daxilində foto və video çəkiliş, habelə səs yazısı yalnız xüsusi icra məmurunun razılığı ilə mümkündür. Bu zaman üçüncü şəxslərə aid məlumatların açıqlanmasına və ofisin normal iş ahənginin pozulmasına yol verilməməlidir.

2.12. Təhlükəsizlik məqsədilə ofisə giriş rejiminin tənzimlənməsi xüsusi icra məmuru tərəfindən təmin edilir.

3.1. Ofis icra icraatının aparılması, normal iş şəraiti, şəxslərin qəbul edilməsi, sənədlərin, şəxsi möhürün, ştampların, inventar əşyalarının və arxivin saxlanılması, mühafizəsi, habelə peşə sirrinin qorunması üçün maddi-texniki və kargüzarlıq üzrə tələblərə cavab verməlidir.

3.2. Ofis zəruri avadanlıq, o cümlədən mebel, seyf, lazımi ofis avadanlıqları və ləvazimatları, rabitə vasitələri, kompüter avadanlığı ilə tam təmin edilməlidir.

3.3. Nazirliyin Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi informasiya-kommunikasiya texnologiyalarından, o cümlədən “Elektron icra” informasiya sistemindən (bundan sonra - Sistem) istifadənin təşkili məqsədilə ofisdə istifadə edilməsi nəzərdə tutulan kompüter avadanlıqları, həmçinin proqram, proqram-texniki və texniki təminat vasitələrinə dair texniki tələbləri xüsusi icra məmuruna təqdim edir. Xüsusi icra məmuru tələblərə uyğun avadanlığı təmin etdikdən sonra onun Sistemə qoşulması təmin olunur.

3.4. Ofisdə iki və ya daha çox xüsusi icra məmuru fəaliyyət göstərdikdə onların hər biri ayrı-ayrılıqda rabitə vasitələrinə, o cümlədən telefon nömrəsinə və digər kommunikasiya vasitələrinə, həmçinin kompüterə malik olmalıdırlar.

3.5. Xüsusi icra məmurunun, onun köməkçisinin və digər işçilərin xidməti fəaliyyət göstərdiyi iş sahələrində (otağın girişində və masa üzərində) onların vəzifəsini və şəxsiyyətini müəyyən etməyə imkan verən müvafiq məlumat lövhəsi yerləşdirilməlidir.

3.6. Ofisin iş ahəngini pozan qanunazidd hərəkətlər, kommunikasiya və enerji təminatında fasilələr, habelə xüsusi icra məmurundan asılı olmayan digər texniki və fors-major hallar baş veridkdə ofisin fəaliyyəti müvəqqəti olaraq dayandırıla bilər. Bu hallarda dərhal xüsusi icra məmuru tərəfindən Nazirliyə və Xüsusi İcra Məmurlarının Palatasına (bundan sonra – Palata) məlumat verilir.

3.7. Ofisdə yanğın təhlükəsizliyi tədbirləri qanunvericiliyin tələblərinə uyğun təmin edilir.

3.8. Ofisdə təhlükəsizliyin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılır. Kameraların işlək vəziyyətdə olması təmin edilməli, onların ofisə daxilolma və çıxış sahələrini, dəhlizi, habelə xüsusi icra məmuru və ya onun köməkçisi tərəfindən şəxslərin qəbul edildiyi zonaları tam əhatə etməsi imkanı yaradılmalıdır.

3.9. Nazirlik və Palata tərəfindən xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində həyata keçirilən yoxlamalar zamanı ofisdə quraşdırılmış müşahidə kameralarında saxlanılan məlumatlardan (görüntü və səs yazıları) istifadə edilir.

4.1. Xüsusi icra məmuru icra icraatı üzrə fəaliyyətin qanunvericiliyə uyğun həyata keçirilməsi üçün ofisin işini düzgün təşkil etməli və bu Qaydanın tələblərinə riayət olunmasına nəzarət etməlidir.

4.2. Xüsusi icra məmuru köməkçilərinin və digər işçilərin tutduqları vəzifələrə uyğun olaraq öz funksiyalarının icrası üçün zəruri olan qanunvericiliyi, daxili iş bölgüsünü, etik davranış qaydalarının tələblərini bilməsini və onlara əməl etməsini təmin edir.

4.3. Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş hallarda xüsusi icra məmurunun fəaliyyəti dayandırıldıqda yarımçıq qalan icra hərəkətlərini davam etdirmək və digər təşkilati tədbirləri görmək üçün onun müvəqqəti əvəz edilməsi məqsədilə digər xüsusi icra məmuru təyin edilir. Ofisin idarə edilməsi üçün zəruri olan bütün avadanlıq, material və digər resurslar müvəqqəti əvəz edən icra məmuruna əlçatan olmalıdır.

4.4. Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması hallarında müvəqqəti əvəz edən xüsusi icra məmuru öz adından fəaliyyət göstərir, öz möhürünü, ştamplarını, blanklarını və elektron imzasını tətbiq edir, habelə əvəz olunan xüsusi icra məmurunun bank hesablarını idarə etmək hüququ müvəqqəti olaraq ona həvalə edilir. Əvəz edən xüsusi icra məmuru öz fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.

4.5. Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması hallarında müvəqqəti əvəz edən xüsusi icra məmuru əvəz olunan xüsusi icra məmurunun ofisində fəaliyyət göstərir, onun işçilərinin fəaliyyətinə rəhbərlik edir, əvəz olunan xüsusi icra məmuru ilə işçilər arasında bağlanmış müqavilələrə uyğun olaraq işçilərin əməyini, ofisin saxlanılması ilə bağlı digər xərcləri müvafiq icra işlərindən daxil olan aidiyyəti vəsaitlər hesabına ödəyir.

4.6. Ofisdə kargüzarlığın aparılması ilə bağlı məsələlər “Xüsusi icra məmurunun fəaliyyəti üzrə kargüzarlığın aparılması Qaydaları” ilə tənzimlənir.

4.7. Xüsusi icra məmurunun köməkçisi xüsusi icra məmurunun qanuni tapşırıqlarını yerinə yetirir. O, müstəqil olaraq xüsusi icra məmurunun fəaliyyəti ilə məşğul ola, icra hərəkətlərini həyata keçirə bilməz.

4.8. Xüsusi icra məmurunun köməkçisinin və digər işçilərinin fəaliyyətə başlaması, onların əmək münasibətləri və səlahiyyətləri Qanunla müəyyən olunur.

5.1. Qanunun 23.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, xüsusi icra məmuru, onun köməkçisi və digər işçiləri şəxsi, ailə, dövlət, peşə, həkim, bank, sığorta, kommersiya və ya vergi sirrini təşkil edən, habelə qiymətli kağız mülkiyyətçilərinə dair məlumatların, həmçinin digər konfidensial informasiyanın və peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatların qorunmasını hər zaman təmin etməlidir.

5.2. Sistemə qanunsuz müdaxilə, o cümlədən buna hüququ olmayan şəxslər tərəfindən Sistem məlumatlarının qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması şübhəsi yarandığı təqdirdə xüsusi icra məmuru dərhal Nazirliyin Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsinə məlumat verir.

5.3. Sistemə giriş üçün nəzərdə tutulmuş identifikasiya məlumatları digər şəxslərə verilməməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver