Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının 2.2.1.2-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri” təsdiq edilsin (əlavə olunur).
2. “Xüsusi icra məmurunun standart haqq üzrə avansın məbləği” təsdiq edilsin (əlavə olunur).
3. “Xüsusi icra məmurunun əlavə icra haqqının hesablanması meyarları və hədləri” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 5 dekabr 2025-ci il
1. Bu Sənəd “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və xüsusi icra məmurlarının standart haqqının hesablanması meyarlarını və hədlərini müəyyən edir.
2. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə uyğun olaraq standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyinin ödənilməsi üçün verilir.
3. Standart haqq bu Sənədin 4 – 10-cu hissələri ilə müəyyən edilmiş qaydada hesablanan sabit hissədən və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərdən ibarətdir.
4. Pul tələbinə dair icra sənədləri üzrə standart haqqın sabit hissəsi tələbin məbləğindən aşağıdakı kimi hesablanır:
4.1. tələbin məbləği 30 manatadək olduqda tələbə bərabər məbləğdə;
4.2. tələbin məbləği 30 – 100 manat olduqda 30 manat məbləğində;
4.3. tələbin məbləği 101 – 500 manat olduqda 30 manat + 100 manatdan yuxarı hissənin 17 faizi;
4.4. tələbin məbləği 501 – 1.000 manat olduqda 98 manat + 500 manatdan yuxarı hissənin 15 faizi;
4.5. tələbin məbləği 1.001 – 5.000 manat olduqda 173 manat + 1.000 manatdan yuxarı hissənin 13 faizi;
4.6. tələbin məbləği 5.001 – 10.000 manat olduqda 693 manat + 5.000 manatdan yuxarı hissənin 11 faizi;
4.7. tələbin məbləği 10.001 – 50.000 manat olduqda 1.243 manat + 10.000 manatdan yuxarı hissənin 9 faizi;
4.8. tələbin məbləği 50.001 – 100.000 manat olduqda 4.843 manat + 50.000 manatdan yuxarı hissənin 7 faizi;
4.9. tələbin məbləği 100.001 – 500.000 manat olduqda 8.343 manat + 100.000 manatdan yuxarı hissənin 5 faizi;
4.10. tələbin məbləği 500.001 – 1.000.000 manat olduqda 28.343 manat + 500.000 manatdan yuxarı hissənin 3 faizi məbləğində;
4.11. tələbin məbləği 1.000.000 manatdan çox olduqda 43.343 manat + 1.000.000 manatdan yuxarı hissənin 1 faizi məbləğində, lakin 50.000 manatdan çox olmayaraq.
5. Könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədi üzrə ödənilməli pul məbləği borclu tərəfindən qismən ödənildikdə standart haqqın sabit hissəsi tələbin məbləği əsas götürülməklə borcun qalan hissəsinə mütənasib hesablanır.
6. Pul tələbinə dair icra sənədi qismən icra edildikdə standart haqqın sabit hissəsi tələbin məbləği əsas götürülməklə ödətdirilmiş hissəyə mütənasib tutulur.
7. Vaxtaşırı ödəmələrə dair icra sənədləri üzrə standart haqqın sabit hissəsi aşağıdakı kimi hesablanır:
7.1. aliment tələbinə dair işlərdə tələb qeyri-müntəzəm icra edildiyi və borc yarandığı halda ödətdirilmiş borc məbləğindən hesablanmaqla 4-cü hissə ilə müəyyən edilən standart haqqın yarısı miqdarında;
7.2. vaxtaşırı ödəmələrə dair digər işlərdə tələb qeyri-müntəzəm icra edildiyi və borc yarandığı halda ödətdirilmiş borc məbləğindən hesablanmaqla 4-cü hissə ilə müəyyən edilən standart haqq miqdarında.
8. Əmlak tələbinə (torpaq mübahisələri istisna olmaqla) dair icra sənədləri üzrə standart haqqın sabit hissəsi fiziki şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün 500 manat miqdarında müəyyən edilir.
9. Pul tələbi olmayan icra sənədləri üzrə standart haqqın sabit hissəsi aşağıdakı kimi müəyyən olunur:
9.1. müvəqqəti təminat tədbirlərinin tətbiqinə və ya ləğvinə dair işlər üzrə borclu öz hərəkət və ya hərəkətsizliyi ilə icraya maneçilik törətdikdə – fiziki şəxslər üçün 150 manat, hüquqi şəxslər üçün 450 manat;
9.2. hüquqların tanınması, pay bölgüsü, hüquqlara xitam verilməsi tələblərinə dair işlər üzrə – fiziki şəxslər üçün 150 manat, hüquqi şəxslər üçün 450 manat;
9.3. tikilinin sökülməsi, bərpası, yolun açılması, maneələrin aradan qaldırılması tələblərinə dair işlər üzrə – fiziki şəxslər üçün 600 manat, hüquqi şəxslər üçün 900 manat;
9.4. şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair işlər üzrə – fiziki şəxslər üçün 250 manat, hüquqi şəxslər üçün 750 manat;
9.5. pul tələbi olmayan müxtəlif predmetli barışıq sazişlərinin icrası üzrə – fiziki şəxslər üçün 250 manat, hüquqi şəxslər üçün 750 manat;
9.6. öhdəliyin icrası, öhdəlikdən azad olunma, borcun silinməsi tələblərinə dair işlər üzrə – fiziki şəxslər üçün 150 manat, hüquqi şəxslər üçün 450 manat;
9.7. işə bərpa (məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi tələbi olmadan) tələbinə dair işlər üzrə – sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər üçün 250 manat, hüquqi şəxslər üçün 750 manat;
9.8. çıxarılma və ya köçürülmə ilə əlaqədar olmayan, habelə bu Sənədin 9.3-cü bəndi ilə əhatə olunmayan torpaq mübahisələri üzrə – fiziki şəxslər üçün 250 manat, hüquqi şəxslər üçün 750 manat;
9.9. digər kateqoriya tələblərə dair işlər üzrə – fiziki şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün 300 manat.
10. Tələbin ipoteka predmetinə yönəldilməsinə dair icra sənədlərindən, yaxud əmlakın borc əvəzində tələbkara verilməsindən irəli gəldiyi hallarda yaşayış və ya qeyri-yaşayış sahəsindən (torpaq sahəsindən) çıxarılma, habelə bu Sənədin 8-ci və 9 cu hissələrində göstərilən digər tələblərin əməli icrası ilə əlaqədar xüsusi icra məmurunun bilavasitə icra hərəkətlərinin həyata keçirildiyi yerdə sərf etdiyi hər tam iş saatına görə standart haqqa daxil olan 20 manat ödənilir.
11. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tənzimlənən və ya bazar qiymətlərinə uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı faktiki çəkilmiş (çəkilməsi labüd olan) xərclərdən hesablanır. Həmin xərclərə aiddir:
11.1. borclunun əmlakının axtarılması, ünvanına gedilməsi, əmlakın müəyyən edilməsi və ona baxış keçirilməsi ilə bağlı xərclər;
11.2. borclunun əmlakının siyahıya alınması, üzərinə həbs qoyulması, daşınması və saxlanmasının təşkili ilə bağlı xərclər;
11.3. borclunun əmlakının qiymətləndirilməsi, satışının təşkil edilməsi ilə bağlı xərclər;
11.4. icra hərəkətlərinin həyata keçirilməsi üçün cəlb edilmiş tərcüməçilərə, mütəxəssislərə və digər şəxslərə xidmət haqlarının ödənilməsi;
11.5. borcludan tutulmuş məbləğlərin aidiyyəti üzrə köçürülməsi (göndərilməsi) ilə əlaqədar bank və poçt xərcləri;
11.6. icraat sənədlərinin kağız daşıyıcıda tərtibi, sənədlərin surətlərinin çıxarılması, çap edilməsi və poçt vasitəsilə göndərilməsi ilə bağlı xərclər;
11.7. xarici valyuta əməliyyatları zamanı bank xidmətləri xərcləri;
11.8. icranın təmini üçün zəruri olan digər hərəkətlərə çəkilən xərclər.
12. Zərurət olmadan çəkilmiş və əsaslandırılmamış xərclər standart haqqa daxil edilə bilməz.
1. Bu Sənəd “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və xüsusi icra məmurlarının standart haqqı üzrə avansın məbləğini müəyyən edir.
2. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə uyğun olaraq icra icraatına başlamazdan əvvəl standart haqq tələbkar tərəfindən avanslaşdırılmalıdır.
3. Standart haqq üzrə avansın məbləği aşağıdakı qaydada hesablanır:
3.1. pul tələbinə dair icra sənədlərində standart haqqın sabit hissəsinin 20 faizi məbləğində, lakin 5.000 manatdan çox olmayaraq;
3.2. vaxtaşırı ödəmələrə dair icra sənədlərində ilkin ödənilməli məbləğ üzrə hesablanmış standart haqqın sabit hissəsinin 15 faizi, icra sənədi icraya yönəldilərkən borc yaranmışdırsa, həmin borc məbləği üzrə hesablanmış standart haqqın sabit hissəsinin 15 faizi məbləğində;
3.3. digər icra sənədlərində standart haqqın sabit hissəsinin 50 faizi məbləğində.
1. Bu Sənəd “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 25.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və xüsusi icra məmurlarının əlavə icra haqqının hesablanması meyarlarını və hədlərini müəyyən edir.
2. Qanunun 25.1-ci maddəsinə müvafiq olaraq əlavə icra haqqı könüllüdür, tələbkarla və xüsusi icra məmurunun qarşılıqlı razılığına əsasən yalnız icranın tam və ya qismən təmin olunması halında ödənilir.
3. Qanunun 25.9-cu maddəsinə uyğun olaraq xüsusi icra məmurunun əlavə icra haqqının ödənilməsi şərtləri icraata başlanmazdan əvvəl xüsusi icra məmuru ilə tələbkar arasında yazılı razılıqla müəyyən olunur.
4. Pul tələbinə dair icra sənədləri üzrə əlavə icra haqqı xüsusi icra məmuru tərəfindən ödənilməsi təmin edilmiş məbləğin 15 faizinədək müəyyən edilə bilər.
5. Aliment və digər vaxtaşırı ödəmələrə dair icra sənədləri üzrə əlavə icra haqqı aşağıdakı kimi müəyyən edilə bilər:
5.1. tələb müntəzəm icra edilirsə, hər ay üçün aylıq aliment və ya digər vaxtaşırı ödəmə məbləğinin 2 faizinədək – ildə bir dəfə;
5.2. tələb qeyri-müntəzəm ödənilmiş və borc yaranmışdırsa, ödətdirilmiş borc məbləğinin 5 faizinədək.
6. Əmlak tələbinə dair icra sənədləri üzrə əlavə icra haqqı 10.000 manatadək müəyyən edilə bilər.
7. Pul tələbi olmayan icra sənədləri üzrə əlavə icra haqqı aşağıdakı kimi müəyyən edilə bilər:
7.1. müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair işlər üzrə – 2.000 manatadək;
7.2. hüquqların tanınması, pay bölgüsü və hüquqlara xitam verilməsi tələblərinə dair işlər üzrə – 400 manatadək;
7.3. tikilinin sökülməsi, bərpası, yolun açılması və maneələrin aradan qaldırılması tələblərinə dair işlər üzrə – 4.000 manatadək;
7.4. şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair işlər üzrə – 800 manatadək;
7.5. müxtəlif predmetli barışıq sazişlərinin icrası (pul tələbi olmayan) – 2.000 manatadək;
7.6. öhdəliyin icrası, öhdəlikdən azad olunma və borcun silinməsi tələblərinə dair işlər üzrə – 4.000 manatadək;
7.7. işə bərpa (məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi tələbi olmadan) tələbinə dair işlər üzrə – 1000 manatadək;
7.8. hüquqi sənədlərin ləğvi, etibarsız hesab edilməsi tələblərinə dair işlər üzrə – 400 manatadək;
7.9. çıxarılma və ya köçürülmə ilə əlaqədar olmayan, habelə bu Sənədin 7.3-cü bəndi ilə əhatə olunmayan torpaq mübahisələri üzrə – 2.000 manatadək;
7.10. digər kateqoriya tələblərə dair işlər üzrə – 2.000 manatadək.