“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesini sanitarya-epidemioloji vəziyyətə uyğun olaraq təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 10 sentyabr 2020-ci il
1.1. Bu Qaydalar Ümumdünya Səhiyyə Təşkilatının “COVID-19-un yayılması ilə əlaqədar təhsil müəssisələrində sağlamlığın qorunması tədbirlərinə dair tövsiyələr”i və Azərbaycan Respublikasında COVID-19 infeksiyasına qarşı aparılan profilaktik və epidemioloji tədbirlər üzrə əldə edilmiş təcrübələr əsasında hazırlanmışdır.
1.2. Bu Qaydaların əsas məqsədi xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair tələblərin müəyyən olunması və bu zamanı onun iştirakçılarının sağlamlığının qorunması üçün sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsidir.
1.3. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə (xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələri istisna olmaqla) şamil olunur.
2.1. 2021/2022-ci tədris ilində təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli Qərarı ilə tənzimlənir.
2.2. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində əyani formada aparılan tədris və təlimtərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin sanitar-epidemioloji vəziyyətlə bağlı müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilir. Ayrı-ayrı təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar isə həmin təhsil müəssisəsində yaranmış sanitarepidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında aşağıdakı orqanlar (qurumlar) tərəfindən qəbul edilir:
2.2.1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi;
2.2.2. digər icra hakimiyyəti orqanlarının tabeliyindəki təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin icra hakimiyyəti orqanları;
2.2.3. bu Qərarın 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində qeyd edilənlər istisna olmaqla dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan digər təhsil müəssisələrində, habelə özəl və bələdiyyə təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin təhsil müəssisələrinin təsisçiləri.
2.2-1. Təhsil müəssisəsinin ayrı-ayrı siniflərində (qruplarında) əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və ya yenidən bərpası barədə qərar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyini məlumatlandırmaqla həmin təhsil müəssisəsi tərəfindən qəbul edilir.
2.3. Təhsil müəssisələri tədris və təlim-tərbiyə prosesini əyani formada təşkil edərkən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq qəbul edilən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə və bu Qaydaların tələblərinə əməl etməlidirlər.
2.7. Təhsil müəssisəsində şəxsi gigiyena qaydalarına əməl edilməsi və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələrin yetərli qədər olması təmin edilməlidir.
2.8. Təhsil alanların və təhsil verənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilmir.
2.9. Evdə təhsil formasında təhsil prosesi sanitariya və gigiyena qaydalarına riayət olunmaqla, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilir.
2.10. Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmir.
3.1. Bu Qaydaların tələblərinə əməl edilməsinə nəzarət müəssisənin rəhbərində saxlanılmaqla təhsil müəssisələrində operativ nəzarət üzrə məsul şəxs (şəxslər) təyin olunur.
3.2. Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) COVID-19-a yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə olunması, tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsuldur.
3.3. Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) COVID-19-la mübarizə ilə bağlı məlumatlandırıcı və xəbərdaredici materialların tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına çatdırılmasını təmin edir.
3.4. Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik (müntəzəm) nəzarət formalarını və keyfiyyətə nəzarət cədvəllərini tərtib edir, həmçinin onların icrasına nəzarət edir.
3.5. Təhsil müəssisəsi sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, habelə bu Qaydaların tələblərinə əməl edilməsi məqsədilə profilaktik və preventiv tədbirlərin əks olunduğu daxili tədbirlər planı hazırlamalı və təsdiq etməlidir. Tədbirlər planının icrasına operativ nəzarət üzrə məsul şəxs (şəxslər) nəzarət edir.
3.6. Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məsul şəxslərinin adları, soyadları və əlaqə nömrələrinin olduğu məlumat kitabçası ilə təmin edilir.
4.1. Təhsil müəssisələrinə giriş və çıxış üzrə tələblər:
4.1.1. təhsil müəssisəsinə daxil olan şəxslərin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür, bədən hərarətinin 37.1°C və ya daha yüksək olan, yaxud respirator əlamətləri olanların müəssisəyə daxil olmasına yol verilmir;
4.1.1-1. ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olmalıdır;
4.1.2. təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki (sosial) məsafənin təmin olunması məqsədilə müəssisənin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin edilir;
4.1.3. təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsil alanlar, təhsil verənlər və s.) arasında minimum 1 metr sosial məsafə təmin olunur və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnir;
4.1.4. təhsil müəssisəsinin girişi və çıxışı üçün nəzərdə tutulmuş ərazilər spirt tərkibli əl üçün dezinfeksiyaedici vasitələrlə təmin edilir;
4.1.6. məktəbəqədər və icma əsaslı məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrinin ibtidai və məktəbəhazırlıq qruplarında təhsil alanların müəssisəni sinif müəlliminin nəzarəti altında tərk etməsi təmin edilir.
4.2. Təhsil verənlərə dair tələblər:
4.2.4. iş prosesində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tövsiyə edilir.
4.2.5. müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1 metr) gözlənilməlidir;
4.2.6. təhsil verən özündə və ya birgə yaşadığı şəxslərdə COVID-19 əlamətlərini (şübhəsini) hiss edərsə, bu barədə dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir;
4.2.7. iş vaxtı ərzində təhsil verəndə bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların 5-ci hissəsinin tələblərinə uyğun tədbirlər görülür;
4.7.8. COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün təcridolunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrinin cavabları aşkarlananadək, həmin şəxslərin işə başlamasına icazə verilmir.
4.2.9. Bu Qaydalarla təhsil verənlərə münasibətdə müəyyən edilmiş tələblər təhsil müəssisəsinin tədris etməyən inzibati heyətinə də aiddir.
4.3. Təhsil alanlara dair tələblər:
4.3.3. şəxsi gigiyena qaydalarına (o cümlədən mütəmadi əlləri yumaq) əməl edilir;
4.3.5. təhsil alan digər təhsil alanlara aid əşyalara toxunmur;
4.3.6. təhsil alan özündə və ya birgə yaşadığı şəxslərdə COVID-19 əlamətlərini (şübhəsini) hiss edərsə, bu barədə özü və ya valideynləri və ya digər qanuni nümayəndələri dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir;
4.3.7. dərs (məşğələ) müddətində təhsil alanın bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların 5-ci hissəsinin tələblərinə uyğun tədbirlər görülür;
4.3.8. COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün təcrid olunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş nümunələrinin cavabları aşkarlananadək, təhsil alanların təhsil müəssisəsinə gəlməsinə icazə verilmir.
4.4. Texniki heyətə dair tələblər:
4.4.2. texniki heyət üçün növbəli iş rejimi tətbiq edilir. Onların iş vaxtının əsasən tədris və təlim-tərbiyə vaxtından əvvəl və sonra təşkili təmin edilməlidir. Texniki heyətin təhsil alanlarla və təhsil verənlərlə fiziki təması minimuma endirilməlidir;
4.4.5. iş vaxtı ərzində əməkdaşda bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların 5-ci hissəsinin tələblərinə uyğun tədbirlər görülür;
4.4.7. COVID-19 testinin nəticəsi pozitiv olan və ya test nəticəsi pozitiv olmuş şəxslə təmasda olduğu üçün təcridolunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrin cavabları aşkarlananadək, həmin şəxslərin işə başlamasına icazə verilmir.
4.6. Dərslərarası (məşğələlərarası) fasilələrə, gəzinti müddətinə dair tələblər:
4.6.1. dərslərarası (məşğələlərarası) fasilələrdə təhsil alanların təmiz havada olmasına şərait yaradılır;
4.6.3. fasilə müddətində tədris otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılır və sinif otaqlarının havası mütəmadi dəyişdirilir;
4.6.4. mərkəzi havalandırma sistemi olan otaqların havalandırılması təmiz hava sirkulyasiyasını təmin edəcək tərzdə qurulmalı, havalandırma sistemlərinə texniki xidmətin göstərilməsi və filtrlərin dəyişdirilməsi tələblərə uyğun olaraq həyata keçirilməlidir;
4.6.5. məktəbəqədər təhsil müəssisələrində fiziki mədəniyyət məşğələsi təmassız oyunlarla məhdudlaşdırılır.
4.7. Tədris (sinif) otağına və müəllim otağına dair tələblər:
4.7.1. hər bir sinfin (qrupun) bütün dərs günü ərzində istifadəsi üçün bir sinif otağı (auditoriya) və ya kabinet müəyyən edilir;
4.7.2. kimya, fizika, biologiya kabinetləri və s. otaqlardan növbəli istifadə zərurəti olduqda, həmin kabinetlərdə (otaqlarda) növbəti dərs saatı bütün səthlərin dezinfeksiyasından və otaqda hava mübadiləsi təmin edildikdən sonra başlanılır;
4.7.3. ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilir;
4.7.4. təhsil alanların həmişə eyni parta (masa) arxasında oturması təmin edilir;
4.7.5. dərslərarası (məşğələlərarası) tənəffüslərdə sinif (qrup) otağının (auditoriyanın) havalandırılması təmin edilir;
4.7.6. növbələrarası fasilələrdə partaların (masaların), qapı və pəncərə tutacaqlarının təmizlənməsi və dezinfeksiyası təmin edilir;
4.7.8. müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılır.
4.7.9. müəllim otağının (kafedraların) gün ərzində mütəmadi havalandırılması və 2 dəfədən az olmamaq şərtilə təmizlənməsi və dezinfeksiya edilməsi təmin edilir.
4.8. Laboratoriyalara, tədris-istehsalat emalatxanalarına, tamaşa otaqlarına dair tələblər:
4.8.1. laboratoriyalar, tədris-istehsalat emalatxanaları mütəmadi olaraq havalandırılır;
4.8.2. laboratoriyaların, tədris-istehsalat emalatxanalarının qarşısında spirt tərkibli əl üçün dezinfektantları və əlcəklər yerləşdirilir;
4.8.3. laboratoriyalarda, tədris-istehsalat emalatxanalarında ara məsafəsi gözlənilməlidir;
4.8.4. laboratoriyalarda, tədris-istehsalat emalatxanalarında təşkil edilən praktiki dərslərdə əlcək istifadə edilir;
4.8.5. döşəmələr xlor tərkibli məhlulla və ya digər vasitələrdə mütəmadi olaraq dezinfeksiya edilməlidir;
4.8.6. tamaşa otaqlarının fəaliyyəti dayandırılır.
4.9. Yeməkxanalara (bufetlərə) dair tələblər:
4.9.1. yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;
4.9.2. təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır;
4.9.3. ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;
4.9.4. yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməlidir;
4.9.5. yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır;
4.9.6. yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir;
4.9.7. yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla);
4.9.8. təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir.
4.10. Sanitariya qovşaqlarına olan tələblər:
4.10.1. sanitariya qovşağının döşəməsi, çanaqlar, qapı tutacaqları və digər istifadə olunan səthlər xüsusi dezinfeksiyaedici vasitələrlə hər iki saatdan bir təmizlənməli və dezinfeksiya edilməlidir;
4.10.2. sanitariya qovşaqlarının təmizlənməsi saatlarının qeydiyyatı aparılmalıdır;
4.10.3. sanitariya qovşaqlarında maye sabun, dezinfeksiyaedici məhlul hər zaman olmalıdır;
4.10.5. sanitariya qovşaqlarında gigiyenaya dair məlumatlar və xəbərdarlıq posterləri olmalıdır;
4.10.6. sanitariya qovşaqları yaxşı işıqlandırılmalıdır;
4.10.7. sanitariya qovşaqlarının girişi qarşısında fiziki (sosial) məsafənin saxlanması üçün döşəmə və keçidlərə xəbərdaredici nişanlar yerləşdirilməli, eləcə də giriş qapısı önündə və tamburda dezinfeksiyaedici vasitələrlə isladılmış dezinfeksiyaedici ayaq altılar və əllərin dezinfeksiyası üçün spirt tərkibli antiseptiklər olmalıdır;
4.11. Yataqxanalara (yataq otaqlarına) dair tələblər:
4.11.1. təhsil müəssisəsinin nəzdindəki yataqxanalarda qalacaq təhsil alanların sayı yenidən nəzərdən keçirilməli və bu Qaydalarla müəyyən edilmiş sosial məsafə tələblərinin tətbiqinə imkan verən sayda təhsil alana xidmət göstərilməlidir;
4.11.2. təhsil alanların otaqlarını dəyişməsinə icazə verilmir;
4.11.3. təhsil alanların qaldığı otaqlara eyni otaqda qalanlar istisna olmaqla, kənar şəxslərin daxil olmasına icazə verilmir;
4.11.4. təhsil alanın yataqxanada qaldığı müddətdə bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən olunduqda və ya hər hansı xəstəlik əlamətləri müşahidə edildikdə (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə və iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların 5-ci hissəsinin müddəalarına uyğun tədbirlər görülür;
4.11.5. yoluxucu xəstəlik əlamətləri aşkar edilənlərin müvəqqəti təcrid edilməsi üçün ən azı iki çarpayılıq izolyasiya otağı daimi olaraq təchiz edilmiş vəziyyətdə saxlanılmalıdır;
4.11.6. yataqxananın girişlərində dezinfeksiya vasitəsi yerləşdirilir;
4.11.7. yataqxanada sosial məsafə və gigiyena qaydalarına riayət edilir;
4.11.9. yataqxana gündə 2 dəfədən az olmamaq şərtilə havalandırılmalı, pəncərələr tez-tez açılmalıdır. Duş qəbul edilən yerlər və sanitariya qovşaqlarında sosial məsafə qaydalarına diqqət edilməlidir;
4.11.10. duş kabinələri və sanitariya qovşaqlarının pəncərələri havalandırma məqsədilə gündə 2 dəfədən az olmamaq şərtilə açılmalıdır;
4.11.11. duş kabinələri hər gün dezinfeksiya edilməlidır;
4.11.12. əllərlə tez-tez təmas edilən səthlər (qapılar, dolablar, elektrik düymələri və s.) gün ərzində 2 dəfədən az olmamaq şərtilə təmizlənməlidir;
4.11.13. yataqxanada mətbəx, camaşırxana, paltarların qurudulması və ütülənməsi otaqları, tibbi xidmət və digər inzibati-təsərrüfat otaqları müvafiq təmizlik və dezinfeksiya tədbirlərinə uyğun olaraq, aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən təmizlənməli və dezinfeksiya edilməlidir.
4.12. İdman və akt zallarına, kitabxanaya və hovuza dair tələblər:
Təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman, akt zallarından, kitabxana və hovuzdan sanitariya və gigiyena qaydalarına riayət olunmaqla və sosial məsafə gözlənilməklə, habelə istifadəçi sayı məhdudlaşdırılmaqla istifadə edilə bilər.
5.1. Təhsil müəssisəsində COVID-19 virusunun şübhə olduğu hallarda ünsiyyət üçün yetərli sayda müvafiq qoruyucu geyimlərin (üz üçün sipər, baxil, tibbi əlcək, tibbi maska) olması təmin edilməlidir.
5.2. Xəstəlik şübhəsi olan şəxs dərhal yaşadığı yerə göndərilməli (təhsil alandırsa, valideyninə və ya digər qanuni nümayəndəsinə məlumat verilməli) və 103 Təcili Tibbi Yardıma müraciət edilərək həkimlər tərəfindən laboratoriya müayinəsindən, tələb olunduğu halda COVID-19 testindən keçməli və yaşadığı yerdə özünütəcrid rejimində olmalıdır. Xəstəlik şübhəsi olan təhsil alanın valideyni və ya digər qanuni nümayəndəsi olmadığı təqdirdə, təhsil müəssisəsi onun dərhal COVID-19 testindən keçirilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət etməlidir.
5.3. Təhsil müəssisəsi daxilində xüsusi karantin otağı (otaqları) ayrılmalıdır.
5.4. Xəstəlik şübhəsi olan şəxs yaşadığı yerə gedənədək (təhsil alandırsa, valideyninə və ya digər qanuni nümayəndəsinə məlumat verilənədək), izolyasiya edilməsi məqsədilə xüsusi karantin otağında yerləşdirilir.
5.5. Xəstəlik şübhəsi olan şəxsin təhsil müəssisəsində olan digər şəxslərlə təması minimuma endirilir və onunla təmasda olan şəxslərin fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri, baxil) istifadəsi təmin edilir.
5.6. Karantin otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılır və otaqda havalandırma təmin edilir.
5.7. Xəstəlik şübhəsi olan şəxs təhsil müəssisəsini tərk etdikdən sonra karantin otağının 3 saat istifadəsiz saxlanılması və oraya girişə icazə verilməməsi, qapının üzərinə “istifadəyə yararsızdır” nişanının vurulması tövsiyə olunur.
5.8. Xəstəlik şübhəsi olan şəxs təhsil müəssisəsini tərk etdikdən sonra karantin otağının 3 saatdan sonra (tövsiyə olunan müddət) təmizlənməsi və dezinfeksiya olunması təmin edilməlidir.
5.9. Xəstəliyə yoluxma faktı təsdiq edildiyi halda, xəstə şəxsin təmasda olduğu digər şəxslər və yerlər müəyyən olunmalı, müvafiq qaydada izolyasiya, təmizləmə və dezinfeksiya tədbirləri görülməlidir.
5.10. COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün özünütəcrid rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrinin cavabları aşkarlananadək, şəxslərin təhsil müəssisəsinə gəlməsinə icazə verilmir.
5.11. Xəstəlik əlamətləri müşahidə olunan şəxslərin təmasda olduğu şəxslərin müəyyənləşdirilməsi və idarə edilməsi təmin olunmalı və bununla bağlı aidiyyəti orqanlara məlumat verilməlidir.
5.12. Kütləvi xəstəlik şübhəsi olduğu hallarda evakuasiya həyata keçirilməli, bu haqda əvvəlcədən təlimatlandırılmış işçi heyətin nəzarəti altında təhsil müəssisəsində olan bütün şəxslər müəssisədən çıxarılmalı və müəssisə tamamilə dezinfeksiya olunmalıdır.
6.1. Təhsil prosesinin iştirakçıları mütəmadi olaraq, o cümlədən sanitariya qovşağından istifadədən, asqırma və öskürmədən, sənədlərlə təmasdan sonra və s. əllərini təmiz yumalı və ya dezinfeksiya etməlidirlər.
6.2. Əllərin gigiyenasına dair aşağıdakılar edilməlidir:
6.2.1. əllər axar su ilə isladılmalı və sabunlanmalı;
6.2.2. əllər, barmaqların və dırnaqların arası yaxşı sabunlanmalı;
6.2.3. sabunlu əllər ən azı 20 saniyə ovuşdurulmalı;
6.2.4. əllər axar suyun altında mükəmməl durulanmalı;
6.2.5. əllər təmiz salfetlərlə qurulanmalı;
6.2.6. sabun və ya su istifadəsi mümkün olmadıqda, spirt tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilməli.
7.1. Malların təhsil müəssisəsinə gətirilməsi zamanı sosial məsafənin saxlanılması təmin edilməlidir.
7.2. Mal və məhsulların boşaldılması ilə məşğul olan işçilər tərəfindən əl gigiyenası qaydalarına əməl olunması təmin edilməlidir.
7.3. Təhsil müəssisəsinin qida məhsullarının tədarükü, istehsalı, hazırlanması və servisi ilə məşğul olan bölmələrinin işçi heyəti bu bölmələrə qısa müddətə daxil olan təchizatçılar, texniki xidmət işçiləri, malların daşınmasını həyata keçirən sürücülərlə və digər şəxslərlə yaxın təmasda olmamalı, sosial məsafəyə riayət etməli və qoruyucu vasitələrdən istifadə etməlidir.
7.4. Tullantılarla bağlı işlərə məsul işçi ayrılmalıdır.
7.5. Ümumi istifadədə olan ərazilərdə maska, əlcək kimi qoruyucu vasitələr üçün tullantı qutuları qoyulur, həmin qutuların üzərində onların yalnız həmin məqsədlər üçün nəzərdə tutulduğu göstərilir. Bu cür tullantılar digər tullantılarla qarışdırılmadan ayrılıqda utilizasiya edilir.
7.6. Ümumi istifadədə olan ərazilər tullantılardan təmizləndikdə, birdəfəlik əlcəklərdən istifadə edilir. İşçi heyət tərəfindən tullantılar təmizlənib utilizasiya edildikdən sonra əlcəklərin çıxarılması və əl gigiyenası tələblərinə riayət olunmalıdır.
7.7. Tullantılar kip bağlanan və sızıntıya dayanıqlı möhkəm zibil qutularına yığılır.
8.1. Təhsil müəssisəsinin rəhbərliyi hava-damcı yolu ilə ötürülən xəstəliklərin, xüsusilə COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılmasını və işçi heyət üçün müvafiq təlimlərin keçirilməsini təmin edir. Bu təlimlər fiziki (sosial) məsafə qaydalarına uyğun şəraitdə, habelə mümkün hallarda distant qaydada keçirilir.
8.2. Sanitariya qovşaqlarında düzgün əl yumaq qaydalarını əks etdirən posterlər yerləşdirilir.
8.3. Təhsil müəssisələrinin görünən yerlərində (dəhlizlərdə, sanitariya qovşaqlarında, yataqxanada, yeməkxanada və s.) COVID-19 pandemiyası zamanı zəruri olan davranış qaydalarını əks etdirən posterlər yerləşdirilir.
8.4. Təhsil alanlara COVID-19 virusu barədə zəruri informasiyanı, eləcə də gigiyena və sosial davranış qaydalarını özündə əks etdirən bukletlər paylanılır.
8.5. Təhsil müəssisəsinin rəhbərləri və operativ nəzarət üzrə məsul şəxs (şəxslər) üçün müəssisədə sanitariya-gigiyena qaydalarına nəzarət, tədris və təlim-tərbiyə prosesinin idarə edilməsi, valideyn və təhsil alanlara dəstək mexanizmini əks etdirən təlimatlar hazırlanır və onlara çatdırılır.
8.6. Təhsil verənlər üçün tədris prosesinin idarə edilməsi, təhsil alanların gigiyenik və sosial davranış qaydalarına əməl etməsinə nəzarəti, eləcə də onlara sosial-emosional dəstək verilməsini əks etdirən təlimat hazırlanır və elektron versiyada paylaşılır.
8.7. Valideynlər üçün COVID-19 virusu barədə zəruri informasiyanı, övladlarının təhsilinə dəstək üsullarını, eləcə də uşaqlara sosial-emosional yardımı özündə əks etdirən yaddaş kitabçası hazırlanır və elektron versiyada paylaşılır.
8.8. Texniki heyət COVID-19 virusunun əlamətləri (şübhəsi) müəyyən edilən şəxslərlə təmasda olacağı təqdirdə, riayət etməli olduqları davranış qaydaları barədə məlumatlandırılır.
9.1. Bu Qaydaların tələblərinə riayət olunmasına ümumi nəzarət və koordinasiya Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
9.2. Bu qaydaların tələblərinə riayət edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.
1. 21 sentyabr 2021-ci il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 sentyabr 2021-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1074)
2. 22 aprel 2022-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 417)
3. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)
4. 9 mart 2023-cü il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 mart 2023-cü il, “Xalq” qəzeti, 14 mart 2023-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 432)