Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 45

Maddə 45. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə, qorunmasına və istifadəsinə dövlət nəzarəti

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə, qorunmasına və istifadəsinə dövlət nəzarətinin məqsədi bu ərazilərin və obyektlərin vəziyyətinə, onların mühafizəsi, qorunması, bərpası və istifadəsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasını təmin etməkdir.

Bu sahədə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində müəyyən olunmuş qaydada həyata keçirirlər.

Dövlət nəzarəti məqsədi ilə aşağıdakılar həyata keçirilir:

dövlət təbiət qoruq fondunun mühafizəsi və bərpası üzrə tədbirlərin yerinə yetirilməsini yoxlamaq;

xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadə hüququna dair sənədləri yoxlamaq, nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrini və gəmiləri, ov alətlərini, əldə edilmiş məhsulları və başqa əşyaları yoxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək;

xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyi pozmuş, cinayət və ya inzibati xəta törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamaq, onları hüquq mühafizə orqanlarının sərəncamına vermək;

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsi və istifadəsi sahəsində inzibati xəta haqqında protokollar tərtib etmək;

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifəni yerinə yetirərkən xüsusi geyim forması daşımaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin vəzifəli şəxslərinin hüquqları müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamə ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver