Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarının və vəsaitlərinin yaradılması və onlardan istifadə Qaydası haqqında (Nazirlər Kabinetinin qərarı, 12.07.2005) › Tam mətn

Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarının və vəsaitlərinin yaradılması və onlardan istifadə Qaydası haqqında (Nazirlər Kabinetinin qərarı, 12.07.2005)

Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarının və vəsaitlərinin yaradılması və onlardan istifadə Qaydası haqqında (Nazirlər Kabinetinin qərarı, 12.07.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarının və vəsaitlərinin yaradılması və onlardan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”yə aşağıdakı əlavə və dəyişiklik edilsin:

3-cü bəndə aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Bu bəndin “a”, “b” və “c” yarımbəndlərində nəzərdə tutulmuş vəsaitlər qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi mühafizə olunan təbiət ərazilərində törədilmiş qanun pozuntusu və ya həmin ərazilərdən istifadə ilə bağlı olduqda bu ərazilərin müvafiq idarələrinin xüsusi fondlarına daxil olur”;

4-cü bənddə “Maliyyə Nazirliyinin Mərkəzi Xəzinədarlığında” sözləri “yerli maliyyə orqanlarının xəzinədarlığında” sözləri ilə əvəz edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 12 iyul 2005-ci il

1. Bu Qayda “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və xüsusi mühafizə olunan təbiət ərazilərinin, yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri istisna olmaqla, idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarının və vəsaitlərinin (bundan sonra - Fond) yaradılması və onlardan istifadəni tənzimləyir.

2. Bu Qaydanın müəyyən edilməsində əsas məqsəd xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, yerləşdirilməsi sxeminin hazırlanması, idarə edilməsi, mühafizəsi, qorunub saxlanması, inkişafı və bərpasının, habelə xüsusi mühafizə olunan təbiət ərazilərində həmin sahədə digər tədbirlərin maliyyələşdirilməsinin təkmilləşdirilməsindən ibarətdir.

3. Fond aşağıdakı mənbələr hesabına formalaşır:

a) xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələrin;

b) xüsusi mühafizə olunan təbiət ərazilərində təbiətdən istifadəyə görə ödəmələrin;

c) xüsusi mühafizə olunan təbiət ərazilərində törədilən hüquq pozuntusuna görə qanunvericiliklə müəyyən edilmiş qaydada müsadirə edilən ovçuluq və balıqçılıq alətlərinin, qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlərin;

ç) dövlət, qeyri-hökumət təşkilatları, fiziki və hüquqi şəxslər tərəfindən könüllü olaraq ödənilən ianələrin;

d) heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödəmələrin (balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr istisna olmaqla) və qeyri-qanuni vəhşi heyvan ovuna görə təbiətə dəymiş ziyanın məbləğinin;

e) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmaların.

4. Fondun vəsaitləri müəyyən olunmuş qaydada təsdiq edilmiş gəlir və xərclər smetası əsasında xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələr tərəfindən istifadə olunur.

5. Köçürmələrin vaxtlı-vaxtında həyata keçirilməsinə öz səlahiyyətləri daxilində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələr nəzarət edirlər.

6. Fondun vəsaitləri xüsusi mühafizə olunan təbiət ərazilərinin saxlanılması və inkişafına (təşkili, yerləşdirilməsi sxeminin hazırlanması, idarə edilməsi, mühafizəsi, inkişafı və bərpasına, onlardan səmərəli istifadə edilməsinə, onların məqsədli təyinatına uyğun olan obyektlərin tikintisi, əsaslı təmiri və istismarına, orada təbii obyekt və komplekslərin abadlaşdırılmasına, nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsi və bərpasına, biotexniki və digər tədbirlərin görülməsinə, elmi tədqiqat, layihə-axtarış və təcrübi-metodiki işlərin aparılmasına, həmin sahədə proqramların, layihələrin və normativ hüquqi sənədlərin hazırlanmasına, seminar və konfransların keçirilməsinə, əhali arasında bu ərazilərin və burada mövcud olan heyvanlar aləmi obyektlərinin təbliğinə, həmin sahədə işləri yerinə yetirmək üçün tələb olunan texnoloji qurğuların, cihazların, nəqliyyat vasitələrinin və digər ləvazimatların alınmasına, eləcə də xarici ölkələrlə elmi-texniki əməkdaşlığa, xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqinin təşkili və keçirilməsinə, dövlət kadastrının aparılmasına, bu sahədə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi və həvəsləndirilməsi məqsədilə onların maddi stimullaşdırılmasına) sərf oluna bilər.

7. Sosial təminat və maddi həvəsləndirmə fonduna yönəldilən vəsaitin məbləği Fondun vəsaitlərinin 10 faizindən çox olmamalıdır.

8. Fondun istifadə olunması haqqında ilin yekunlarına görə hesabat xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələr tərəfindən hazırlanır və Maliyyə Nazirliyinə təqdim olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.

9. Fondun vəsaitlərindən səmərəli istifadə olunmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və müvafiq səlahiyyətli orqanlar nəzarət edirlər.

10. Fondun hesabında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürülür.

11. Bu Qayda ilə nəzərdə tutulan Fond ləğv edildikdə, onun vəsaiti Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna keçirilir.

1. 8 may 2025-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 may 2025-ci il, “Xalq” qəzeti, 17 may 2025-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 503)

2. 17 mart 2026-cı il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 mart 2026-cı il, “Azərbaycan” qəzeti, 18 mart 2026-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 284)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver