Yanğınların söndürülməsinə qüvvə və vasitələrin cəlb olunması, yanğından mühafizə qarnizonlarında yanğınların söndürülməsinin təşkili qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Əgər müəyyən ərazidə yerləşdirilmiş yanğından mühafizə qüvvələri və vasitələri, habelə həyat təminatı xidmətləri yanğının ləğvinə kifayət etmirsə, fövqəladə hala çevrilmiş yanğını söndürmək və onun nəticələrini aradan qaldırmaq üçün “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada zəruri olan əlavə yanğından mühafizə qüvvələri və vasitələri cəlb edilir.
Yanğından mühafizə bölmələri yanğınları söndürmək və onların ləğvində iştirak etmək üçün şərtsiz qaydada yola düşürlər.
Yanğından mühafizə bölmələrinin çağırılması üçün yaşayış məntəqələrinin telefon şəbəkələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən nömrə müəyyən edilir.
Yanğınlar söndürülərkən insanların təhlükəsizliyinin təmin olunması, əmlakın xilası üçün zəruri hərəkətlər edilir, o cümlədən:
1) yanğınların və onların təhlükəli təzahürlərinin yayıldığı (yayılması ehtimalının olduğu) yerlərə girilir;
2) yanğınların yayılmasına mane olan və ləğvini təmin edən şərait yaradılır;
3) rabitə və nəqliyyat vasitələrindən, avadanlıqlardan və digər texniki vasitələrdən əvəzsiz olaraq istifadə olunur;
4) yanğın yerlərinə giriş məhdudlaşdırılır və ya qadağan edilir, habelə oraya bitişik ərazilərdə nəqliyyatın və piyadaların hərəkəti məhdudlaşdırılır və ya qadağan edilir;
5) yanğın yerlərindən adamlar və əmlak köçürülür.
Yanğının söndürülməsinə bilavasitə rəhbərliyi yanğınsöndürmə rəhbəri — yanğından mühafizənin yanğın yerinə gəlmiş böyük operativ vəzifəli şəxsi (əgər ayrı qayda nəzərdə tutulmayıbsa) həyata keçirir. O, yanğının söndürülməsi üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizənin şəxsi heyətini, habelə yanğının söndürülməsinə cəlb olunmuş qüvvələri təkbaşçılıq prinsipləri əsasında idarə edir.
Yanğınsöndürmə rəhbəri yanğınsöndürmə tapşırığının yerinə yetirilməsinə, yanğının söndürülməsinin həyata keçirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinin və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrin təhlükəsizliyinə cavabdehdir.
Yanğınsöndürmə rəhbəri yanğının söndürülməsi üzrə əməliyyatların həyata keçirildiyi ərazinin sərhədlərini, göstərilən hərəkətlərin qaydasını və xüsusiyyətlərini müəyyənləşdirir, habelə yanğın zamanı adamların, əmlakın xilas olunması barədə qərarlar qəbul edir.
Zərurət olduqda yanğınsöndürmə rəhbəri digər qərarlar, o cümlədən göstərilən ərazidə vəzifəli şəxslərin və vətəndaşların hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edir.
Yanğınsöndürmə rəhbərinin göstərişləri yanğının söndürülməsi üzrə əməliyyatların həyata keçirildiyi ərazidə bütün vəzifəli şəxslər və vətəndaşlar tərəfindən hökmən icra olunmalıdır.
Heç kəs yanğın zamanı yanğınsöndürmə rəhbərinin hərəkətlərinə qarışa bilməz və ya onun verdiyi sərəncamları ləğv edə bilməz.
Yanğın söndürülərkən dəyən maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir. Son zərurət şəraitində fəaliyyət göstərmiş yanğından mühafizənin şəxsi heyəti və yanğının söndürülməsinin digər iştirakçıları dəyən ziyanın ödənilməsindən azad edilirlər.