Qanunvericilik › Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Dövlət yanğın nəzarəti

Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət yanğın nəzarəti dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət yanğın nəzarəti tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Sahibkarlara münasibətdə dövlət yanğın nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun rəhbəri öz vəzifəsinə görə eyni zamanda Azərbaycan Respublikasının yanğın nəzarəti üzrə Baş dövlət inspektorudur.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu dövlət yanğın nəzarətinin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir:

1) dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq;

2) dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək;

3) yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq;

4) tikinti meydançalarını (trasları) seçən komissiyaların, habelə tikintisi (yenidən qurulması) başa çatmış obyektləri qəbul edən komissiyaların işində həlledici səs hüquqi ilə iştirak etmək;

5) yanğınların törənməsi və insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi tələblərinin pozulması haqqında məlumat olduqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada vətəndaşların yaşayış yerlərinə və başqa tikililərinə, torpaq sahələrinə daxil olmaq;

6) müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına, genişləndirilməsinə və yeni texnika ilə təchiz edilməsinə dair layihə-smeta və şəhərsalma sənədlərini yanğın təhlükəsizliyi tələblərinə əməl olunması baxımından nəzərdən keçirmək və razılaşdırmaq;

7) Layihə və layihə-axtarış işlərini yerinə yetirən müəssisələrdə onların hazırladığı layihə və layihə-smeta sənədlərinin yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından seçmə yolu ilə yoxlamalar keçirmək;

8) yanğın təhlükəsizliyi qaydası tələblərinin pozuntularının aradan qaldırılması, yanğın təhlükəsizliyi qaydasının tələblərinə uyğun gəlməyən malların (işlərin, xidmətlərin) istehsaldan çıxarılması, buraxılışına son qoyulması, satışının dayandırılması barədə müəssisələrin rəhbərlərinə, vəzifəli şəxslərə və vətəndaşlara yazılı tələbnamələr vermək;

9) yanğın törənməsi və ya insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozuntularını, habelə müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində, yenidən qurulmasında, genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında həmin tələblərin yerinə yetirilmədiyini aşkar etdikdə müəssisələrin (ayrı-ayrı istehsalatların), istehsal sahələrinin, aqreqatların işini, binaların, qurğuların istismarını, ayrı-ayrı işlərin görülməsini tamamilə və ya qismən dayandırılması barədə qərar qəbul etmək;

10) verilmiş tələbnamə və qərarlar icra edilmədikdə materialları Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərmək;

11) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu mülkiyyəti olan obyektlərdə və ya xarici investisiyalı müəssisələrdə dövlət yanğın nəzarətini apararkən bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş hüquqlara malikdir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver