Qanunvericilik › Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin hüquq və vəzifələri

Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı hüquqları vardır:

1) öz vəsaitləri hesabına saxladıqları yanğından mühafizə bölmələrini müəyyənləşdirilmiş qaydada yaratmaq, yenidən təşkil və ləğv etmək;

2) müvafiq dövlət orqanlarına yanğın təhlükəsizliyinin təmin edilməsinə dair təkliflər vermək;

3) müəssisələrdə yanğınların baş verməsi səbəblərinin müəyyən edilməsi və müvafiq tədbirlərin görülməsi sahəsində iş aparmaq;

4) yanğın təhlükəsizliyini təmin etməyin sosial və iqtisadi cəhətdən həvəsləndirilməsi tədbirlərini müəyyənləşdirmək;

5) yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq.

Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır:

1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;

2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək;

3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək;

4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək;

5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq;

6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə və yanğın nəzarəti qurumlarına köməklik göstərmək;

7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə qida məhsulları və istirahət yerləri vermək;

8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək;

9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək;

10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver