Qanunvericilik › “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.06.2010) › Tam mətn

“Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.06.2010)

“Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.06.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanının 1.3.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 25 iyun 2010-cu il

1.1. Bu Qayda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Yaşayış sahəsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş dövlət və ya bələdiyyə mülkiyyətində olan xüsusi təyinatlı mənzil fonduna aid edilməsi bu Qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilir.

1.3. Xüsusi təyinatlı mənzil fondunun uçotu mənzil fondunun dövlət uçotunun tərkib hissəsidir.

1.4. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir:

- xidməti yaşayış sahələri;

- yataqxanalarda yaşayış sahələri;

- manevr fondu yaşayış sahələri;

- əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri;

- məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri;

- qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri;

- ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri.

1.5. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız bu Qaydaya riayət etməklə, xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir.

1.6. Yaşayış sahəsinin mülkiyyətçisinin adından çıxış edən səlahiyyətli dövlət orqanının və ya bələdiyyənin, yaxud onların səlahiyyətli şəxslərinin qərarı ilə bağlanmış kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaq üçün verilən xüsusi təyinatlı yaşayış sahəsi onun kirayəçisi tərəfindən dəyişdirilə və ya digər şəxslərin istifadəsinə verilə bilməz.

1.7. Yaşayış sahəsi xüsusi təyinatlı mənzil fondu üçün müəyyən edilmiş tələblərə cavab verərsə, onun xüsusi təyinatlı mənzil fonduna aid edilməsi barədə qərar qəbul edilə bilər.

1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.

1.9. Bu Qayda müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası məqsədi ilə müvafiq sahədə idarəetməni həyata keçirən dövlət qurumlarının istifadəsinə verilmiş xüsusi təyinatlı mənzil fonduna aid edilmir.

2.1. Təyinatından asılı olaraq, xüsusi təyinatlı mənzil fonduna aid edilən yaşayış sahələri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş aşağıdakı tələblərə cavab verməlidir:

2.1.1. xidməti yaşayış sahələri ayrıca mənzil kimi verilir. Bu məqsədlə yaşayış binası və ya onun bir hissəsi ayrıla bilər. Xidməti yaşayış sahəsinə aid ediləcək yaşayış sahəsinin üzərində yüklülüklərin olmasına yol verilmir;

2.1.2. yaşayış sahələri yataqxanalara aid edilərkən, adambaşına 6 (altı) kvadrat metrdən az olmayaraq yaşayış sahəsinin ayrılması nəzərə alınmaqla, bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş (yenidən qurulmuş, yenidən planlaşdırılmış) və təchiz edilmiş sahələr müəyyən olunur;

2.1.3. manevr fondu yaşayış sahələri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş müddətə, adambaşına 6 (altı) kvadrat metrdən az olmamaqla ayrılır;

2.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda (“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulmuş dövlət sosial xidmət müəssisələrinin) yaşayış sahələri qanunvericiliyə uyğun olaraq tibbi və sosial-məişət xidmətləri göstərilməsinə ehtiyacı olan hesab edilən vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Bu məqsədlər üçün xüsusi olaraq layihələndirilmiş və zəruri şəraiti olan binalara dair tələblər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilir;

2.1.5. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında onların təhlükəsizliyi və fəaliyyət göstərməsi üçün xüsusi olaraq inşa edilmiş və ya yenidən qurulmuş yaşayış sahələri ayrılır.

2.2. Xüsusi təyinatlı yaşayış sahələri müvafiq qanunvericiliklə müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara cavab verməlidir.

3.1. Yaşayış sahəsinin xidməti, yataqxanalarda və manevr fondu yaşayış sahələrinə aid edilməsi və ya xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi zərurəti yarandıqda, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə olunur.

3.2. Tibbi və sosial-məişət xidmətləri göstərilməsinə ehtiyacı olan hesab edilən vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi, habelə qanunvericiliklə müəyyən edilmiş kateqoriyalara aid xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların yerləşdirilməsi zərurəti yarandıqda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə olunur.

3.3. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi zərurəti yarandıqda, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ya yerli icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir.

3.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi barədə təklifə müraciət daxil olduğu vaxtdan 15 gündən gec olmayaraq baxılaraq, müraciət edən orqana razılıq və ya əsaslandırılmış imtina məktubu verilir.

3.5. Aşağıdakı əsaslardan hər hansı birinin olduğu müəyyən edildikdə, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsindən imtina edilə bilər:

3.5.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında tutulması;

3.5.2. yaşayış sahəsi üzərində yüklülüyün və ya məhdudiyyətin olması;

3.5.3. yaşayış sahəsinin müvafiq xüsusi təyinatlı yaşayış sahəsi üçün müəyyən edilən tələblərə cavab verməməsi.

3.6. Bu Qaydanın 3.5.1-ci və 3.5.2-ci bəndlərində göstərilən əsaslar aradan qaldırıldıqda, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsinə razılıq verilməlidir.

3.7. Yaşayış sahəsi müvafiq xüsusi təyinatlı yaşayış sahəsi üçün müəyyən edilən tələblərə cavab vermədikdə, çatışmazlıqların aradan qaldırılması şərtilə razılıq məktubu verilə bilər.

3.8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada razılıq verildikdə, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün ərzində qərar qəbul edilir və yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilir.

3.9. Bu Qaydanın xüsusi təyinatlı mənzil fonduna dair tələbləri nəzərə alınmaqla, mülkiyyətində yaşayış sahəsi olan bələdiyyə tərəfindən 10 gün ərzində qərar qəbul edilir və yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilir.

4.1. Yaşayış sahəsi xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə bu Qayda ilə müəyyən edilmiş prosedura uyğun olaraq keçirilir.

4.2. Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi barədə mərkəzi icra hakimiyyəti orqanının, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı ilə xüsusi təyinatlı yaşayış sahəsinə münasibətdə mülkiyyətçinin adından çıxış etməyə səlahiyyətli dövlət orqanı müəyyən edilir.

4.3. Xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər.

1. 3 noyabr 2020-ci il tarixli 437 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 noyabr 2020-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1381)

2. 26 fevral 2022-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 186)

3. 2 aprel 2024-cü il tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 6 aprel 2024-cü il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 440)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver