Qanunvericilik › Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.

Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi;

2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq onun şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.

15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir);

2) doğum haqqında şəhadətnamə;

3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.

Bu maddədə nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər.

Bu maddənin altıncı hissəsində nəzərdə tutulan qəyyumluq və himayə orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir və belə qərarlar bu maddənin beşinci hissəsinə uyğun olaraq əldə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver