13.1. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir:
13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;
13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;
13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;
13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda;
13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;
13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda;
13.1.7. məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda.
13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır.
13.3. Bu Qanunun 13.1.1-ci, 13.1.2-ci, 13.1.6-cı və 13.1.7-ci (ağaclara münasibətdə) maddələrində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir.
13.4. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır.
13.5. Qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır.
13.6. Yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir.
13.6-1. Bu Qanunun 13.1.7-ci maddəsində nəzərdə tutulan halda kolların kəsilməsi ilə bağlı bu Qanunun 13.6-2-ci maddəsinə uyğun olaraq məlumatlandırma icraatı həyata keçirilir. Barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsinə münasibətdə bu Qanunun 13.4 – 13.6-cı maddələrində nəzərdə tutulmuş tələblər tətbiq olunmur.
13.6-2. Kolların kəsilməsi üçün bu Qanunun 13.1.7-ci maddəsi ilə müəyyən edilmiş hal mövcud olduqda ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl kəsiləcək kolların sayı, cinsi, növü, hündürlüyü, fotoşəkli, həmin kolların yayıldığı ərazinin ölçüsü (hektarla), kolların kəsilməsini zəruri edən hal, kolların yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, habelə ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi (FİN-i), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, həmçinin onun vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surəti, hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə məlumat verilir. Ərizəçi tərəfindən yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 (on) təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə, ərizəçi kolların kəsilməsini həyata keçirə bilər. İrad olduqda, həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
13.7. Bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir.
13.8. Yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.