Qanunvericilik › “Yem əlavələrinə dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 18.03.2025) › Tam mətn

“Yem əlavələrinə dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 18.03.2025)

“Yem əlavələrinə dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 18.03.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 20-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci, 4.0.1-ci yarımbəndlərini və 5.10 – 5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) Kollegiyası

1. “Yem əlavələrinə dair sanitariya norma və qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Agentliyin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Agentliyin Kollegiyasının məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.

4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Agentliyin Kollegiyasının 2025-ci il 18 mart tarixli 42 nömrəli iclas protokolu.

Azərbaycan Respublikası

Qida Təhlükəsizliyi Agentliyinin sədri

1.1. “Yem əlavələrinə dair sanitariya norma və qaydaları” (bundan sonra - Qaydalar) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci, 4.0.1-ci yarımbəndlərinə uyğun olaraq hazırlanmışdır və insan sağlamlığını, heyvan sağlamlığı və rifahını, ətraf mühiti və istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə yem əlavələrinə dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydalar Avropa İttifaqının 2003-cü il 22 sentyabr tarixli 1831/2003 nömrəli (Regulation (EU) № 1831/2003 of the European Parliament and of the Council of 22 September 2003) sənədi əsasında hazırlanmışdır.

1.3. Bu Qaydalar texnoloji qarışıqlar və yem əlavəsi kimi istifadə olunan koksidiostatlar və histomonostatlar istisna olmaqla, digər baytarlıq preparatlarına, o cümlədən şəxsi istehlak üçün hazırlanan yem əlavələrinə şamil edilmir.

1.4. Bu Qaydaların əhatə dairəsinə aid edilən yem əlavələrinin yalnız aşağıdakı tələblərə cavab verdiyi halda istehsalına, emalına, istifadəsinə və dövriyyəsinə icazə verilir:

1.4.1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 25.1-ci maddəsinə uyğun olaraq qeydiyyata alındıqda;

1.4.2. bu Qaydaların 2-ci və 5-ci hissələrində nəzərdə tutulan tələblərə cavab verdikdə;

1.4.3. bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq qablaşdırıldıqda və etiketləndikdə.

1.5. Bu Qaydaların tələblərinə uyğun olmayan yem əlavələrinin istehsalına, emalına, istifadəsinə və dövriyyəsinə yol verilmir.

1.6. Qanunun 25.1-ci maddəsinə uyğun olaraq qeydiyyata alınan Qida Təhlükəsizliyi Reyestrinə (bundan sonra – Reyestr) daxil edilmiş hər bir yem əlavəsi üçün müəyyən edilmiş istifadə şərtlərinə əməl olunmaqla birbaşa istehlakçıya təqdim olunan yem əlavələrinin qarışdırılmasına icazə verilir.

1.7. Yem əlavələrinin istehsalı, emalı və dövriyyəsinə nəzarət Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən həyata keçirilir.

1.8. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.8.1. yem əlavələri – yem məhsuluna və suya məqsədli şəkildə əlavə olunan, heyvanların rasionunda çatışmayan maddələrin, mineralların və vitaminlərin mənbəyi kimi istifadə olunan üzvi, mineral və (və ya) sintetik mənşəli maddələr;

1.8.2. yem maddələri – heyvanların qidalı maddələrə olan tələbatını ödəmək məqsədilə alimentar yolla istifadəsi nəzərdə tutulan bitki və ya heyvan mənşəli və ya onların emalı nəticəsində əldə olunan məhsullar, premikslərin və yem əlavələrinin tərkibində daşıyıcı olaraq, həmçinin qarışıq yemlərin hazırlanmasında birbaşa və ya emal edilərək istifadə olunan üzvi və qeyri-üzvi maddələr;

1.8.3. antibiotiklər – mikroorqanizmlər tərəfindən sintez olunan, habelə yarımsintetik və ya sintetik üsullarla istehsal olunan, digər mikroorqanizmləri məhv edən və (və ya) inkişafının qarşısını alan antibakterial preparatlar;

1.8.4. koksidiostatlar və histomonostatlar – protozoaları məhv etmək və ya inkişafının qarşısını almaq məqsədilə istifadə edilən maddələr;

1.8.5. rasion – yaşı, fizioloji vəziyyəti və məhsuldarlığı nəzərə alınmaqla heyvanların gündəlik tələbatının təmin edilməsi məqsədilə hər heyvana sutka ərzində verilən yemlərin ümumi miqdarı və tərkibi;

1.8.6. kateqoriya – yem əlavələrini funksiyalarına və xüsusiyyətlərinə görə özündə birləşdirən qrup (texnoloji, qidalandırıcı, zootexniki və sensor əlavələr, habelə koksidiostatlar və ya histomonostatlar);

1.8.7. funksional sinif – yem əlavəsinin malik olduğu texnoloji funksiyaya (antioksidləşdirici, dad gücləndirici, rəngləndirici, qatılaşdırıcı və s.) əsasən, bu Qaydalarda göstərilən hər hansı birinə aid edildiyi sinif;

1.8.8. texnoloji qarışıq – ayrılıqda yem kimi istifadə edilməyən, yem və ya yem məhsullarının emalı zamanı texnoloji məqsədlər üçün istifadə edilən maddələr;

1.8.9. premikslər – müəyyən olunmuş resept əsasında konkret heyvan üçün hazırlanan, yemin zülal, vitamin və mineral konsentratlarının bioloji aktiv maddələrlə zənginləşdirilməsi üçün istifadə olunan, heyvanların birbaşa yemləndirilməsi üçün nəzərdə tutulmayan bir neçə yem əlavəsinin qarışığı;

1.8.10. mikroorqanizmlər – bakteriyalar, göbələklər, yosunlar, parazitar ibtidailər və parazit helmintlər, onların toksinləri və metabolitləri;

1.8.11. bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

2.1. Qeydiyyata alınmış yem əlavələrindən hazırlanan qarışıqların təkrar qeydiyyata alınması tələb olunmur. Azərbaycan Respublikası ərazisində istehsal, emal olunan və dövriyyəyə buraxılan yem əlavələri aşağıdakı tələblərə cavab verməlidir:

2.1.1. insan və heyvan sağlamlığına, ətraf mühitə mənfi təsir göstərməməlidir;

2.1.2. heyvan mənşəli məhsulların istehlak xüsusiyyətlərinə və ya keyfiyyətinə dair istehlakçını aldatmamalıdır.

2.2. Yem əlavələri bu Qaydaların 2.1-ci bəndində göstərilən tələblərdən əlavə aşağıdakı xüsusiyyətlərdən ən azı birinə malik olmalıdır:

2.2.1. yemlərin xüsusiyyətlərinə müsbət təsir göstərməlidir;

2.2.2. heyvan mənşəli məhsulların xüsusiyyətlərinə müsbət təsir göstərməlidir;

2.2.3. dekorativ balıqların və quşların rənginə müsbət təsir göstərməlidir;

2.2.4. heyvanların qidalı maddələrə olan ehtiyaclarını ödəməlidir;

2.2.5. həzm sistemindəki mikrofloraya və ya yemlərin həzm edilməsinə təsir edərək, heyvanların məhsuldarlığına və ya rifahına, heyvan mənşəli məhsulların istehsalına müsbət təsir göstərməlidir;

2.2.6. koksidiostatik və ya histomonostatik təsiri olmalıdır.

2.3. Koksidiostatlar və ya histomonostatlar istisna olmaqla, antibiotiklər yem əlavəsi kimi istifadə oluna bilməz.

2.4. Yem əlavələrinin qeydiyyatı aparıldığı zaman, onlar bir və ya bir neçə funksional siniflərə daxil edilə bilər.

3.1. Yem əlavələri funksiyalarına və xüsusiyyətlərinə görə aşağıdakı kateqoriyalara bölünür:

3.1.1. Texnoloji yem əlavələri - texnoloji məqsədlə yemlərə qatılan yem əlavələri. Bu kateqoriyaya aşağıdakı funksional siniflər daxildir:

1. “qoruyucu maddələr” – yemləri təhlükəli mikroorqanizmlərin və ya onların metabolitlərinin təsirindən qoruyan maddələr;

2. “antioksidantlar” – yem və yem maddələrini oksidləşmə prosesinin təsirindən qoruyan və saxlanma müddətini artıran maddələr;

3. “emulqatorlar” – yemin tərkibində olan müxtəlif fazalı (aqreqat hal) qarışıqları homogen hala gətirən maddələr;

4. “stabilizatorlar – yem maddələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin qorunub saxlanmasını təmin edən maddələr;

5. “qatılaşdırıcılar” – yem maddələrinin özlülüyünü artıran maddələr;

6. “gelləşdirici vasitələr” - yemləri sərtləşdirmədən gel halına salan qatılaşdırıcı maddələr;

7. “bağlayıcı maddələr” – yem maddəsi hissəcikləri arasında əlaqə yaradan maddələr;

8. “radionuklid kontaminasiyanın nəzarəti üçün istifadə edilən maddələr” – radionuklidlərin sorulmasının qarşısını alan və ya ifrazını artıran maddələr;

9. “yaprıxma əleyhinə maddələr” – yem maddəsi hissəcikləri arasında yapışmanı azaldan maddələr;

10. “turşuluq tənzimləyiciləri” – yem maddələrinin pH göstəricisini tənzimləyən maddələr;

11. “silos əlavələri” – silos yetişmə prosesini stimullaşdırmaq və qorumaq məqsədilə yemlərə qatılan ferment, mikroorqanizmlər (virus istisna olmaqla) və qoruyucu kimyəvi maddələr;

12. “denaturant maddələr” – yem əlavəsinin hazırlanmasında istifadə edilən yem maddələrinin mənşəyinin təyin olunması üçün tətbiq olunan maddələr;

13.“yemlərin mikotoksinlərlə çirklənməsinin qarşısını alan maddələr” – kif göbələklərinin sintez məhsulu olan toksiki maddələrin yemlərə təsir etməsinin qarşısını alan maddələr;

14. “gigiyenik şəraiti yaxşılaşdıran maddələr” – xüsusi mikrobioloji çirklənməni azaltmaqla yemin gigiyenik xüsusiyyətlərinə müsbət təsir göstərən maddələr və ya mikroorqanizmlər.

3.1.2. Həssas (sensor) yem əlavələri - yemə qatıldığında yemin və ya heyvan mənşəli məhsulların orqanoleptik göstəricilərini (rəng, dad, qoxu və s.) yaxşılaşdıran və ya dəyişdirən yem əlavələri. Bu kateqoriyaya aşağıdakı funksional siniflər daxildir:

1. “rəngləndirici maddələr” – yem maddələrinə rəng verən və ya rəngini dəyişən, heyvanların yemləndirilməsində istifadə edilərkən heyvan mənşəli məhsullara rəng verən və dekorativ balıqların və quşların rənginə təsir edən maddələr;

2. “aromatik maddələr” – yem maddələrinə əlavə edildikdə yemin qoxusunu və dadını yaxşılaşdıran və ya artıran maddələr.

3.1.3. Qidalandırıcı yem əlavələri, bu kateqoriyaya aşağıdakı funksional siniflər daxildir:

1. “Vitaminlər, provitaminlər və kimyəvi xüsusiyyətlərinə görə oxşar təsir göstərən maddələr”;

2. “Mikroelement birləşmələri”;

3. “Aminturşuları, onların duzları və analoqları”;

4. “Karbamid və onun törəmələri”.

3.1.4. Zootexniki yem əlavələri – heyvanların məhsuldarlığına müsbət təsir edən yem əlavələri. Bu kateqoriyaya aşağıdakı funksional siniflər daxildir:

1. “həzm gücləndiriciləri (fermentlər)” – yem rasionuna daxil edildikdə yemlərin həzməgediciliyini artıran maddələr;

2. “bağırsaq mikroflorası tənzimləyiciləri” – yem rasionuna əlavə edildikdə heyvanların bağırsaq mikroflorasına müsbət təsir göstərən mikroorqanizmlər və ya kimyəvi maddələr;

3. “digər zootexniki yem əlavələri” – texnoloji məqsədlə yemə əlavə edilən və yemin xüsusiyyətlərinə müsbət təsir göstərən maddələr və ya mikroorqanizmlər;

4. “fizioloji vəziyyət stabilizatorları” – sağlam heyvanlar yemləndirildikdə onların fizioloji vəziyyətinə, o cümlədən stress faktorlarına qarşı davamlılığına müsbət təsir göstərən maddələr və ya mikroorqanizmlər.

3.1.5. koksidiostatik və histomonostatik yem əlavələri - tərkibi koksidiostatlar və histomonastatlardan ibarət yem əlavələri.

4.1. Hər bir yem əlavəsi və ya premiksin qablaşmasının üzərində Azərbaycan dilində aşağıdakı məlumatlar dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən, asan oxunan və silinməyən şəkildə göstərilməlidir:

4.1.1. funksional sinifin adına görə yem əlavəsinə verilən ad;

4.1.2. mövcud olduğu halda xüsusi saxlanma və (və ya) istifadə şərtləri;

4.1.3. istehsalçı və mövcud olduğu halda qablaşdırıcı və (və ya) idxalçı və (və ya) distribyutor müəssisənin adı və ya hüquqi adı, faktiki ünvanı;

4.1.4. bərk və ya toz halında olan yem əlavələri və premikslər üçün xalis çəki, maye halında olan yem əlavələri və premikslər üçün isə xalis çəki və ya xalis həcm;

4.1.5. istifadə təlimatı, istifadəsi ilə bağlı təhlükəsizlik tövsiyələri və yem əlavəsi və ya premiksin istifadəsi üçün nəzərdə tutulan heyvan növləri və kateqoriyaları da daxil olmaqla, istifadəsinə dair xüsusi tələblər;

4.1.6. məhsulun qeydiyyat (identifikasiya) nömrəsi;

4.1.7. məhsulun partiya və ya seriya nömrəsi;

4.1.8. istehsal tarixi və yararlılıq müddəti və ya son istifadə tarixi.

4.2. Yem və içməli suda istifadə zamanı miqdar məhdudiyyətinə məruz qalan aromatik birləşmələr istisna olmaqla, digər aromatik maddələr üçün ayrı-ayrı birləşmələrin siyahısı əvəzinə "aromatik birləşmələrin qarışığı" ifadəsi istifadə edilə bilər.

4.3. Aşağıdakı yem əlavələrinin etiketlənməsi zamanı bu Qaydaların 4.1-ci bəndində qeyd edilənlərlə yanaşı, digər məlumatlar da göstərilməlidir:

4.3.1. zootexniki əlavələr, koksidiostatlar və histomonostatlar:

- məhsulun konsentrasiyası.

- fermentativ təsirinə görə aktiv maddənin və ya komponentin adı;

- fermentin aktivliyi (hər qram və ya millilitr üçün aktivlik vahidi);

- məhsulun konsentrasiyası.

4.3.3. Mikroorqanizmlər:

- ştammın qeydiyyat nömrəsi;

- qramda koloniya yaradan vahidlərin sayı.

4.3.4. Qidalandırıcı əlavələr:

- aktiv maddənin miqdarı.

4.3.5. Digər texnoloji və həssas (sensor) əlavələr (aromatik maddələr istisna olmaqla):

- aktiv maddənin miqdarı.

4.3.6. Aromatik maddə:

- premikslərə qatılma miqdarı.

4.4. Premikslərin etiketində böyük hərflərlə yazılmış "PREMİKS" (“PREMİX”) sözü aydın şəkildə əks olunmalı və daşıyıcı maddə göstərilməlidir. Əgər daşıyıcı olaraq su istifadə edilərsə, bu zaman nəmlik barədə məlumat qeyd olunmalıdır. Etiket məlumatlarında premiksin yararlılıq müddəti və uyğun saxlanma şəraiti göstərilməlidir. Premiks üçün onun hər bir komponentinin yararlılıq müddətləri əsasında yalnız bir yararlılıq müddəti müəyyən edilməlidir. Tərkibində silos əlavələri olan premikslərin etiketlənməsində “PREMİKS” (“PREMİX”) sözündən sonra “silos əlavəsi” sözləri də qeyd edilməlidir.

4.5. Bir-biri ilə və ya digər yem maddələri ilə qarışdırılaraq qablaşdırılan yem əlavələrinin tərkibində olan bütün maddələrin faizlə miqdarı onun etiketində azalan sıra ilə göstərilir.

4.6. Yem əlavələri və premikslərin qablaşdırılması dövriyyənin bütün mərhələlərində onların təhlükəsizliyi və keyfiyyətini təmin etməlidir. Yem əlavələri və premikslər qapalı paketlərdə və ya qablaşması açıldıqdan sonra təkrar istifadə edilə bilməyən qapalı formada qablaşdırılaraq satışa çıxarıla bilər.

4.7. Qida məqsədilə yetişdirilən heyvanların yemlərinə qatılmaq üçün hazırlanmış yem əlavələri (texnoloji yem əlavələri, həssas (sensor) yem əlavələri, aromatik maddələr, fermentlər, aminturşular və bağırsaq flora sabitləyicilər istisna olmaqla) və premikslərin qablaşdırılmasının çəkisi 0.5 kq-dan az olmamalıdır. Yem əlavələri və premikslər baytarlıq preparatı təsəvvürü yarada biləcək şəkildə (inyeksiya və sprey formasında) qablaşdırılmamalıdır. Etiket və istifadə təlimatında, yem məqsədi xaricində istifadə və ya baytarlıq preparatı təsəvvürü yarada biləcək şəkil, ifadə və digər məlumatlar verilə bilməz.

5.1. Bu Qaydalar əsasında yemlərdə istifadəsinə icazə verilən yem əlavələrinin maksimum miqdarının çox olmaması üçün yem əlavələri yemə qatılarkən, yem rasionunun tərkibindəki digər yem maddələrində mövcud olan maddələrin miqdarları da nəzərə alınmalıdır.

5.2. Yem əlavələrinin arzu olunan təsirinin təmin edilməsi üçün komponentləri arasında fiziki-kimyəvi və bioloji uyğunluğu olan premikslərə və yem maddələrinə qarışdırılmasına icazə verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver