Qanunvericilik › Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtlərinin təsdiq edilməsi barəsində (Nazirlər Kabinetinin qərarı, 08.11.1999) › Tam mətn

Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtlərinin təsdiq edilməsi barəsində (Nazirlər Kabinetinin qərarı, 08.11.1999)

Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtlərinin təsdiq edilməsi barəsində (Nazirlər Kabinetinin qərarı, 08.11.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtlərinin təsdiq edilməsi barəsində

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtləri" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 8 noyabr 1999-cu il № 175

1.1. Bu Qaydalar «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanununa və «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtlərini müəyyən edir.

1.2. Yerin təki haqqında geoloji informasiya (bundan sonra — geoloji informasiya) Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər Dənizinin (gölünün) ona mənsub olan bölməsi daxilində yer təkinin öyrənilməsi üzrə geoloji planaalma, axtarış, kəşfiyyat, elmi-tədqiqat işləri və istismarı nəticəsində əldə edilən bütün geoloji, geofiziki, geokimyəvi, hidrogeoloji və mühəndis-geoloji, kompleks geoekoloji, aero və kosmogeoloji, yeraltı suların rejimi və balansı və zəlzələlərin proqnozlaşdırılmasına aid məlumatlardan ibarətdir.

1.3. Geoloji informasiya Azərbaycan Respublikasına mənsubdur və onun üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qorunur.

1.4. Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri (bundan sonra — ərizəçilər) qanunvericiliklə müəyyən edilmiş qaydada geoloji informasiyadan istifadə etmək hüququna malikdirlər.

1.5. Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqq alınır.

II. Geolojİ İnformasİyadan İstİfadə qaydası

2.1. Geoloji informasiyadan istifadə etmək üçün ərizəçilər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (budan sonra - ETSN) aşağıdakı sənədləri təqdim etməlidirlər:

2.1.1. ETSN sədrinin adına ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı; fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, pasport məlumatları (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı).

2.1.2. sifariş olunan geoloji informasiyanın siyahısı və ondan istifadə forması*.

2.2. Geoloji informasiyadan istifadə formaları aşağıdakılardır:

2.2.1. geoloji informasiya ilə ümumi tanışlıq (köçürmə və çıxarışlar edilməsinə icazə verilməmək şərtilə);

2.2.2. geoloji informasiyanın müəyyən hissələrinin surətinin çıxarılması və sifarişçiyə verilməsi;

2.2.3. geoloji informasiyanın tam surətinin çıxarılması və sifarişçiyə verilməsi.

2.3. Geoloji informasiyadan istifadə üçün təqdim olunan ərizə və bu Qaydaların 2.1 bəndində göstərilən sənədlər ETSN-nin Dövlət Geoloji İnformasiya Fondu tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, 15 gündən gec olmamaqla baxılır, çatışmazlıqlar olmadıqda geoloji informasiyanın verilməsi barədə qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla geoloji informasiyanın verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.4. Sifariş olunan geoloji informasiya ərizəçilərə ondan istifadəyə görə haqq müvafiq hesaba ödənildikdən sonra 5 gün müddətində verilir.

III. Geolojİ İnformasİyadan İstİfadənİn şərtlərİ

3.1. Ərizəçiyə sifariş olunan geoloji informasiyanın yalnız surəti verilir.

3.2. Dövlət sirri olan geoloji informasiyadan istifadəyə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun icazə verilir.

3.3. Müəssisələr, təşkilatlar və vətəndaşlar onların öz maliyyə vəsaitləri hesabına hazırlanmış və Dövlət Geoloji İnformasiya Fonduna verilmiş geoloji informasiyadan istifadənin şərtlərini müəyyən edir.

3.4. Bu Qaydalara uyğun ərizəçilərin istifadəsinə verilmiş geoloji informasiya üçüncü tərəfə ötürülə bilməz.

3.5. Ərizəçilər geoloji informasiyadan istifadənin bütün hallarında onun məxfiliyinin qorunmasını təmin etməlidirlər.

3.6. Ərizəçi sifariş etdiyi geoloji informasiyadan istifadənin şərtləri ilə tanış olmalıdır.

* Sifariş olunan geoloji informasiya məxfi olduqda, məxfiliyin dərəcəsindən asılı olaraq sənədlərdən istifadəyə icazə verən arayış təqdim olunmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver