Yerin təkindən istifadənin növləri aşağıdakılardır:
geoloji və geoekoloji öyrənmə;
faydalı qazıntıların çıxarılması;
dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə;
faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı;
elmi, mədəni, estetik, müalicə-sağlamlıq əhəmiyyətlərinə malik xüsusi mühafizə edilən geoloji obyektlərin (elmi və tədris sınaq meydanları, geoloji qoruqlar, yasaqlıqlar, təbiət abidələri, mağaralar və digər yeraltı boşluqlar) yaradılması;
mineraloji, paleontoloji və digər geoloji kolleksiya materiallarının toplanması, arxeoloji qazıntıların aparılması;
su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi.
Yerin təki onun geoloji öyrənilməsi (axtarış, kəşfiyyat) və faydalı qazıntıların çıxarılması məqsədilə eyni zamanda istifadəyə verilə bilər. Bu halda faydalı qazıntılar həm yer təkinin geoloji öyrənilməsi prosesində, həm də bu işlər qurtardıqdan sonra çıxarıla bilər.
Radioaktiv xammalın çıxarılması və radioaktiv tullantıların, zərərli maddələrin basdırılması üçün yer təkinin istifadəsi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.