1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Hava Məcəlləsi”nə, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli 782 N-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaları”na və “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onu verən icra hakimiyyəti orqanlarının siyahısı”na əsasən hazırlanmışdır.
Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinə uyğun hazırlanmış “Yerli hava yollarında istifadə olunan sərnişin bileti” (forma N HYSB-1) və “Baqaj qəbzi” (forma NBQ-1) bundan sonra ciddi hesabat blankları adlandırılacaq.
1.2. “Yerli hava yollarında istifadə olunan sərnişin bileti”nin (forma HYSB-1) və “Baqaj qəbzi”nin (forma BQ-1) forma və rekvizitləri və onlardan istifadə qaydaları” sərnişin daşınması ilə məşğul olan aviasiya müəssisələrində mühasibat uçotunun düzgün aparılmasını və həmin sərnişinlərlə nağd (pullu) hesablaşmaların mövcud qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etmək məqsədilə hazırlanmış və “Azərbaycan Hava Yolları” Dövlət Konserninin tabeliyində olan və sisteminə daxil edilən müəssisələrə şamil edilir.
1.3. Ciddi hesabat blanklarının forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırıldıqdan, “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən təsdiq edildikdən və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra eyni seriya və nömrə ilə çap ediləcək nüsxələrin miqdarı qanunvericilikdə nəzərdə tutulduğu kimi, yalnız Maliyyə Nazirliyinin xüsusi razılıq (lisenziya) verdiyi şəxs (mətbəə) tərəfindən sifarişçilərin vəsaiti hesabına çap edilir.
1.4. “Yerli hava yollarında istifadə olunan sərnişin bileti”nin (forma HYSB-1) və “Baqaj qəbzi”nin ( forma NBQ-1) forma və rekvizitləri və onlardan istifadə qaydaları”nın Azərbaycan Respublikasının yerli hava yollarında tətbiqi “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən həyata keçirilir.
2.1. Xüsusi razılıq (lisenziya) verilmiş şəxs (mətbəə) tərəfindən ciddi hesabat blanklarının üzərində aşağıdakı rekvizitlər mütləq həkk edilir:
- müəssisənin tam adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-i) və digər lazımi göstəriciləri;
- ciddi hesabat blanklarını çap edən mətbəənin özünümüdafiə məqsədilə özünün gizli nişanları (şərti qəbul edilmiş emblem, tor və s.) və VÖEN-i;
- ciddi hesabat blanklarının adı, seriya və nömrəsi.
2.2. Hər hansı bir sifarişçi üçün eyni adda, eyni seriyada və eyni nömrədə ciddi hesabat blanklarından təkrar çap etmək qadağan edilir.
2.3. Ciddi hesabat blanklarının istifadəsinə nəzarət onun seriya və nömrələrinə əsasən həyata keçirilir.
Ciddi hesabat blanklarının üzərində həkk olunan seriyalar Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilir.
2.4. Xüsusi razılıq (lisenziya) verilmiş şəxs (mətbəə) ciddi hesabat blanklarının adını, seriyasını, nömrəsini və digər lazımi göstəricilərini, eyni zamanda onları sifariş edən şəxsin (sifarişçinin) adını, VÖEN-i, ünvanını və digər lazımi göstəricilərini özündə əks etdirən məlumatı hər ay Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Vergilər Nazirliyinə təqdim edir.
2.5. Ciddi hesabat blanklarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisənin anbarında saxlanılmaqla uçotu aparılır, müəssisə rəhbərinin icazəsi ilə anbardan təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir və onlarla tam maddi-məsuliyyət barədə nümunəvi fərdi müqavilə bağlanılır. Verilmiş ciddi hesabat blanklarının uçotu “Ciddi hesabat blankları” adlı balansarxası hesabda, mədaxil və məxaric üzrə hərəkətinin qeydiyyatı isə əmlakın (qiymətlilərin) uçot kartı forma N-1Q-də materialların uçotu qaydasında aparılır.
2.6. Ciddi hesabat blanklarını cırmaq, pozmaq, ləkələmək və onların üzərində düzəliş aparmaq olmaz (korlanmış ciddi hesabat blanklarının əvəzinə başqası doldurulur). Korlanmış ciddi hesabat blankları müvafiq qaydada mühasibatlığa təhvil verilir. Mühasibatlıqda yoxlama (təftiş) keçirildikdən sonra həmin blanklar sənədlərin arxivə təhvil verilməsi üçün mövcud olan müvafiq qaydalar əsasında arxivə təhvil verilir.
2.7. Ciddi hesabat blankları itirildikdə bu barədə 3 nəfərin imzası ilə akt tərtib olunmaqla, qəzetə elan verilir və həmin blankları itirən təsərrüfat subyektinin qeydiyyatda olduğu vergi orqanına, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Vergilər Nazirliyinə müvafiq məlumat verilir.
2.8. “Yerli hava yollarında istifadə olunan sərnişin bileti” (forma HYSB-1) iki nüsxədən: “Yerli hava yollarında istifadə olunan sərnişin biletinin kötüyü”ndən və “Yerli hava yollarında istifadə olunan sərnişin bileti”ndən ibarətdir.
“Yerli hava yollarında istifadə olunan sərnişin biletinin kötüyü”nə və “Yerli hava yollarında istifadə olunan sərnişin bileti”nə mətbəə tərəfindən eyni seriya və eyni nömrələr həkk edilir. Bu sənəd xüsusi surətçıxaran kağızda elə çap edilir ki, bileti və kötüyünü üst-üstə qoyub dolduran zaman onun kötüyünə biletin surəti çıxa bilsin.
“Yerli hava yollarında istifadə olunan sərnişin bileti” sərnişin biletinin dəyərini ödəyən şəxsdə (sərnişində), kötüyü isə hesabat vermək və nəzarət etmək üçün sərnişin daşınması ilə məşğul olan hüquqi şəxsdə (icraçıda) qalır.
“Yerli hava yollarında istifadə olunan sərnişin bileti” və onun kötüyü iki hissədən - “Yerli hava yollarında istifadə olunan sərnişin bileti”nin və onun kötüyünün sərnişin kuponundan və “Yerli hava yollarında istifadə olunan sərnişin bileti”nin və onun kötüyünün uçuş kuponundan ibarətdir.
“Yerli hava yollarında istifadə olunan sərnişin bileti”nin və onun kötüyünün hər iki hissəsi eyni rekvizitlərə malikdir.
2.9. “Baqaj qəbzi” (forma BQ-1) üç nüsxədən ibarətdir: “Baqaj qəbzinin kötüyü”ndən, “Baqaj qəbzi”ndən və “Baqaj qəbzinin surəti”ndən.
“Baqaj qəbzinin kötüyü”nə, ”Baqaj qəbzi”nə və “Baqaj qəbzinin surəti”nə mətbəə tərəfindən eyni seriya və eyni nömrələr həkk edilir. Bu sənəd xüsusi surətçıxaran kağızda elə çap edilir ki, bileti və kötüyünü üst-üstə qoyub dolduran zaman onun kötüyünə biletin surəti çıxa bilsin.
“Baqaj qəbzi” sərnişində, kötüyü isə hesabat vermək və nəzarət etmək üçün sərnişin daşınması ilə məşğul olan hüquqi şəxsdə (icraçıda) qalır. “Baqaj qəbzinin surəti” baqaja verilən yükün üzərinə yapışdırılır. Həmin yük geri alınan zaman onun üstündəki “Baqaj qəbzinin surəti” yük sahibindəki “Baqaj qəbzi” ilə tutuşdurulduqdan sonra sahibinə verilir.
3.1. “Yerli hava yollarında istifadə olunan sərnişin bileti”nin (forma NHYSB-1) rekvizitləri aşağıdakı kimi doldurulur:
- ”Satılma tarixi” rekvizitində biletin satılma tarixi (gün, ay, il) yazılır;
- “M.Y” rekvizitində hüquqi şəxsin möhürü vurulur;
- “Soyadı, adı, atasının adı” rekvizitində sərnişin soyadı, adı, atasının adı göstərilir;
- “Şəxsi sənəd” rekvizitində sərnişin qeydiyyat vəsiqəsinin və ya pasportunun seriya, nömrəsi və verilmə tarixi göstərilir;
- “Haradan” rekvizitində hava gəmisinin uçuşunun başlanğıc yeri göstərilir;
- “Reys” rekvizitində hava gəmisinin uçuş reysinin nömrəsi göstərilir;
- “Tarix” rekvizitində hava gəmisinin reysinin tarixi göstərilir;
- “Vaxt” rekvizitində hava gəmisinin reysinin uçuş vaxtı göstərilir;
- “Yer” rekvizitində hava gəmisinin sərnişin salonunda oturacaq yerinin nömrəsi göstərilir;
- “Baqaj” rekvizitində sərnişin tərəfindən baqaj qismində daşınan 30 kq-dan artıq olmayan çəkidə əşyanın yerinin nömrəsi və çəkisi göstərilir;
- “Haraya” rekvizitində hava gəmisinin uçuşunun son təyinat yeri göstərilir;
- “Biletin növü” rekvizitində biletin müvafiq növü göstərilir;
- “İmtiyazın növü” rekvizitində imtiyazın növü göstərilir;
- “Ödəniş növü” rekvizitində ödəniş növü göstərilir;
- “Tarif” rekvizitində tarif üzrə daşıma haqqının məbləği manatla göstərilir;
- “Yığım” rekvizitində tutulan yığımın məbləği manatla göstərilir;
- “Əlavə sənəd” rekvizitində qanunvericiliklə müəyyən edilmiş qaydada əlavə tələb olunan və sərnişin tərəfindən təqdim edilən sənədin adı, seriyası, nömrəsi, verilmə tarixi göstərilir;
- “Cəmi” rekvizitində daşıma haqqının qiyməti manatla göstərilir.
3.2. “Baqaj qəbzi”nin (forma N BQ-1) rekvizitləri aşağıdakı kimi doldurulur:
- “Marşrut” rekvizitində hava gəmisinin uçuşunun başlanğıc və son təyinat yeri göstərilir;
- “Reys” rekvizitində hava gəmisinin uçuş reysinin nömrəsi göstərilir;
- “Tarix” rekvizitində hava gəmisinin reysinin tarixi göstərilir;
- “Ümumi çəki” rekvizitində yükün ümumi çəkisi göstərilir;
- “Ödənilən çəki” rekvizitində yükün ödənilən çəkisi göstərilir;
- “N-li biletə” rekvizitində sərnişin soyadı, adı, atasının adı və hava gəmisinin sərnişin salonunda oturacaq yerinin nömrəsi göstərilir;
- “1 kq üçün tarif” rekvizitində tarif üzrə 1kq yükün daşıma haqqının məbləği manatla göstərilir;
- “Qiymətli əşya üçün” rekvizitində qiymətli əşyanın daşıma haqqının məbləği manatla göstərilir;
- “Yükün bildirilən qiyməti” rekvizitində yükün bildirilən qiyməti göstərilir;
- “Nağd pulla” rekvizitində nağd pulla ödənilən məbləğ manatla göstərilir;
- “Sənəd üzrə” rekvizitində sənəd üzrə ödənilən məbləğ manatla göstəlir;
- “Sənədin seriyası və nömrəsi” rekvizitində təqdim edilən sənədin seriyası və nömrəsi;
- “M.Y” rekvizitində hüquqi şəxsin möhürü vurulur;
- “İcraçı” rekvizitində məsul şəxs soyadını, adını, atasının adını göstərməklə imza edir və tarix yazır.
4.1. Bu Qaydaların tələblərini pozanlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.