Qanunvericilik › Yerli rəy sorğusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Yerli rəy sorğusu günü səsvermə

Yerli rəy sorğusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yerli rəy sorğusu günü səsvermə saat 8-dən 20-dək keçirilir.

Məntəqə rəy sorğusu komissiyaları səsvermə gününə azı 10 gün qalmış səsvermənin yeri və vaxtı haqqında media ilə və ya digər üsullarla vətəndaşları xəbərdar etməlidirlər.

Yerli rəy sorğusu günü saat 8-də məntəqə rəy sorğusu komissiyasının sədri yerli rəy sorğusu məntəqəsini açıq elan edir, müşahidəçilərə boş səsvermə qutularını göstərib möhürləyir, daha sonra məntəqə yerli rəy sorğusu komissiyasının üzvlərini səsverməyə başlamağa dəvət edir.

Vətəndaş sorğu bülletenini aldıqdan sonra yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısına şəxsiyyət vəsiqəsinin (pasportunun) seriyasını və nömrəsini yazır.

Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin (pasportun) seriyası və nömrəsi yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısına vətəndaşın razılığı ilə məntəqə yerli rəy sorğusu komissiyasının üzvü tərəfindən də qeyd edilə bilər.

Vətəndaş yazıların düzgünlüyünü yoxlayır və imza edir. Vətəndaşın sorğu bülletenini sərbəst almaq imkanı olmadıqda o, məntəqə yerli rəy sorğusu komissiyasının üzvləri və müşahidəçilər istisna edilməklə, başqa şəxslərin köməyindən istifadə edə bilər. Vətəndaşa kömək edən şəxs öz soyadını göstərməklə yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısının "sorğu bülletenini alması haqqında imza" qrafasında imza etməlidir.

Sorğu bülleteni vətəndaşa verilərkən onun kəsilmə xətti ilə işarələnmiş sol küncü məntəqə rəy sorğusu komissiyasının üzvündə qalır. Hər bir vətəndaş şəxsən səs verir. Başqa şəxslərin əvəzinə səs verməyə icazə verilmir.

Sorğu bülleteni vətəndaşdan başqa heç kəsin daxil olmasına icazə verilməyən gizli səsvermə üçün xüsusi avadanlıqla təchiz edilmiş kabinədə doldurulur.

Vətəndaş səsverməyə çıxarılan məsələ üzrə öz iradəsini bildirmə variantlardan ("lehinə" və "əleyhinə") birini pozur.

Sorğu bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan vətəndaş məntəqə rəy sorğusu komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün kabinəyə dəvət edə bilər. Bu şəxsin soyadı yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısında sorğu bülleteni alınması barədə vətəndaşın imzası ilə birgə göstərilir.

Səsvermə qutuları məntəqə rəy sorğusu komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulmalıdır.

Məntəqə rəy sorğusu komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Məntəqə rəy sorğusu komissiyası sədrinin bu Qanunun tələblərindən irəli gələn sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Vətəndaşın öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan məntəqə rəy sorğusu komissiyasının üzvü işindən kənarlaşdırılır, müşahidəçi isə təxirəsalınmadan otaqdan çıxarılır. Bu barədə qərarı məntəqə rəy sorğusu komissiyası qəbul edir.

Səsvermədə iştirak edən vətəndaşlardan, rəy sorğusu komissiyasının üzvlərindən, müşahidəçilərdən, media subyektlərinin nümayəndələrindən başqa, digər şəxslərin yerli rəy sorğu məntəqəsində olmaları qadağandır. Yerli rəy sorğusu günü polis orqanlarının işçiləri yerli rəy sorğusu məntəqəsinə yalnız formada və məntəqə yerli rəy sorğusu komissiyasının qərarı ilə ictimai asayişin bərpa edilməsi məqsədilə daxil ola bilərlər. İctimai asayiş bərpa edildikdən sonra formada olan polis orqanlarının işçisi dərhal yerli rəy sorğusu məntəqəsini tərk etməlidir.

Vətəndaş sorğu bülletenini doldurarkən səhv etdiyini bildirdikdə, ona sorğu bülleteni vermiş məntəqə rəy sorğusu komissiyası üzvündən sıradan çıxmış sorğu bülleteninin əvəzinə yeni bülleteni verməsini xahiş edə bilər. Bu halda komissiyanın üzvü vətəndaşa yeni sorğu bülleteni verir, yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısında isə vətəndaşın soyadından sağda müvafiq qeyd edir. Sıradan çıxmış sorğu bülleteni sonradan ləğv edilir və bu barədə ayrıca akt tərtib olunur.

Vətəndaş yerli rəy sorğusu günü səhhətinə görə və ya digər üzrlü səbəblərdən yerli rəy sorğu məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, yerli rəy sorğu gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə rəy sorğu komissiyasına bildirməlidir.

Məntəqə rəy sorğu komissiyası bütün vətəndaşlara, o cümlədən səhhətinə görə və ya digər üzrlü səbəblərdən səsvermə otağına gələ bilməyən vətəndaşlara səsvermədə iştirak etmək imkanı yaratmalıdır. Bu məqsədlər üçün yerli rəy sorğu məntəqəsində məntəqə rəy sorğu komissiyasının qərarı ilə müəyyən edilmiş miqdarda daşınan səsvermə qutuları olmalıdır.

Vətəndaş səsvermə otağından kənarda səs vermək istəyini yazılı surətdə bildirməyibsə, o, məntəqə rəy sorğu komissiyası üzvlərinin yanında ərizə yazmalıdır. Ərizədə vətəndaş haqqında yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısındakı məlumatlar göstərilməlidir.

Məntəqə rəy sorğu komissiyasının daşınan səsvermə qutusu ilə gedən üzvləri ərizələrin sayına uyğun yerli rəy sorğusu bülletenləri alırlar.

Vətəndaşın yerli rəy sorğusu məntəqəsindən kənarda səs verməsi eyni vaxtda yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısında ayrıca qeyd olunur. Səsvermə otağından kənarda keçirilən səsvermədə müşahidəçilərin iştirak etmək hüququ vardır. Məntəqə rəy sorğu komissiyasının üzvləri daşınan səsvermə qutusunu səsvermə otağına qaytardıqdan sonra bu qutu səslərin hesablanmasınadək açılmır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver